255 milyon manatı qanunsuz yolla leqallaşdıran cinayətkar dəstənin məhkəməsi davam etdirilib


  • 13:31

255 milyon manatı qanunsuz yolla leqallaşdıran 6 nəfərlik dəstənin - Bahadır Qasımov, onun qardaşı İkram Qasımov, onların əmisi oğlu Fərhad Qasımov, Cavid Əzizov, Vəli Əliyev və Anar Əhmədovun cinayət işi üzrə məhkəməsi keçirilib.

E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri hakimə etiraz edərək vəsatətlər təqdim ediblər.

Dövlət ittihamçısı Elgin Qafarov hakimlərə etiraz üçün heç bir əsasın olmadığını qeyd edib.

Hakimlər müşavirədən qayıtdıqdan sonra hakim Anar Sadıqov onlara qarşı etirazın qəbul olunmaması ilə bağlı qərarı elan edib.

Daha sonra cinayət işi üzrə şahidlər ifadə verib.

Məhkəmə prosesi 18 oktyabr tarixinə kimi təxirə salınıb.

İttihama görə, onlar xarici ölkədən Azərbaycana, Azərbaycandan xarici ölkəyə qanunsuz pul vəsaitləri köçürüblər. Onlar qanunsuz olaraq bank fəaliyyəti həyata keçirməklə külli miqdarda vergi ödəməkdən yayınıblar. Dəstə üzvləri bu işlərlə bağlı öz aralarında vəzifə bölgüsü də aparıblar. Pulların leqallaşdırılması Bakının Yasamal rayonunda, İstanbul və Dubaydakı ofislərdə həyata keçirilib. Şirkət vasitəsilə xarici ölkələrə ümumilikdə 254 milyon 409 min 947 manat qanunsuz pul köçürülüb. Həmin vəsaitin 1 faizi – 2 milyon 500 min manatı xidmət haqqı kimi onların özünə qalıb. Ofisdə və İ. Qasımovun yaşadığı evdə axtarış zamanı 1 milyon 500 min dollar, 1 milyon 400 min manat, ABŞ istehsalı olan odlu silahlar, ümumi dəyəri 1 milyon manata yaxın qiymətləndirilən 100-ə yaxın qızıl-brilyant əşyalar tapılıb. Qızıl-zinət əşyalarının ölkəyə qaçaqmalçılıq yolu ilə gətirildiyi bildirilir. Həbs edilmiş şəxslərin özlərinin və ailə üzvlərinin çoxsaylı əmlakı, eləcə də 100-ə yaxın bahalı avtomobilin, digər minik vasitələrinin üzərinə həbs qoyulub. Hesablamalara əsasən, bütün əmlakların ümumi dəyəri yarım milyard manata yaxındır.

İkram Qasımova qarşı Cinayət Məcəlləsinin 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.3.2, 206-1.3 və 228.1-ci maddələri, Bahadır Qasımova 192.3.2, 193-1.3.1, 193-1.3.2 vǝ 206-1.3-cü maddələri ilə, Fərhad Qasımov 192.3.2, 193-1.3.1, 193-1.3.2 və 206-1.3-cü maddələri ilə; Cavid Əzizova 192.3.2, 193-1.3.1, 193-1.3.2 və 206-1.3-cü maddələri ilə, Anar Əhmədova 192.3.2, 193-1.3.1, 193-1.3.2 və 206-1.3-cü maddələri ilə, Vəli Əliyevə qarşı isə 206.3.2-ci maddələri ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Oxşar xəbərlər