Prokuror xaricdə təhsil adı ilə 164 minlik dələduzluq edən şəxslərə cəza istədi


  • 13:09

Xaricdə təhsil adı altında 11 vətəndaşın 164 min manatını dələduzluq yolu ilə əllə keçirməkdə təqsirləndirilən Rasim Məmmədov və Xəyal Yusubovun cinayət işi məhkəmə istintaqı yekunlaşıb.

E-huquq.az-ın verdiyi məlumata görə, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Dövlət ittihamçısı Eldar Həmzə məhkəmədən Rasim Məmmədovun 9 il, Xəyal Yusubov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Bildirilib ki, zərərçəkənlərə ümumi ziyandan 29 min 500 manat pul ödəniş edilib.

Zərərçəkənlər çıxış edərək mülki iddialarının təmin olunmasını xahiş ediblər.

Məhkəmə prosesi 30 oktyabr tarixinə kimi təxirə salınıb.

Xatırladaq ki, “RT Ravel” və R.T.Group Akademiya MMC və Kale Dershanesi və Vish Travel MMC-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

İstintaq zamanı RT Ravel MMC və R.T.Group Akademiya MMC-nin təsisçisi və direktoru Rasim Məmmədovun, Kale Dershanesi və Vish Travel MMC-nin təsisçisi və direktoru Xəyal Yusubovla birgə sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan xaricdə təhsil və iş vizalarının təşkili adı altında müxtəlif şəxslərə məxsus ümumilikdə 164 min manatdan artıq pul vəsaitini ələ keçirməsi və vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Rasim Məmmədov və Xəyal Yusubov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq), 193.1 (yalançı sahibkarlıq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilib.

Orxan Rasifoğlu

Oxşar xəbərlər