- 17:21
Fövqəladə Hallar Nazirliyinin əməkdaşı bacısının həyat yoldaşına xəsarət yetirməkdə təqsirləndirilib.
E-huquq.az-ın məlumatına görə, Xəzər Rayon Məhkəməsində keçirilən iclasda təqsirləndirilən şəxs deyib ki, zərərçəkmiş şəxs Elnur onun bacısının yoldaşıdır.
Bir müddət olar ki, bacısı yoldaşından ayrılaraq onların evinə gəlib. Bir gün günorta saatlarında evdə olarkən Elnurun onlara gəldiyini görüb. Bu zaman bacısı Elnurla söhbət etmək istəmədiyini bildirib. Elnur israrla bacısı ilə görüşmək istədiyini bildirib. Bu səbəbdən aralarında sözlə mübahisə yaranıb. Bundan sonra Elnur bildirib ki, gedək evdən bir qədər kənarda söhbət edək. O da Elnurla razılaşaraq sonuncunun maşınına əyləşib. Bir qədər hərəkət etdikdən sonra Elnurun idarə etdiyi “Toyota Prius” markalı avtomobildə Elnur ilə söhbət edərkən aralarında mübahisə yaranıb və sonuncu əsəbiləşib əlini hərəkətdə olan avtomobilinin sükanından buraxaraq onun yaxasından tutub. Bu zaman avtomobilin qarşısına uşaq çıxıb və Elnur sükanı çevirərək yoldan çıxıb divara çırpılıb. Qəza nəticəsində arxa görünüş güzgüsü qırılıb və Elnur həmin güzgü ilə onu vurmaq istəyib. Bu zaman Elnurun paltarını (köynəyini) arxadan qaldıraraq başına keçirib ki, sonuncu ondan əl çəksin. Bundan sonra iti addımlarla evinə doğru gedib. Hadisə zamanı Elnuru vurmayıb. Hadisə zamanı işsiz olub. Vətən Müharibəsi iştirakçısı olduğundan hadisədən bir müdət sonra sürücü kimi Fövqəladə Hallar Nazirliyinə işə qəbul edilib. Hal-hazırda da Fövqəladə Hallar Nazirliyində həqiqi hərbi xidmətdədir. Zərərçəkmiş şəxs ona hədə-qorxu gəlməklə şantaj edərək barışıq üçün bacısı uşağının onun himayəsinə verilməsini istəyir. Bu səbəbdən də aralarında barışıq olmayıb.
Əvvəlki məhkəmə iclasında isə Elnur deyib ki, avtomobildə Allahverdi ilə söhbət edərkən aralarında mübahisə yaranmıb və bu zaman Allahverdi onun üzündən əli ilə vurub. O, əsəbiləşib əlini hərəkətdə olan avtomobilinin sükanından buraxdığından avtomobil yoldan çıxıb divara çırpılıb. Avtomobildən düşdükdən sonra Allahverdi əli ilə onun üz və kürək nahiyyəsindən, eləcə də ayağı ilə onu vuraraq xəsarət yetirib. Zərərçəkmiş deyib ki, Allahverdi ilə barışmayıb, ona qarşı şikayətçidir.
Hakim Emin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Allahverdiyə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək ona 1200 (min iki yüz) manat miqdarında cərimə cəzası təyin edilib.
Şəbnəm Mehdizadə