- 20 Fevral 20:43
Bakıda 20 yaşlı gənc oğlan "TikTok"da tanış olduğu şəxsə qarşı soyğunçuluq edib.
E-huquq.az xəbər verir ki, Sabunçu Rayon Məhkəməsində keçirilən prosesdə Amil adlı təqsirləndirilən şəxs deyib ki, "TikTok" sosial şəbəkəsində Teymur adlı şəxslə tanış olub."TikTok" sosial şəbəkəsində Teymur adlı şəxslə Cavidan adı ilə yazışdıqdan sonra Teymuru onunla birlikdə pivə içmək üçün Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsinə dəvət edib. Teymurla ilk dəfə 18 sentyabr 2024-cü il tarixdə saat 01 radələrində Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi 2 Aprel küçəsində görüşərkən Teymurun rayondan olan avam bir şəxs olmasını və şəhəri yaxşı tanımamasını görüb. O Teymurun əlində mobil telefonu görüb onun əlində olan mobil telefonunu götürüb talamaq istəyib. Bu məqsədlə Teymurla məhəllər arası qaranlıq küçədə piyada gedərkən qəfildən onun əlindən mobil telefonunu dartaraq alıb bazar istiqamətində qaçmağa başlayıb. Teymur onun arxasıca qışqırıb qaçsa da o Teymurun qışqırığına məhəl qoymadan onun mobil telefonunu əlində saxlayaraq qaçmaqda davam edib məhəllələr arası gözdən itib yaşadığı evə gəlib. Evə gəldikdən sonra Teymurdan taladığı modelli mobil telefonun abonent nömrə kartını telefonun içindən çıxardıb tullayıb. Evdə olarkən Teymurun mobil telefonunu talamağa peşman olub və fikirləşib ki, Teymur yenidən "TikTok" sosial şəbəkəsinə daxil olarsa, onunla danışıb yenidən görüşərək etdiyi hərəkətə görə ondan üzürxaqlıb edib mobil telefonunu özünə qaytarar. Səhər olandan sonra Teymurun "TikTok" sosial şəbəkəsinə daxil olmadığını görüb həmin mobil telefonu gələcəkdə Teymura qaytarmaq üçün ailə üzvlərinə məlumat vermədən yaşadığı evdə gizlədib.
O, törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini və dəymiş ziyanı tam ödədiyini deyib.
Zərərçəkmiş şəxs qismində ifadə verən Teymur baş vermiş hadisə nəticəsində Amilin ona fiziki zor tətbiq etmədiyini, həmin hadisə zamanı hər hansı bir xəsarət almadığını bildirib. Deyib ki, baş vermiş hadisə nəticəsində ona 400 manat məbləğində maddi ziyan yetirilib. Hazırda ona dəymiş zərər ödənilib və o, təqsirləndirilən şəxslə barışıb.
Sabunçu Rayon Məhkəməsinin hakimi Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə Amil Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.
Şəbnəm Mehdizadə