- 15:35
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (İHAM) hər il olduğu kimi 2024-cü ildə də öz fəaliyyətinə dair illik hesabat[1] dərc etmişdir. İHAM-in illik məhkəmə işlərinə dair statistik məlumatlar verməsi dövlətlərin öz vətəndaşlarının hüquqlarını təmin etməsi və müqayisəli təhlil baxımından kifayət qədər əhəmiyyətli və faydalıdır. Bu göstəricilər il ərzində ölkədə vətəndaşların Konvensiyada təsbit edilmiş hüquq və azadlıqlarının pozuntu sayını bildirir. Digər tərəfdən, əvvəlki illərin statistik göstəriciləri ilə müqayisə aparılaraq ölkənin insan hüquqları sahəsində həyata keçirdiyi tədbirlərin effektivliyinə nəzər salmağa imkan yaradır və ya gələcəkdə atacağı addımlarla bağlı təsəvvür yaratmağa kömək edir.
İlkin olaraq qeyd edilməlidir ki, ümumilikdə, Azərbaycanla bağlı 2022-ci ilə qədər (2022-ci il daxil olmaqla) 389, 2023-cü ilə qədər (2023-cü il daxil olmaqla) 438, 2024-cü ilə qədər isə (2024-cü il daxil olmaqla) 600 müraciətə baxılmışdır.
2022-ci ildə Azərbaycanla bağlı 23 qərar çıxarılmışdır; 22 qərarda Məhkəmə ən azı bir pozuntu tanımışdır, 1 işdə isə pozuntu tanımamışdır. Əsas pozuntular kimi, Məhkəmə Azadlıq və toxunulmazlıq hüququ (5-ci maddə) üzrə 9 pozuntu, Ədalətli məhkəmə araşdırması hüququ (6-cı maddə) üzrə 7 pozuntu, Şəxsi həyata və ailə həyatına hörmət hüququ (8-ci maddə) üzrə 2 pozuntu, Toplaşmaq və birləşmək azadlığı (11-ci maddə) üzrə 2 pozuntu, Mülkiyyət hüququ (1 saylı Protokolun 1-ci maddəsi) üzrə 3 pozuntu tanımışdır.
Məhkəmə 2022-ci il üzrə Köləliyin və məcburi əməyin qadağan olunması (4-cü maddə), Qanunsuz cəzalandırılmamaq (7-ci maddə), Fikir, vicdan və din azadlığı (9-cu maddə), Nikah hüququ (12-ci maddə), Səmərəli hüquqi müdafiə vasitələri hüququ (13-cü maddə), Ayrı-seçkiliyin qadağan olunması (14-cü maddə), Təhsil hüququ (1 saylı Protokolun 2-ci maddəsi), Azad seçki hüququ (1 saylı Protokolun 3-cü maddəsi) və İki dəfə məhkum edilməmək və ya cəzalandırılmamaq hüququ (7 saylı Protokolun 4-cü maddəsi) üzrə pozuntu tanımamışdır.
2023-cü ildə Azərbaycanla bağlı 40 qərar çıxarılmışdır; 38 qərarda məhkəmə ən azı bir pozuntu tanımışdır, 1 işdə pozuntu tanımamışdır, 1 işdə isə digər qərar[2] vermişdir. Məhkəmə, əsasən, Yaşamaq hüququ (2-ci maddə) üzrə 2 pozuntu, İşgəncələrin qadağan olunması (3-cü maddə) üzrə 3 pozuntu, Azadlıq və toxunulmazlıq hüququ (5-ci maddə) üzrə 8 pozuntu, Ədalətli məhkəmə araşdırması hüququ (6-cı maddə) üzrə 10 pozuntu, Şəxsi həyata və ailə həyatına hörmət hüququ (8-ci maddə) üzrə 8 pozuntu, Fikir ifadə etmək azadlığı (10-cu maddə) üzrə 3 pozuntu, Toplaşmaq və birləşmək azadlığı (11-ci maddə) üzrə 6 pozuntu, Mülkiyyət hüququ (1 saylı Protokolun 1-ci maddəsi) üzrə 5 pozuntu tanımışdır.
Məhkəmə 2023-cü il üzrə Köləliyin və məcburi əməyin qadağan olunması (4-cü maddə), Qanunsuz cəzalandırılmamaq (7-ci maddə), Fikir, vicdan və din azadlığı (9-cu maddə), Nikah hüququ (12-ci maddə), Ayrı-seçkiliyin qadağan olunması (14-cü maddə), Təhsil hüququ (1 saylı Protokolun 2-ci maddəsi), Azad seçki hüququ (1 saylı Protokolun 3-cü maddəsi) və İki dəfə məhkum edilməmək və ya cəzalandırılmamaq hüququ (7 saylı Protokolun 4-cü maddəsi) üzrə pozuntu tanımamışdır.
2024-cü ildə Azərbaycanla bağlı 39 qərar çıxarılmışdır; 38 qərarda məhkəmə ən azı bir pozuntu tanımışdır, 1 işdə isə pozuntu tanımamışdır. Məhkəmə, əsasən, Yaşamaq hüququ (2-ci maddə) üzrə 2 pozuntu, İşgəncələrin qadağan olunması (3-cü maddə) üzrə 5 pozuntu, Azadlıq və toxunulmazlıq hüququ (5-ci maddə) üzrə 4 pozuntu, Ədalətli məhkəmə araşdırması hüququ (6-cı maddə) üzrə 16 pozuntu, Şəxsi həyata və ailə həyatına hörmət hüququ (8-ci maddə) üzrə 4 pozuntu, Fikir ifadə etmək azadlığı (10-cu maddə) üzrə 5 pozuntu, Toplaşmaq və birləşmək azadlığı (11-ci maddə) üzrə 4 pozuntu, Mülkiyyət hüququ (1 saylı Protokolun 1-ci maddəsi) üzrə isə 8 pozuntu tanımışdır.
Məhkəmə 2024-cü il üzrə Köləliyin və məcburi əməyin qadağan olunması (4-cü maddə), Qanunsuz cəzalandırılmamaq (7-ci maddə), Nikah hüququ (12-ci maddə), Ayrı-seçkiliyin qadağan olunması (14-cü maddə), Təhsil hüququ (1 saylı Protokolun 2-ci maddəsi), Azad seçki hüququ (1 saylı Protokolun 3-cü maddəsi) və İki dəfə məhkum edilməmək və ya cəzalandırılmamaq hüququ (7 saylı Protokolun 4-cü maddəsi) üzrə pozuntu tanımamışdır.
Müqayisə üçün 2024-cü ildə qonşu ölkələrə qarşı Məhkəmənin qəbul etdiyi qərarlar üzrə tanınmış pozuntu sayına nəzər salaq: Rusiya Federasiyası ilə bağlı 302 , Türkiyə Respublikası ilə bağlı 73, Gürcüstan Respublikası ilə bağlı isə 18 pozuntu tanınmışdır.
2024-cü ildə Azərbaycana qarşı çıxarılan qərarlarda kütləvi hal kimi “Qış Parkı”nın salınması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq ərazidə yaşayan vətəndaşların mülkiyyətinin alınıb əvəzinə kompensasiya ödəməsini qeyd etmək olar. Bu işlərdə Məhkəmə mülkiyyət hüququnun pozuntusunu tanımışdır.
Son illərdə digər dövlətlərlə müqayisədə Azərbaycanla bağlı tanınan pozuntuların sayının çox olduğunu demək olmaz. Ötən illərin göstəriciləri ilə müqayisədə isə hüquq pozulmalarında nisbətən artım olduğunu müşahidə etmək olar. İHAM-in dərc etdirdiyi statistik göstəricilərə əsasən, 2024-cü il üzrə ölkəmizə aid ən çox pozulan hüquqlar Ədalətli məhkəmə araşdırması hüququ, Mülkiyyət hüququ, İşgəncələrin qadağan olunması, Azadlıq və toxunulmazlıq hüququ, Fikir ifadə etmək azadlığı ilə bağlıdır.
[1] “European Court of Human Rights' Annual Reports”. https://www.echr.coe.int/annual-reports. S.b.t: 06.02.2025.
[2] Məhkəmə daha əvvəl çıxardığı qərarın icra edilmədiyi ilə bağlı şikayət aldıqda, həmin qərarının icra edilməsi üçün yeni bir qərar çıxarır.
Vüqar Behbudov
Hüquq və İnsan Haqları İnstitutunun İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin monitorinq üzrə mütəxəssisi