Azərbaycan məhkəmələrində apellyasiyanın təşəkkülü tarixi və əhəmiyyəti


  • 25 Sentyabr 15:05

“Apellyasiya” sözü etimologiya baxımından “şikayət”, “müraciət” mənasını ifadə edir. Müasir cəmiyətdə isə ifadə etdiyi prosesin mahiyyəti baxımından bu söz hər-hansı bir orqanın və ya vəzifəli şəxsin qərarının yuxarı orqanda mübahisələndirilməsi mənasını verir. Məhkəmə işlərində də apellyasiya eyni məna yükünü daşıyır və birinci instansiya məhkəmələrinin qərarlarının ikinci instansiya məhkəməsində mübahisələndirmə imkanını ifadə edir.

Məhkəmələrdə apellyasiyanın inkişafı tarixi başlanğıcını mrəkəzləşmiş dövlətin təşəkkül tapıb gücləndiyi dövrlərdən götürür. Azərbaycanda qədim Manna dövlətində şahın, Midiya və Atropatenada hökmdarın, ərəb xilafəti dövründə xəlifənin məhkəmə işlərinə münasibətdə apellyasiya səlahiyyətləri var idi. Çar Rusiyasının işğalı dövründə “quberniya məhkəmə palataları” apellyasiya funksiyalarını yerinə yetirirdi. Azərbaycan Xalq Cumhuriyyəti dövründə təsis edilmiş Azərbaycan Məhkəmə Palatası cinayət və mülki işlər üzrə departamentlərdən ibarət olmaqla apellyasiya məhkəməsi səlahiyyətlərinə malik idi.

Sovet dönəminin məhkəmə quruluşu isə “apellyasiyanı” qəbul etmirdi. Həmin dönəmdə məhkəmə ümumiyyətlə hakimiyyət qanadı kimi tanınmırdı və dövlət idarəçilik aparatını obrazlı şəkildə bir arabaya bənzədib, məhkəməni onun beşinci təkəri hesab edirdilər. Lakin bəhs olunan instansiyalarda həyata keçirilən apellyasiya icraatı, onun xüsusiyyətləri hazırda bizə tanış apellyasiyanın əlamətlərinə malik deyildi.

Ümumiyyətlə məhkəmələrdə apellyasiya hər bir dövlətin tam təşəkkül tapma prosesinin son mərhələlərində tətbiq edilməyə başlanan, bir məhkəmə instansiyasındakı icraatdır. Məhkəmlərdə apellyasiyanın tətbiqi, aid olduğu dövlətin mərkəzləşməsi və güclənməsini göstərən, təsdiq edən əlamətdir.

Hazırda bizim təmsil etdiyimiz statusdakı apellyasiyanın ilkin əlamətlərinə qədim Roma və Bizans imperiyalarının məhkəmə quruluşlarında rast gəlinir. Bizim eradan əvvəl V əsrdə qədim Romada tətbiq edilən “XII cədvəl qanunlarının” I cədvəlində ilk dəfə mülki mühakimə icraatına bənzəyən tənzimləmələrə rast gəlinir. Burada “kreditorun borcluya özbaşına təsiri” imkanına malik olmasından danışılırdı.

Roma dövlətinin yaranması və möhkəmlənməsi, istənilən mübahisədə çarın hakim rolunda çıxış etməsinə imkan verən adətlərin tətbiqi ilə mülki proses inkişaf etməyə başladı.
İlk dönəmlərdə mülki prosesin “legisaksion”, “formulyar” və “ekstraordinar” növləri formalaşmağa başladı.

Təqribən eramızın III əsrində ekstraordinar proseslər zamanı qəbul olunmuş qərarlardan yuxarı orqana və ya vəzifəli şəxsə şikayət verilməsi qaydası tətbiq edilməyə başladı. Bu, praktiki olaraq apellyasiya institutunun formalaşmağa başladığı zamandır və “apellyasiya” termini də o vaxtdan “apellation” kimi ilk dəfə istifadə edilməyə başladı. Həmin dönəmin apellyasiya ilə müasir apellyasiyanın bir çox oxşar əlamətləri vardır. Belə ki, həmin dövrün apellyasiya qaydalarına görə aşağı məhkəmənin qərarından şikayət vermək üçün 10 günlük müddət müəyyən olunurdu, şikayət üçün rüsum ödənməli idi, şikayətin verilməsi qəbul edilmiş qərarın icrasını dayandırırdı və s. Həmin ölkədə əvvəllər yalnız ekstraordinar mülki proseslər üzrə praktiki olaraq tətbiq edilən apellyasiya institutu eramızın 6-cı əsrində hakimiyyətdə olmuş Bizans imperatoru Yustinianın apardığı islahat ilə xüsusi məhkəmə instansiyasında aparılan proses statusunu qazandı.

Bu islahatlardan sonra apellyasiya mərhələsi tamamilə yeni bir icraatı əhatə etməyə başladı. Belə ki, əgər buna qədər apellyasiya yalnız aşağı məhkəmələrdə toplanmış materialları araşdıra bilirdisə, bundan sonra tərəflərə apellyasiyada yeni sübutları araşdırmaya təqdim etmək imkanı verildi, hakimə isə onları məhkəmə iclasında tədqiq etmə vəzifəsi həvalə olundu. Həmin vaxtdan bu günədək məhkəmələrdə apellyasiya insan cəmiyyəti ilə birgə inkişaf edərək zaman-zaman islahatlara məruz qalmış və təşəkkül tapmışdır.

Oxşar apellyasiya XV əsrdə Almaniyada, sonra Fransa və İngiltərə kimi ölkələrdə tətbiq olunmağa başladı. Fransada apellyasiyanın ilkin tətbiqi çox maraqlı əlaməti ilə tarixə düşmüşdür.
Belə ki, ilk vaxtlar həmin ölkədə apellyasiya hakimin şəxsiyyətinin ittiham olunması məzmununda olurdu. Yəni apellyasiya şikayətində qəbul edilmiş qərar yox, tərəfin fikrincə həmin ədalətsiz qərarı qəbul etmiş hakim təqsirləndirilir və hakim əlinə silah alaraq qəbul etdiyi qərarı müdafiə edirdi. Hakimlə tərəfin belə təkbətək qarşılaşma imkanları “IX Müqəddəs Lüdovikin qaydalarında (Etablissements de Saint Louis”, 1270-ci il) nəzərdə tutulmuşdu.

Azərbaycanda isə apellyasiya məhkəmələri dövlətçilik tariximiz boyu mövcud olmuş məhkəmə sistemləri ilə müqayisədə tamamilə yeni struktur vahidi, mahiyyətcə tamamilə yeni bir məhkəmə instansiyası olmaqla, XX əsrin sonlarında dövlət müstəqilliyimizin bərpasından və mərkəzləşmiş dövlətimizin güclənməsindən sonra yaradıldı. Azərbaycan Respublikasında Məhkəmə-hüquq islahatlarının əsası Ümummilli Liderimizin təşəbbüsü ilə 1995-ci ildə qəbul olunmuş Konstitusiyamızla qoyulmuşdur. Apellyasiya Məhkəmələri ilə bağlı müddəalar da konstitusiyamıza məhz Ümummilli Liderimizin təşəbbüsü ilə salınmışdır. Bununla da o vaxt sovet sisteminə xas məhkəmə quruluşumuzda kardinal dəyişikliklərə start verildi. Əsas qanunumuzun 7-ci maddəsində hakimiyyətin bölgüsü nəzərdə tutulmuş və məhkəmə hakimiyyəti hakimiyyətin üç müstəqil qanadından biri kimi təsbit olunmuşdur. Konstitusiyanın 7-ci fəsli isə bütövlükdə məhkəmə hakimiyyətinə həsr olunmuş və 125, 132-ci maddələrdə apellyasiya məhkəmələrindən, onun hakimiyyət səlahiyyətlərindən bəhs olunur. Respublikamızda məhkəmə hakimiyyəti üçpilləli məhkəmə sistemi vasitəsilə həyata keçirilir.
Məhkəmə hakimiyyətinin həyata keçirilməsi zamanı ilkin və əsas icraat 1-ci instansiya məhkəmələrində aparılır. Konstitusiyamız birinci instansiya məhkəmələrində işlərə baxılan zaman səhvlərin buraxılma imkanını və buraxıla biləcək səhvləri düzəltmə zərurətini nəzərə alaraq, bu fəaliyyəti növbəti, ikinci instansiya məhkəməsi kimi apellyasiya instansiyası məhkəmələrinə həvalə etmişdir.
Apellyasiya məhkəmələrinin təşkili qaydaları və səlahiyyətləri Məhkəmələr və hakimlər haqqında qanunla və prosessual qanunvericiliklə tənzimlənir.

Dünya ölkələrinin məhkəmə quruluşlarına diqqət etsək, görərik ki, bu günədək beynəlxalq təcrübədə apellyasiyanın iki növü təşəkkül tapmışdır-tam apellyasiya və natamam apellyasiya.

- Tam apellyasiyada birinci instansiya məhkəməsində baxışın predmeti olmuş tələblər, araşdırılmış sübutlar apellyasiya məhkəməsində tam həcmdə yenidən araşdırılır və yeni tələblərin irəli sürülməsi, yeni sübutların təqdim edilməsi üçün məhdudiyyət qoyulmur. Bu zaman apellyasiya məhkəməsi birinci instansiya məhkəməsini əvəz edir. Tam apellyasiyanın məhkəmə quruluşu üçün yaratdığı problem ondan ibarətdir ki, bununla birinci instansiya məhkəmələrinin fəaliyyəti əhəmiyyətsiz hala gətirilir, onun nüfuzu aşağı salınır. Tam apellyasiya həm də tərəflərdə birinci instansiyadaki hüquqi imkanlarına laqeyidlik hissi formalaşdırır, onlar prosessual fəallıqlarını apellyasiya instansiyasına saxlayırlar.

Fransa və İtaliya kimi ölkələrdə tam apellyasiya tətbiq edilir.

- Natamam apellyasiyada isə birinci instansiya məhkəmələrinin araşdırmalarının prosessual əhəmiyyəti saxlanılır və apellyasiya baxışı zamanı araşdırmalara bir sıra məhdudiyyətlər və qadağalar qoyulur.

Bunlara:

a) yeni və əlavə sübutların tədqiqinə qoyulan məhdudiyyətlər
b) məhkəmə qərarının qanunliyinin və əsaslığının yoxlanması hədləri ilə bağlı məhdudiyyətlər
c) yeni tələblərin irəli sürülməsinə qoyulmuş qadağalar aiddir

Natamam apellyasiya ilə bütün instansiyalarda ədalət mühakiməsinin səmərəliliyi təmin olunur. Avstriya və Almaniya kimi ölkələrdə natamam apellyasiya tətbiq olunur.

Azərbaycan Respublikasının Apellyasiya Məhkəmələrində də icraat natamam apellyasiya ilə aparılır və bu zaman birinci instansiyada yol verilmiş səhvlər düzəldilir. Əgər Mülki Prosessual Məcəllənin 14,77 və 372-ci, İnzibati Prosessual Məcəllənin 12,82-ci, Cinayət Prosessual Məcəllənin 392, 397-ci maddələrinə diqqət etsək, görərik ki, həmin icraatlar üzrə apellyasiya natamamlığın həddlərinə görə biri-birindən fərqlənir. Əgər Mülki Proses üzrə apellyasiya yuxarıda bəhs olunan məhdudiyyətləri tam əhatə edirsə, İnzibati və Cinayət proseslərində bu məhdudiyyətlər yalnız şikayətin hüdudlarını əhatə edir. Bu sonuncu qaydalar hər iki proses üzrə formal həqiqətin deyil, obyektiv həqiqətin müəyyən olunması məqsədi ilə tətbiq edilir. Düzdür, üçüncü instansiya məhkəməsi olan Ali Məhkəmə də məhkəmə səhvlərinin düzəldilməsi ilə məşğuldur, lakin həmin məhkəmədən fərqli olaraq apellyasiya məhkəməsi faktları və sübutları yenidən tədqiq etmək səlahiyyətlərinə malikdir və bu instansiya vasitəsilə birinci instansiya məhkəməsinin qərarından narazı qalan tərəf daha təcrübəli üç nəfər hakimin iştiraki ilə bəhs etdiyimiz məhdudiyyətlər və qadağa hüdudlarında həmin işə yenidən baxılmasına nail ola bilir.

Ali Məhkəmə isə sübutları araşdırmır, apellyasiya məhkəməsinin araşdırmasının tamlığını və qiymətləndirmələrinin düzgünlüyünü yoxlayır. Qısaca desək, hüququn tətbiqi düzgünlüyünü yoxlayır.
Göründüyü kimi, apellyasiya məhkəməsinin yaradılması ilə insanlarımızın məhkəmə müdafiəsi kimi vasitədən istifadə etmə meydanı daha bir pillə də genişlənib və bu gün onlar bu imkanlardan çox aktiv istifadə edirlər.

İlkin olaraq 2000-2007-ci illər ərzində Azərbaycanda yalnız bir apellyasiya məhkəməsi Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsi fəaliyyət göstərmişdir. Həmin Məhkəmə Bakı şəhərində yerləşsə də yurisdiksiyası bütün Azərbaycan ərazisini əhatə edirdi. Paytaxtdan yüz kilometrlərlə kənarda yaşayan vətəndaşlarımız yaşadıqları rayonun məhkəməsinin qərarlarından verdikləri apellyasiya şikayətlərinə baxılmasında iştirak etmək üçün uzaq məsafəni qət etməli olurdular. Bu, vətəndaşlarımız üçün kifayət qədər vaxt və vəsait itkisinə səbəb olurdu və onların ədalət mühakiməsinə əlcatımlığında bəzi problemlər yaradır, onların ədalət mühakiməsində iştirakının səmərəliliyini obyektiv olaraq azaldırdı. Bunu nəzərə alan möhtərəm cənab prezidentimiz 2007-ci ildə regionlarda Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin də daxil olduğu 6 (altı) apellyasiya məhkəməsinin yaradılması barədə qərar qəbul etdi.

Konstitusiyamızın 60-cı, 65-ci, 71-ci maddələri, bütövlükdə Məhkəmələr və hakimlər haqqında qanun və sahəvi prosessual qanunlar, o cümlədən İnsan Hüquqlarının Müdafiəsi üzrə Avropa Konvensiyasının 6-cı maddəsi hər kəsin səmərəli ədalət mühakiməsinə əlçatımlığı haqqını tanıyır.

Apellyasiya Məhkəmələrini regionlarda yaratmaqla dövlətimiz sübut etdi ki, vətəndaşlarımızın ədalət mühakiməsinə əlçatımlığını nəinki deklarativ olaraq bəyan edir və onlara belə bir hüquqi imkan yaradır, həm də onların məhkəmələrə fiziki əlçatımlığını təmin edir. Artıq, tutaq ki, Gədəbəy rayonunun ucqar bir kəndinin sakini məhkəməyə təkrar müraciət etmək hüququndan istifadə etmək üçün Bakı şəhərinə deyil, daha yaxında yerləşən Gəncə şəhərinə gəlib apellyasiya iclaslarında iştirak edir.

Prosessual qanunvericiliyimiz, məhkəmələr və hakimlər haqqında qanun və Hakimlərin etik davranış kodeksi hakimlərimizdən tələb edir ki, onlar səriştəli və çalışqan olsunlar. Səriştəlilik hakimin peşə fəaliyyəti ilə əlaqədar zəruri nəzəri biliklərə malik olduğunu təsdiq edən əlamətdir. Çalışqanlıq isə peşə fəaliyyətinin həyata keçirilməsi zamanı həvəsi, çevikliyi və qoçaqlığı əks etdirən əlamətdir.

Regionlarda Apellyasiya məhkəmələrinin yaranması həmin məhkəmələrin hakimlərinin öz səriştəlilik və çalışqanlıq səviyyələrini də tələb olunan həddə saxlamağa imkan verdi. Belə ki, Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsində baxılan işlərin həddən artıq çoxluğu işlərə baxılmanın keyfiyyətini aşağı salmaqla yanaşı hakimləri də öz üzərlərində işləmək, nəzəri biliklərini və peşəkarlıqlarını artırmaq imkanlarından məhrum edirdi. Göstərilən səbəblərdən regionlarda apellyasiya məhkəmələrinin yaradılması doğru və yerində atılmış addım idi. Əgər həmin vaxtdan bu günədək apellyasiya məhkəmələrinin keçdiyi yola, fəaliyyətinə diqqət etsək görərik ki, onların yaradılmasından ədalət mühakiməsinin əldə etdiyi səmərə kifayət qədər diqqətçəkicidir.

Əyani təsəvvür yaranması üçün son tam statistika ili olan 2023-cü ilin məlumatlarını təhlil etsək bu öz təsdiqini tapar. Belə ki, əgər həmin ildə birinci instansiya məhkəmələrində təkcə cinayət, mülki və inzibati xətalara dair işlərdən həmçinin kommersiya mübahisələri və inzibati mübahisələrə dair işlərdən ibarət olmaqla 363.742 işə baxılmışdısa, tərəflərin verdiyi şikayətlər əsasında onlardan 40.738 işə, yəni ümumi işlərin 11,19%-nə respublikanın apellyasiya məhkəmələri tərəfindən yenidən baxılaraq, onların qanuniliyi və əsaslılığı yoxlanmışdır. Həmin ildə apellyasiya məhkəmələrində baxılıb nəticə verilmiş 34.080 işin 13.003-dən, yəni 38,1%-dən Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilmişdir. Göründüyü kimi, vətəndaşlarımız 61,9% halda apellyasiya məhkəmələrinin mövqeyini qanuni və əsaslı hesab etmişlər. Kassasiya şikayəti verilmiş işlər üzrə də apellyasiya məhkəmələrinin mövqeyi Ali Məhkəmə tərəfindən əksər hallarda düzgün hesab olunmuşdur. Belə ki, apellyasiya məhkəmələrində baxılmış işlərin cəmi 4,3%-i kassasiya məhkəməsi tərəfindən ləğv edilmişdir.

Beləliklə, respublikanın apellyasiya məhkəmələrinin orta səmərəlilik və sabitlik göstəricisi 95,7% olmuşdur ki, bu da kifayət qədər yüksək nəticə olmaqla Ümummilli Liderimizin apellyasiya instansiyasının üçpilləli məhkəmə sistemimizə daxil edilməsi təşəbbüsünün real həyati nəticəsidir.

Ümummilli Liderimizin başladığı məhkəmə-hüquq islahatları möhtərəm cənab prezidentimiz tərəfindən uğurla davam etdirilir, məhkəmələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün hüquqi baza və faktiki xarakterli tədbirlər günbəgün genişlənir.

“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 03 aprel 2019-cu il tarixli fərmanı, “Korrupsiya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026 illər üçün Milli Fəaliyyət Planı” məhkəmələrdə islahatların dərinləşməsini, şəffaflığın artırılmasını təmin edəcək mühüm tədbirlər, aydın məqsədə doğru aparan yol xəritəsidir.
Məhkəmə-hüquq islahatları başlanğıcı olan, lakin sonu görünməyən, yaradıcı, qurucu bir təkamül prosesdir.

Xalqımız əmin ola bilər ki, məhkəmə hakimiyyətinin bütün təmsilçiləri kimi, respublikamızın apellyasiya məhkəmələri də ölkə başçısının və Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının ətrafında sıx birləşərək işimizlə məhkəmələrimizin gerçək ədalət ocağına çevrilməsi üçün onların təşəbbüslərinə gərəkən fəaliyyətimizlə cavab verəcəyik.

Vəli Abdullayev

Şirvan Apellyasiya Məhkəməsinin sədri

Oxşar xəbərlər