Kəsilmiş pensiyalarını bərpa etmək adı ilə qazilərdən pul alınıb - 10 minlik dələduzluqla bağlı cinayət işi


  • 11:56

Qazilərdən pul almaqda təqsirləndirilən Şahnaz Rzayeva və Fərmayil Verdiyevanın cinayət işi üzrə məhkəməsi davam etdirilib.

E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə cinayət işində 4 nəfər- 1-ci Qarabağ müharibəsi qaziləri olan şəxslər Camalov Elxan Eldar oğlu, Vəliyev Araz Abosət oğlu, Həsənov Pərvin Sadiq oğlu və Mehdiyev Əlibaba Müzadil oğlu zərərçəkən qismində tanınıb.

İstintaqla müəyyən edilib ki, Fərmayil ilə Şahnaz qazilərin kəsilmiş pensiyalarını bərpa etmək adı ilə 9700 manat pul alınıb. Belə ki, Şahnaz Rzayeva qazi qardaşı İlqar Əliyev vasitəsilə həmin məbləği alıb Fərmayilə verib. Fərmayil də həmin 9700 manatın 6200 manatını dispanserdə həmin vaxt şöbə müdiri işləyən Səadət Məmmədovaya verib. Səadət Məmmədova da qazilərin əlillik dərəcəsini müəyyənləşdirmək üçün həmin məbləği baş həkimə çatdırıb.

Məhkəmə prosesi zamanı 4 saylı Vərəm Dispanserinin baş həkimi, əməkdar həkim İlhamə Həsənova vəkilin vəsatəti ilə çağırılaraq ifadə verib: "Adını xatırlamıram, 2022-ci ilin oktyabr-noyabr ayları olardı, mənim otağıma qazilər yaxınlaşdı, dedi Fərmayil sizin Səadət xanım adlı işçiyə bizim pensiyamizla bağlı pul verib. Hazırda həmin Səadət xanım dispanserdə işləmir. Fərmayıl həmin şəxslərlə gəlmişdi, ancaq içəri girmədi. Onlar mənə dedilər ki, verdikləri pul geri qayıtsın. Qazilər Fərmayıl və Səadət xanımdan istəyirdilər pullarını. İbtidai istintaqada verdiyim ifadəni xatırlamıram. Mən maraqlı tərəf deyiləm, bilmirəm Səadət ona pul qaytarıb, ya qaytarmayıb. Mən qazilər otağıma gələndə bilmişəm ki, Səadət xanım pul alıb. Demişəm almısansa, get camaatın pulunu qatar".

Fərmayıl Verdiyevin vəkili Azər Rəsulov İlhamə Həsənovanın ibtidai istintaqda verdiyi ifadəsinin elan olunmasını istədi.

İbtidai istintaqda Səadət Məmmədova qazilərin Fərmayıl vasitəsilə verdiyi 2000 manatı baş həkim İlhamə Həsənovaya verdiyini bildirib.

İlhamə Həsənova cinayət işinin materiallarında imzaların ona məxsus olduğunu etiraf edib: "2022-ci ilin oktyabr aylarında qazilər mənim otağıma gəlib pensiyaları ilə bağlı Fərmayıl Verdiyev və Səadət Məmmədovaya pul verdiklərini bildirdilər. Həmin şəxslər ümumiyyətlə bizim dispanserdə qeydiyyatda olmayıblar. Bizim dispanserin əlillik vermə səlahiyyəti yoxdur. Səadət Məmmədova adının hallanmaması üçün mənim otağımda qazilərə pul verilməsini boynuna götürdü. Amma əvvəl inkar edirdi. Bundan sonra Səadət xanım öz ərizəsi ilə işdən azad olundu".

Lakin Səadət Məmmədova məhkəmədə verdiyi ifadəsində məhz həmin 2000 manat pulu İlhamə Həsənovaya verdiyini və qazilər gələndə də həmin pulu ondan alıb qaytardığını etiraf edib.

İlhamə Həsənova isə otağında qazilərə pul qaytarılmadığını və görmədiyini bildirib.

Daha sonra təqsirləndirilən şəxs Şahnaz Rzayevanın qardaşı şahid İlqar Əliyev qazilərlə birgə baş həkimin otağına getdiyini və orda Səadət Məmmədovanın qaziləri tanıdığını, ancaq pul almadığını söyləyib: "Pul almağını isə öz otağında qaziləri qəbul edəndə etiraf edib"

Məhkəmə prosesi noyabrın 11-nə təxirə salınıb.Qeyd edək ki, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 312.2 ((vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə), 178.2.2 (dələduzluq - təkrar törədildikdə) və 178.2.4-cü( xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.

Onlardan biri - Fərmayil Verdiyev böyrək çatışmazlığı xəstəsi olduğundan bu ilin iyul ayında Penitensiar Xidmətin Müalicə Müəssisəsində vəfat edib.

Orxan Rasifoğlu

Oxşar xəbərlər