- 15:37
Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Səyəddin Məmişovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bu barədə e-huquq.az-a təqsirləndirilən şəxsin vəkili Pərviz Məmmədov məlumat verib.
Onun sözlərinə görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, S.Məmişovun təqsiri sübuta yetirilmədiyindən ona bəraət verilib.
Qeyd edək ki, 1966-cı il təvəllüdlü S.Məmişov ötən ilin mart ayında saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.2-ci (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Beyləqan Rayon Məhkəməsinin 27 mart 2024-cü il tarixli qərarı ilə S.Məmişov barəsində həbs qətimkan tədbiri seçilib.
Şəbnəm Mehdizadə