12 nəfərin 76 min manatını ələ keçirməkdə təqsirləndirilən maklerin məhkəməsi başladı


  • 13:03

Bakıda vətəndaşlarq qarşı külli-miqdarda dələduzluq etməkdə təqsirləndirilən Xaliq Əlizadənin cinayət işi üzrə məhkəməsi başlayıb.

E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, Xaliq Əlizadə əvvəllər Xəzər Rayon Məhkəməsinin hökmü dələduzluq maddəsi ilə məhkum olunub və məhkumluğu ödənilməyib. Ramana qəsəbəsində torpaq alqı-satqısı ilə məşğul olub.

Məhkəmənin sonrakı gedişində təqsirləndirilən şəxsin vəkili müdafiə etdiyi şəxsin əməlinin düzgün tövsif olunmadığını bildirərək cinayət işinin yenidən ibtidai istintaqa qaytarılması barədə vəsatət qaldırıb.

Dövlət ittihamçısı Eldar Həmzə vəkilin vəsatətinin qəbul olunmasına etiraz edib.

Hakimlər məhkəmə baxışının qəbul olunması ilə bağlı qərar qəbul ediblər.

Məhkəmə prosesinin ilkin baxış iclası noyabr ayının ayının 6-na təyin edilib.

Cinayət işində 12 nəfər zərərçəkmiş qismində tanınıb və ümumi dəymiş ziyanın məbləği 76 min manatdır.

İttiham aktına görə, Xaliq Əlizadə Sabunçu rayonu, Ramana qəsəbəsində özünə məxsus olmayan 38 sot torpağı 12 nəfərə ev tikmək adı ilə satıb. Bir müddət sonra torpağın əsl sahibi peyda olub və Xaliqdən torpağ alan şəxslər məcbur olub şikayət ediblər.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Oxşar xəbərlər