Yüksək səslə musiqiyə qulaq asdıqlarına görə evə hücum etdi, başını yardı


  • 6 Fevral 14:18

Qubada sərxoş şəxs həmkəndlisinə mişar daşı ilə xəsarət yetirib.

E-huquq.az-ın məlumatına görə, məhkəmə iclasında ifadə verən zərərçəkmiş bildirib ki, tanışı Mahirə məxsus katec tipli evə gedib saat 21:00 radələrində dostları ilə birlikdə yemək yeyərək gücləndirici vasitəsi ilə musiqiyə qulaq asıblar. Təxminən saat 23:40 radələrində katecin qonşuluğunda yaşayan Natiq adlı şəxs ora sərxoş halda gələrək onu və dostu Zeynalı təhqir edərək oradan çıxıb. Bu zaman o, evə getmək məqsədi ilə sifariş verdiyi taksini qarşılamaq məqsədi ilə yeməkxananın çöl hissəsinə çıxdıqda, Natiq yenidən onu söyüb təhqir etməyə başlayıb və evinin qarşısında olan mişar daşını götürərək onun baş nahiyyəsindən bir dəfə vurub və oradan uzaqlaşıb.

Təqsirləndirilən şəxs isə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ona elan edilmiş itiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirib ki, yaşadığı evdə spirtli içki qəbul edib və təxminən saat 23:35 radələrində musiqi səsi gəldiyi üçün evin yaxınlığında olan restorandan gedərək 4-5 nəfərin yeyib içdiyini görüb və onlardan musiqinin səsini azaltmalarını xahiş edib. Orada olan şəxslər onu təhqir edib və o da həmin şəxsləri təhqir etdikdən sonra restorandan çıxıb yaşadığı evə gələn zaman arxadan kiminsə qaçaraq ona tərəf gəldiyini görüb. Həmin vaxtı arxadan gələn şəxsin onu döyəcəyini düşünüb özünü müdafiə etmək məqsədi ilə yerdə olan mişar daşını götürərək həmin şəxsə tərəf atıb. Daş həmin şəxsin baş nahiyyəsindən dəyib. Natiq əməlindən peşiman olduğunu, dəfələrlə zərər çəkmiş şəxsdən üzrxahlıq etdiyini, lakin zərər çəkmiş şəxsin onu bağışlamadığını bildirərək ona yüngül cəza təyin edilməsinin xahiş edib.

Quba Rayon Məhkəməsi təqsirləndirilən şəxsin 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi barədə qərar qəbul edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər