- 28 Yanvar 17:31
Fərhad Abdullayevin sədrliyi ilə yanvarın 28-də Konstitusiya Məhkəməsi Aparatının 2024-cü ilin yekunlarına həsr olunan hesabat iclası keçirilib.
Bu barədə e-huquq.az-a Konstitusiya Məhkəməsi Aparatından məlumat verilib.
İclasda bildirilib ki, Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən ötən il daxil olan Ali Məhkəmənin, Baş Prokurorluğun və İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) sorğuları, məhkəmələrin müraciətləri və vətəndaşların konstitusiya şikayətləri ilə bağlı bir sıra mühüm qərarlar qəbul edilib. Konstitusiya Məhkəməsinə hesabat ili ərzində ümumilikdə 2049 ərizə və konstitusiya şikayəti, onlardan 859 ərizə və konstitusiya şikayəti onlayn müraciət vasitəsilə daxil olub. Plenum tərəfindən baxılmış konstitusiya işləri ilə əlaqədar mühüm əhəmiyyətli bir sıra qərar və qərardadlar qəbul edilib. Həmin qərarlarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət və cinayət prosessual qanunvericiliyin, mülki və mülki prosessual qanunvericiliyin, habelə əmək, inzibati xətalar və digər bir sıra qanunların normalarına rəsmi şərh vermiş, qərardadlarda isə tətbiqedici orqanlar üçün praktiki izahlar verilib. Digər məsələlər üzrə konstitusiya şikayətləri müvafiq açıqlamalarla aidiyyəti orqanlara göndərilib və ya Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olmadığına görə imtina edilib.
Sədr qeyd edib ki, Konstitusiya Məhkəməsinin Plenumu ötən ilin iyunun 27-də Azərbaycan Prezidentinin, Milli Məclisin 2024-cü il 21 iyun tarixli “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə” Qərarı əsasında Milli Məclisin buraxılmasının və növbədənkənar seçkilər təyin edilməsinin Konstitusiyaya uyğunluğuna dair sorğusuna baxıb. Daha sonra sentyabrın 1-də Milli Məclisə keçirilən növbədənkənar seçkilərin nəticələri Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən təsdiqlənib.
Diqqətə çatdırılıb ki, Konstitusiya Məhkəməsinin nümayəndələri COP29 çərçivəsində keçirilmiş konfrans və seminarlarda iştirak ediblər. Ötən il sentyabrın 18-20-də Asiya Konstitusiya Məhkəmələrinin və Ekvivalent İnstitutlar Assosiasiyasının 6-cı Konqresində Konstitusiya Məhkəməsinin nümayəndə heyəti iştirak edib. Konqresin yekununda qəbul edilən Banqkok Bəyannaməsində Asiya ölkələrinin Konstitusiya Məhkəmələri Bakı şəhərində keçirilən COP29 tədbirinə öz dəstəklərini ifadə ediblər.
İclasda Aparat rəhbərliyinin çıxışları, Aparatın müvafiq şöbə və sektor müdirlərinin hesabatları dinlənilib. Həmçinin Konstitusiya Məhkəməsinə daxil olan sorğu, müraciət və konstitusiya şikayətlərində toxunulan hüquqi aspektlər, məhkəmə tərəfindən qəbul edilən qərarların icrası, tərtib olunan analitik arayış və rəylər, habelə təşkilati məsələlərlə bağlı məruzələr dinlənilib.
Hesabat iclasının sonunda Fərhad Abdullayev 2024-cü ildə görülən işləri qənaətbəxş qiymətləndirməklə yanaşı, qurumun fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə hakimlərin icraatında olan işlərlə bağlı tövsiyələr edib, cari ildə Konstitusiyanın qəbul olunmasının 30 illik yubileyi ilə bağlı beynəlxalq konfransın və digər tədbirlərin keçirilməsi ilə əlaqədar təşkilati işlərin başlanması üçün müvafiq tapşırıqlar verib.