Perinatal Mərkəzdəki yanğınla bağlı məhkəmə prosesi keçirilib


  • 13:02

“Respublika Perinatal Mərkəzi” PHŞ-də baş vermiş yanğına görə təqsirləndirilən mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva, şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədlinin məhkəməsinin növbəti prosesi keçirilib.

E-huquq.az-ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxslərin və zərərçəkmişlərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra işin məhkəmə baxışına verilməsi müzakirəyə çıxarılıb.

Dövlət ittihamçısı Orxan Səmədov cinayət işinin məhkəmə istintaqına verilməsi ilə razılaşıb.

Hadisə nəticəsində həyatını itirən körpənin hüquqi varisi Lalə Ramazanovanın nümayədəsi etiraz edərək işlə tam tanış olmadığına görə məhkəmədən vaxt istəyib. Ona cinayət işinin 4 oktyabr tarixində verildiyini bildirib.

Məhkəmə bütün vəsatətlərə baxdıqdan sonra ümumi qərar qəbul edəcəyini bildirib.

Digər vəkillər də vəsatətlə çıxış ediblər.

İlk olaraq zərərçəkmiş şəxslərin vəkili istintaqın tam aparılmadığını bildirib.

Daha sonra müdafiə tərəfi də vəsatətlə çıxış edərək işin yenidən ibtidai istintaqa göndərilməsini təklif edib.

Təqsirləndirilən Mehriban Abasquliyevanın vəkili vəsatət verərək, ibtidai istintaq dövründə müdafiə etdiyi şəxsin hüquqlarının pozulduğunu bildirib.

Daha sonra müdafiə tərəfi çıxış edərək zərərçəkmiş şəxslərin arasında hadisə günündə növbədə olan və yüngül xəsarət alan həkimlərin zərərçəkmiş siyahısından çıxarılmasını istəyib. Buna səbəb onların yanğın zamanı peşələrini düzgün icra etməməlirini və yanğınla bağlı müvafiq qurumlara xəbər verməməklərini göstərib.

Həmin zərərçəkmişlərdən Gülbahar Zülfüqarova bildirib ki, o da bu siyahıda olmaq istəməyib: "Hadisə günü mən öz dərdimdə deyildim. Yanğın dördüncü mərtəbədə başlayıb və mən 1-ci mərtəbədə vəzifədəydim. Buna baxmayaraq xəstələrin daşınmasına kömək etdim. Səhər gözümü təcili tibbi yardım maşınında açdım. Sonra da oradan getdim".

Mehriban Abasquliyevanın vəkili daha bir vəsatət verərək müdafiə etdiyi şəxs barəsindəki ev dustaqlığı qərarının dəyişdirilməsini istəyib.

Dövlət ittihamçısı bütün vəsatətlərin baxılmamış saxlanılmasını və məhkəmə istintaqında yoxlanılmasını təklif edib. Bildirib ki, deyilən faktlar təsdiqlənərsə lazımi tədbirlər görüləcək.

Məhkəmə müşavirə edərək qərara alıb ki, cinayət işi məhkəmə baxışına verilsin. Təqdim olunmuş vəsatətlər baxılmamış saxlanılsın.

Növbəti proses 21 oktyabr tarixinə təyin edilib.

Qeyd edək ki, bu il yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.

Əlavə edək ki, zərərçəkmiş qismində “Respublika Perinatal Mərkəzi”, Elçin Nəcəfov, Vaqif Hacıyev, Aynurə Əhmədova və Gülbahar Zülfüqarova tanınıb.

Orxan Rasifoğlu

Oxşar xəbərlər