- 15:21
“Bakı Apellyasiya Məhkəməsinin hakimləri dələduzluqda təqsirləndirilən şəxsləri heç bir qanuni əsas olmadan ev dustaqlığına buraxmaqla onların məsuliyyətdən boyun qaçırmasına zəmin yaradır”.
Bu barədə bir neçə zərərçəkmiş şəxs adından e-huquq.az-a ünvanlanan şikayətdə bildirilir.
Dələduzluğun qurbanı olduğunu bildirən şəxslər məhkəmə təcrübəsinə zidd hesab etdikləri bu qərarın sonda günahkarların zərərin ödənilməsindən yayınmasına və işin xitama doğru getməsinə səbəb olacağından narahatdırlar.
“Mehdiyev Vasif Arif oğlu və tanışı Zakeri Jazeh Mehdi Asghar oğlu bir-biri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Mirməhəmməd Kazımova qarşı 374 min manat, Rüfət Bəkirova qarşı 200 min manat məbləğində dələduzluq ediblər. Onlar əlbir olduqları digər şəxslərlə birlikdə daha 5 nəfərə qarşı da eyni əməli törətməklə zərərçəkmişlərə ümumilikdə 1 milyon 513 min manat ziyan vurublar. Şikayətlərimiz əsasında Sabunçu Rayon Polis İdarəsinin qərarı ilə faktla bağlı cinayət işi başlanmaqla hər iki şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və Sabunçu Rayon Məhkəməsi tərəfindən onlar barəsində həbs qətimkan tədbiri seçilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi barədə birinci instansiya məhkəməsinin qərarları qüvvədə saxlanılıb”, - deyə bildiriblər.
Zərərçəkmişlərin sözlərinə görə, sonradan məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslər barəsindəki həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib: “Zərərçəkmiş şəxslərlə barışıq əldə edilmədən, heç bir zərər ödənilmədən, iş üzrə istintaqın gedişinə kifayət qədər ciddi təsir edə biləcək hallar olmasına baxmayaraq, Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahim İbrahimli Zakeri Jazeh Mehdi Asghar oğlu barəsində, məhkəmənin digər hakimi Mirzəli Abbasov isə digər təqsirləndirilən şəxs Mehdiyev Vasif Arif oğlu barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə dair qərar qəbul edib. Bu qərar həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə dair vəsatəti təmin etməyən Səbail Rayon Məhkəməsinin qərarının ləğv edilməsi nəticəsində qəbul edilib. Səbail Rayon Məhkəməsinin qərarı ləğv edilənə qədər hər iki təqsirləndirilən şəxs zərəri ödəmək niyyətində olsalar da, təəssüf ki, Bakı Apellyasiya Məhkəməsinin əsassız və qeyri-qanuni qərarından sonra qərəzli şəkildə imtina etməklə, ümumiyyətlə, zərər ödəməyəcəklərini və hətta istənilən yolla barələrindəki cinayət işinə xitam verdirəcəklərini bildirirlər”.
Bakı Apellyasiya Məhkəməsinin hakimlərinin qərəzli qərar çıxardığını söyləyən zərərçəkmişlər məsələnin araşdırılmasını istəyiblər: “İbrahim İbrahimli və Mirzəli Abbasov tərəfindən qanuni əsası olmadan belə qararların qəbul edilməsi yanlış məhkəmə təcrübəsi yaratmaqla yanaşı, bizim də qanunla qorunan hüquqlarımızı pozub. Bu hakimlər analoji işlərdə birinci instansiya məhkəmələrinin qərarlarını qüvvədə saxlayırlar, lakin bu işdə heç bir əsaslanma olmadan, məhkəmə təcrübəsinə zidd qərar qəbul edirlər. Hesab edirik ki, bu qərəzli qərardır. Bu hal Məhkəmə-Hüquq Şurası tərəfindən yoxlanılmalıdır. Heç bir zərər ödənilmədiyi halda külli miqdarda dələduzluqda təqsirli bilinən şəxslər barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsinin səbəbi nə olub? Burada neqativ hallara yol verildiyini ehtimal edirik. Ona görə də bu məsələ ciddi şəkildə araşdırılmalıdır. Bakı Apellyasiya Məhkəməsinin hakimləri İbrahim İbrahimlinin və Mirzəli Abbasovun barəsində intizam icraatı qaydasında araşdırma aparılırmalıdır".
Zərərçəkmişlər məsələ ilə bağlı Məhkəmə-Hüquq Şurasına və digər aidiyyəti qurumlara şikayət ünvanladıqlarını da qeyd ediblər.
Şəbnəm Mehdizadə