Bakıda sevgilisini qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi keçirilib


  • 3 Oktyabr 14:23

Bakıda sevgilisini qısqanclıq zəminində qətlə yetirməkdə təqsirləndirilən Səbuhi Qürbətovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin Səbuhi Qürbətov ifadə verib.

Səbuhi Qürbətov bildirib ki, Elnarə Cabbarova ilə qeyri-rəsmi nigahda yaşayıblar:

"Ayın 23-ü səhər Elnarə onun rəfiqəsi Qızqayıtla birgə Nərimanovda işlədiyi restorandan çıxıb kirayə qaldıqları Həzi Aslanovdakı evə gediblər. Bizim əvvəl sevgi münasibətimiz olub, lakin hadisə günü küsülü idik. O, evə gedərkən biz telefonla mübahisə edirdik, mənə təhqir etməyə başladı. Buna səbəb birlikdə yaşadığımız vaxtda evimdə olan paltarlarını küçəyə atmağım olmuşdu. Buna dözə bilməyib evlərinin önünə gəldim. Elnarə təhqirlərinə davam etdi. Onu qucaqladım, daha sonra bıçaqladım. Öldürmək niyyətim olmayıb. Digər xanıma da zərər vermək istəmirdim. Əməlimdən peşmanam".

Ona verilən suallara cavab olaraq deyib ki, bıçağı hər zaman yanında daşıyıb.

"Onu bıçaqlamaq istəmirdim. Düzdür, məni daha öncə də təhqir etmişdi. Amma qadın olduğu üçün keçirdim. Kişi kimi görnəzdən gəlirdim. Onu öldürmək istəmirdim".

Bu zaman hakim təqsirləndirilən şəxsə bildirib ki, etdiyi əməllər heç də kişiliyə sığmır:
"Zərərçəkmiş şəxs sənə paltarlarını küçəyə atdığın üçün təhqir edib. Sən necə kişisən ki, kasıb, kimsəsiz, sevdiyini iddia etdiyin qızın paltarlarını atırsan? Həm də nə dəyişdi ki, bıçaqladın?".

Məhkəmənin növbəti iclası oktyabrın 17-nə təyin edilib.

Qeyd edək ki hadisə bu ilin aprelində paytaxtın Xətai rayonunda qeydə alınıb. Belə ki, araşdırma zamanı 2003-cü il təvəllüdlü Səbuhi Qürbətovun Xətai rayonu, Xudu Məmmədov küçəsi ərazisində tanışı Elnarə Cabbarovaya bıçaqla xəsarət yetirərək qəsdən öldürməsi, daha sonra isə özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Səbuhi Qürbətov saxlanılaraq polis müşayiəti altında xəstəxanada ona tibbi yardım göstərilib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Oxşar xəbərlər