Əbülfəz Babayevin 2 milyon 500 min manat pulunu 7 nəfərlik dəstə necə ələ keçirdi? - Cinayət işi


  • 11:06

Külli-miqdarda dələduzluqda təqsirləndirilənlər - Əliyar Abbasov, Ümid Abbasov, Asiman Əzizov, Məhərrəm İbrahimli, Pərvin Zeynallı, Ramal Əzimov və Xəyalə Hüseynovanın məhkəmə prosesinin hazırlıq iclası baş tutub.

E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aytən Əliyevanın sədrliyi ilə keçirilən hazırlıq prosesində təqsirləndirilən şəxslərin bəzilərinin vəkilləri iştirak etmədiyindən proses növbəti həftəyə kimi təxirə düşüb.

İttiham aktına görə, həbs edilən edilən şəxslər qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xüsusilə külli miqdarda əmlakını vahid niyyətlə ələ keçirib dələduzluq ediblər.

Belə ki, başda Abbasov Əliyar Allahyar oğlu olmaqla dəstə üzvləri 2018-ci ilin yay aylarından etibarən Babayev Əbülfəz Əmirastan oğlunun xüsusilə külli miqdarda pulunu ələ keçiriblər. 2022-ci ilin əvvəllərindən Əliyar Abbasov, onun qeyri-rəsmi ər- arvad münasibətlərində olduğu Hüseynova Xəyalə Ehtiram qızı, bacısının əri Əzimov Ramal Vahid oğlu, tanışları Əzimov Asiman Zabil oğlu və Zeynallı Pərvin Muxtar oğlu ilə qabaqcadan əlbir olan bir dəstə təşkil ediblər. Belə ki, Əliyar Abbasov əmlak satışında vasitəçilik etdiyi üçün 2018-ci ilin əvvəllərindən tanıdığı Əbülfəz Babayevə həmin ilin yay aylarında Fəqan Eyvazova məxsus Bakı şəhəri Yasamal rayonu, Şərifzadə küçəsində fəaliyyət göstərən "ARB" televiziya şirkətinin də içərisində mövcud olduğu 5 mərtəbədən ibarət qeyri-yaşayış sahəsini satmaq adı ilə ona göstərib. Sonra 3,5 milyon manata satmağa razılaşıb beh adı ilə Əbülfəz Babayevdən 100.000 manat pul alıblar. Bundan bir müddət sonra Əbülfəz Babayev araşdırıb ki, həmin bina bankda girovdadır və Əliyar Abbasov da bunu ondan gizlədib. Əliyar Abbasov isə ondan aldığı beh ilə binanı bankdan girovluqdan çıxardıb onun mülkiyyətində verəcəyini vəd verib.

Bir müddət sonra isə, guya əmlakın sənədlərinin hazırlanması üçün uzun müddət tələb olunduğunu bildirib müxtəlif yalan vədlər verməklə uzun müddət ərzində Əbülfəz Babayevi bu vədlərə inandırmış, daha sonra 2019-cu ilin əvvəllərində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Səməd Vurğun adına parkda Əbülfəz Babayevlə növbəti görüşündə guya atası Allahyar Abbasovun özündən uydurduğu "Hacı Kamal" adlı şəxsə 3.900.000 manat pul verib şərikli formada Türkiyə Respublikasının İstanbul şəhəri, Bahçeli evlər, yeni Bosna Mərkəzi, Kavak SK-27 ünvanında çoxmərtəbəli yaşayış kompleksinin tikintisinə başladığını, atası sağ olduğu halda guya 2018-ci ilin payız aylarında vəfat etdiyi üçün işlərin yarımçıq qaldığını yalandan bildirib. Bununla kifayətlənməyən Əliyar Abbasov Əbülfəz Babayevdən beh kimi aldığı 100.000 manat və gələcəkdə verilən əlavə pulun qarşılığında qeyd olunan ünvanda tikilən çoxmərtəbəli yaşayış kompleksindən - 1000 kvadrat metr qeyri yaşayış və 450 kvadrat metr yaşayış sahəsini sonuncunun adına rəsmiləşdirmək və həmin yerin yaxınlığında yerləşən digər torpaq sahəsində şərikli formada çoxmərtəbəli yaşayış binasını tikmək adı ilə şirnikləndirib.

Bundan sonra, 2019-cu ilin əvvəllərindən başlayaraq Əliyar Abbasov qohumu (bacısının əri), əvvəllər məhkum olunmuş narkotik aludəçisi Ramal Əzimovu uydurma "Hacı Kamal" adı ilə guya vəfat etmiş atası Allahyar Abbasovun İstanbul şəhərində tikdirdiyi çoxmərtəbəli yaşayış kompleksinin nizamnamə kapitalının 50 faiz hissəsinin sahibi və tikinti layihəsində əsas söz sahibi olan şəxs kimi, heç bir fəaliyyət növü ilə məşğul olmayan və orta təhsilli Xəyalə Hüseynovanı uydurma "Vəkil Bahar xanım" adı ilə guya İstanbul şəhərində vəkillik fəaliyyəti ilə məşğul olan və hüquqi məsələlərdə onlara kömək göstərən şəxs kimi, heç bir fəaliyyət növü ilə məşğul olmayan tanışı Asiman Əzimovu uydurma "Kərbəlayı Asiman" adı ilə guya Türkiyə-Azərbaycan Respublikaları arasında pul mübadiləsi ilə məşğul olan şirkətin rəhbəri kimi, Pərvin Zeynallı və Məhərrəm İbrahimlini isə Asiman Əzimova məxsus şirkətin işçiləri və daimi Bakı şəhərində yaşamaqla sonuncunun göstərişlərini icra edən şəxslər kimi Əbülfəz Babayevə təqdim edib. Bu işlərin görülməsi üçün sonuncu tərəfindən göndərilən pulların həmin şəxslərin vasitəsi ilə sərfəli şərtlərlə, yəni az faiz və qısa müddətdə Azərbaycan Respublikasından Türkiyə Respublikasına nağd formada çatdırılması görüntüsü yaradıb. Bundan sonra Əliyar Abbasov Xəyalə Hüseynova ilə birgə müxtəlif tarixlərdə İstanbul şəhərinə gedərək müxtəlif ünvanlarda yerləşən tikinti sahələrindən foto və videolar çəkib xarici telefon operatorlarına məxsus mobil telefon nömrələri ilə votsap proqramı üzərindən Əbülfəz Babayevə məxsus mobil telfona göndəriblər. Hətta tikinti prosesinin davam etməsini nümayiş etdiriblər.

Beləliklə dəstə üzvləri Bakının müxtəlif ünvanlarında Əliyar Abbasovdan Türkiyə Respublikasının İstanbul şəhərində tikinti üçün torpaq sahəsinin alınması adı ilə ümumilikdə 2 milyon 550 min 150 manat pulunu 2022-ci ilin əvvəlindən 02.05.2024-cü il tarixinə kimi xüsusi külli miqdarda pulunu ələ keçiriblər.

Əliyar Abbasov Əbülfəz Babayevdən aldığı pullar ilə özünün və yaxın qohum-tanışlarının adlarına çoxsaylı daşınar və danışmaz əmlaklar - Qəbələ rayonu, Nic kəndində 4 ha torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən qeyri yaşayış binası və iri buynuzlu heyvan ferması, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü Mədən, Korpus 111, 24 nömrəli həyət evi, Binəqədi rayonu, 9-cu MR, Adil Məmmədov küçəsi, bina 56, 1 nömrəli mənzil, Bərdə rayonu, Gərənə və Divanlı kəndlərində bir neçə ha torpaq sahəsi, 10-XX-016 dövlət qeydiyyat nişanlı "VAZ 2106" markalı, 10-ZZ-016 dövlət qeydiyyat nişanlı "BMW" markalı, 41-ZZ-041 dövlət qeydiyyat nişanlı "Ford" markalı, 77-EY-777 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı, 99-AS-203 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı, 10-NX-016, 10-LG-016 dövlət qeydiyyat nişanlı avtomobillər almış, pulunun bir hissəsini bacısı Arzu Əzimovaya iki mərtəbəli yaşayış evinin tikintisinə xərcləmişdir.

Qeyd edək ki, cinayət işində zərərçəkmiş şəxs qismində tanınan Əbülfəz Əmirastan oğlu Babayev “Olympus şirkətlər qrupu”nun təsisiçisidir. Bakı-Şamaxı yolunda "Lukoyl" yanacaqdoldurma məntəqəəinin sahibi, həmçinin bir çox tikinti layihələrində təsis payı olan şəxsdir.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.4 (xüsusi külli miqdarda dələduzluq etmə), 193-1.2.3 (Şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və 228.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Oxşar xəbərlər