Bakı Apellyasiya Məhkəməsində ötən il görülmüş işlərlə bağlı hesabatlar dinlənildi - FOTO


  • 10:10

Fevralın 7-də Bakı Apellyasiya Məhkəməsi tərəfindən 2024-cü ildə ədalət mühakiməsinin həyata keçirilməsi ilə əlaqədar fəaliyyətinə və görülmüş işlərə dair məhkəmənin Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilib.

Bu barədə e-huquq.az-a Bakı Apellyasiya Məhkəməsindən məlumat verilib.

Ötən ilin yekunlarına həsr olunmuş iclasda Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov, sədrin müavini, kollegiya sədrləri və hakimləri, Azərbaycan Respublikası Ali Məhkəməsinin kollegiya sədrləri Hafiz Nəsibov, Sənan Hacıyev, Xəqani Məmmədov və Kəmalə Abıyeva, habelə Bakı Apellyasiya Məhkəməsinin ərazi yurisdiksiyasına daxil olan birinci instansiya məhkəmələrinin sədrləri və hakimləri iştirak ediblər.

İclası giriş sözü ilə açan Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov tərəfindən ölkə başçısı cənab İlham Əliyevin bilavasitə rəhbərliyi ilə ölkədə aparılan məhkəmə-hüquq islahatları haqqında və Məhkəmə-Hüquq Şurası tərəfindən görülmüş ardıcıl tədbirlər barədə ümumi məlumat verilib.

Daha sonra iclasın gündəliyi diqqətə çatdırılıb və Bakı Apellyasiya Məhkəməsi tərəfindən 2024-cü il ərzində ədalət mühakiməsinin həyata keçirilməsi ilə əlaqədar görülmüş işlər qeyd edilib.

Bildirilib ki, vahid məhkəmə təcrübəsinin formalaşdırılması, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, hüququn tətbiqində yanaşmanın sabitliyini və hüquqi mövqeyin proqnozlaşdırılan olmasını təmin etmək üçün metodik kömək göstərilməsi məqsədilə Bakı Apellyasiya Məhkəməsinin hakimlərinin iştirakları ilə məhkəmənin ərazi yurisdiksiyasına daxil olan birinci instansiya məhkəmələrində görüşlərin keçirilməsi davam etdirilib. Həmçinin qeyd edilib ki, 2024-cü ildə qanunvericiliyin tətbiqinin məhkəmə təcrübəsinə dair məsələlər üzrə bəzi birinci instansiya məhkəmələrinin məlumatlarının dinlənilmələri keçirilib, eləcə də ayrı-ayrı sahələr üzrə məhkəmə təcrübəsinin ümumiləşdirmələri aparılmaqla buna dair birinci instansiya məhkəmələrinə müvafiq icmal və metodik məktublar göndərilib. Hüquqi maarifləndirmə məqsədilə Real TV-də yayımlanan "Femida vaxtı" verilişində məhkəmənin hakimləri tərəfindən müsahibələr verilib. Qanunvericiliyin ayrı-ayrı normalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciətlər ünvanlanılıb.

2024-cü il ərzində vətəndaşların müraciətləri və qəbulu da xüsusi diqqətdə saxlanılıb. Bakı Apellyаsiyа Məhkəməsinə vətəndaşların əlçatanlığı təmin olunmaqla məhkəməyə ünvanlanmış korrespondensiyalar «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq vaxtında bаxılıb, habelə məhkəmənin rəhbərliyi tərəfindən onların bilavasitə qəbulları həyata keçirilib.

Daha sonra Bakı Apellyasiya Məhkəməsinin kollegiyalarının ötən il ərzində görülmüş işlərlə bağlı geniş hesabatları dinlənilib, məhkəmə aktlarına apellyasiya qaydasında yenidən baxılması ilə əlaqədar statistik göstəricilər, yol verilmiş maddi və prosessual hüquq normalarının xarakterik pozuntuları, habelə işlərə baxılan zaman məhkəmə təcrübəsində rast gəlinən fikir ayrılıqları qeyd edilib.

İclasda habelə Ali Məhkəmənin kollegiya sədrlərinin Bakı Apellyasiya Məhkəməsinin kollegiyalarının fəaliyyətinə dair rəyləri dinlənilib, məhkəmə işlərinin qanunvericiliyin tələblərinə ciddi riayət edilməklə baxılması, hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin olunması xüsusilə vurğulanıb, bəzi işlər üzrə yol verilmiş müəyyən xarakterik pozuntular, həmin işlər üzrə formalaşmış məhkəmə təcrübəsi və buna dair müvafiq tövsiyyələr diqqətə çatdırılıb.

Daha sonra tədbir hakimlərin qarşılıqlı maraq doğuran hüquqi məsələlərə dair faydalı fikir mübadiləsi ilə davam etdirilib.

Oxşar xəbərlər