- 15:21
Xırdalanda elektrik avadanlığı satışı mağazasından oğurluq etməkdə təqsirləndirilən Emin Rzayevin (ad-soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
E-huquq.az-ın məlumatına görə, Abşeron Rayon məhkəməsində hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, E.Rzayev Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək ona 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Onun Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 il 7ay 14 gün hissəsi CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 11 ay 14 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulub və həmin Məcəllənin 67.1- ci maddəsinə uyğun olaraq bu cəza hazırkı hökmlə təyin edilən cəza ilə qismən birləşdirilərək, ona qəti olaraq 2 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
İttihama görə, E.Rzayev Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 457 ünvanında yerləşən “Elit Optimal” elektrik avadanlığı satışı mağazasına qanunsuz daxil olaraq oradan dəyəri ümumilikdə 20 770 manat olan 8 ədəd "Iphone" və 2 ədəd "Samsung" markalı telefon oğurlayıb.
O geri qayıdarkın polis əməkdaşları xidməti avtomobil ilə onun yanına yaxınlaşaraq sorğu-sual etməyə başlayıblar. Onun təlaşlı olduğundan şübhələnərək şəxsiyyətini təsdiq edən sənədi tələb ediblər. Lakin o, üzərində hər hansı bir sənədinin olmadığını bildirib. Polis əməkdaşları onu polis idarəsinə dəvət etdikdə o, etiraz etməyərək idarəyə gəlib və növbətçi hissəsdə olarkən üzərində oğurluq telefonlar olmasını bildirib.
Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirib ki, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinə dəymiş ziyan tam şəkildə ödənilməklə barışıq əldə edilib, ona görə də mülki iddiadan imtina edilib, barəsində şikayət yoxdur.
Şəbnəm Mehdizadə