"Boğazından qan axırdı, dedi kömək edin" - Borca görə adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi


  • 21 Oktyabr 14:46

Bakıda vətəndaşı tamah məqsədilə qətlə yetirməkdə təqsirləndirilən Elvin Əsədovun cinayət işi üzrə məhkəməsi davam etdirilib.

E-huquq.az-ın məlumatına görə, məhkəmədə ilk olaraq cinayət işində şahid qismində təqsirləndirilən şəxsin əmisi Dilqəm Əsədov ifadə verib.

O hadisə barədə qohumlarından eşitdiyini bildirib: "Əgər mən bu pul məsələsini qabaqcadan bilsəydim, dilənib-dolanıb onun borcunu verərdim".

Zərərçəkən şəxsin hüquqi nümayəndəsi Suğra Cabarova şahiddən borc məsələsindən xəbəri olub-olmadığını soruşub: "Elvin oğluma deyib ki, əmim pul gətirir. Düzdür?"

Şahid isə hadisə baş verənə kimi borc məsələsindən xəbəri olmadığını söyləyib.

Növbəti şahid Mehman Novruzlu hadisə baş verən vaxt hərbçi kimi işlədiyini bildirib: "Dekabrın axırında dövlət tədbirində idik, Elvinə zəng gəldi. Gördüm sıxıldı. Dedim nə olub? Dedi ki, borcum var. O hadisədən bir gün sonra dedi ki, atam bankdan götürüb verəcək. O da alınmadı, dedi gedirəm rayondan tapım gətirim. Ayın 30-da mesaj yazdı ki, Zamiqi söyüş söyməsinə görə öldürmüşəm. Bizim hərbçilərin birgə qrupu var idi, Elvin orada yazdı ki, haqqınızı halal edin. Ondan qabaq mən dedim ki, gəl yığışaq, kömək edək. Dedi ki, borcum çoxdur. Mən ayda 1000 manat maaş alırdım. Mən də borc götürmüşdüm, dediyi vaxt atmışam Suğra xanımın kartına. Belə gecikmə olanda Zamiqi yığıb deyirdik ki, gecikmə olacaq. Bir neçə hərbçi yoldaş da Zamiqdən pul götürürdü. Elvinlə isə 2-ci Qarabağ döyüşlərində bir yerdə iştirak etmişik".

Suğra Cabarova şahidə "Heç mənimlə danışanda demirdin Elvin Zamiqdən borc götürüb?" deyə sual ünvanlayıb.

Şahid isə Elvinin borc götürdüyündən xəbəri olmadığını bildirib.

Təqsirləndirilən şəxs Suğra Cabarovanın hərbi hissənin qabağına gəlib neçə-neçə hərbçinin ona borcu olduğu üçün işdən çıxartdırdığını qeyd edib: "Hətta Zamiq də gəlib hərbi hissədə rəhbərliklə görüşüb, hərbçilərin ona borcunu qaytarmadığını dəfələrlə deyib. Bəzi hərbçilərə töhmətdə verilib, işdən çıxarılan da olub".

Şahid Tapdıq Əliyev təqsirləndirilən şəxsi tanımadığını bildirib: "Mən taksi fəaliyyəti ilə məşğulam. Memar Əcəmi metrosunun yanında bir nəfər şəxs mənim maşınıma möhkəm dəydi, qaçırdı. Maşından yerə düşdüm. Gördüm ki, boğazından qan axır. Dedi ki, həkim çağırın, kömək edin. Mən başa düşdüm ki, artıq gecdir. Hündür bir oğlan dedi ki, mən maşını sürərəm. Həmin ərazidə bir neçə yerdə kamera var".

Hakim vəkilin vəsatəti əsasında Firudun Həsənovun dindirilməsini təmin edib.

Məhkəmə prosesi dekabr ayının 2-nə kimi təxirə salınıb.

Qeyd edək ki, hadisə ötən ilin dekabrın 30-da paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb. Aparılmış istintaqla müəyyən edilib ki, Elvin Əsədov tanışı Zamiq Cabbarova olan 2500 manat faiz pul borcunu ödəməkdən yayınmaq və qisas almaq məqsədilə Nəsimi rayonunun Cavadxan küçəsi ərazisində sonuncuya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsilə ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Oxşar xəbərlər