Bakıda sevgilisinin azyaşlı övladına işgəncə verərək öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi: "Uşağı gətirib anasının qucağına verdi"


  • 15:51

Bakıda qeyri-rəsmi ər-arvad kimi yaşadığı qadının 9 yaşlı uşağını işgəncə ilə öldürməkdə təqsirləndirilən Yaşar Abbasovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

E-huquq.az-ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahid dindirilib.

Vüsal Rzayev şahid qismində ifadə verərək bildirib ki, taksi fəaliyyəti ilə məşğul olur: "Axşamüstü bir xanımdan zəng gəldi, uşağı xəstəxanaya aparmağımı istədi. Mən də sifariş verilən ünvana, yəni Binəqədi qəsəbəsinin girişinə getdim. Gördüm bir oğlan uşağı gətirib anasının qucağına verdi. Xəstəxanaya gedib çatanda anaya məlum oldu ki, uşaq ölüb. Sonra polisə gedəndə Yaşarın adını eşitdim, dedilər ki, uşağı o öldürüb".

Sonra hakim tərəfindən dövlət ittihamçısının vəsatəti ilə şahidin istintaqda verdiyi ifadəsi elan olunub. Məlum olub ki, həmin gün qadın Vüsal Rzayevə Yaşar adlı şəxsin onu döydüyünü, uşağını da o öldürdüyünü deyib.

Hakim Novruz Kərimov bir neçə şahidin məhkəməyə məcburi gətirilməsi barədə qərar çıxarıb.

Məhkəmə prosesi 6 noyabr tarixinə kimi təxirə salınıb.

Xatırladaq ki, Yaşar Abbasov qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı İpək Əhmədovanı döyüb, onun 9 yaşlı oğlu Əli Əhmədzadəyə isə işgəncə verməklə onu qəsdən öldürüb. Zərərçəkən İpək Əhmədova narkotik vasitələrin qanunsuz istifadəsi maddəsi ilə həbs edilib.

Yaşar Abbasova qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə) maddələri ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Oxşar xəbərlər