1 milyondan çox dələduzluqda təqsirləndirilən qadının məhkəməsi: "Yoldaşım buna görə məni döyürdü"


  • 25 Sentyabr 11:12

"Yardımlaşma kampaniyası” adı altında vətəndaşları aldadaraq onların külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Tənzilə Kərimovanın cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlərdən Aygün Məsimova ifadə verərək bildirib ki, bu oyuna girəndə ilk olaraq 200 manat yatırıb: "Dedilər özündən başqa 2 nəfər gətirməlisən, mən də gətirdim həmin şəxsləri. Onlar pulu atırdılar mənim kartıma, məndə atırdım Aygün Abbasova adlı qrup rəhbərinin kartına. 2365 manat pul yatırdım, bir manatda geri götürməmişəm. Mən vurulan ziyanı tələb edirəm".

Sonra digər zərərçəkən Maral Nəzərova ifadə verdi: "İlk olaraq razı olmadım Gülşən xanımın dəvətinə. Sonra Tənzilə mənə səs atdı. Oğlumun, qızımın adına pullar qoydum. Ümumilikdə mənə dəymiş ziyanın miqdarı 7100 manatdır. Qızım xərçəng xəstəsidir, onun müalicəsi üçün olan pullar idi. Tənzilə xanım qrupda səs ataraq deyirdi bizi xaricdən maliyyələşdirirlər".

Zərərçəkənin sözlərinə görə, ilk olaraq 30-50 manatla başlayıb, daha sonra məbləği artırıb: "Bir adam dəvət etdim, 2000 manat qazanc götürdüm həmin şəxsdən. 7100 manatın 2000 manatı həmin puldur".

Zərərçəkən Pərvanə Əliyeva ifadə verərək qeyd edib ki, bu oyunda 3-cü qrup rəhbəri olub: "Mənim qrupumda olan Kəmalədir. Məni Səkinə xanım dəvət edib, 180 manat Tənzilə xanımın kartına atıb oyuna qoşulmuşam. Mən bir az aktiv oldum və qrup rəhbəri təyin edildim. Tənzilə xanım səs ataraq deyirdi ki, borc tapın qoyun, pullar qayıdacaq. İndi bütün qohumlarımla düşmənəm. Mən, İlahə, bir də Aygün qrup rəhbəri idik. 4 bank kartı işlətmişəm. Kartımda qohumlarımın 30 min pulu var idi. Həmin pulu qrup rəhbərlərinə ötürdüm. Tənzilə xanımın kartına 10 min pul atmışam. Özüm kartlardan 17 min manat pul çıxartmışam. Mən özüm 73 min manat ziyan çəkmişəm. Yoldaşım Rusiyadadır, bizim borcumuz var idi. Ona görə bu oyuna girdik. Neçə dəfə həyat yoldaşım məni döydü, amma mən dedim yox, oyundan çıxmayacam".

Tənzilə Kərimova isə bildirib ki, Pərvanə Əliyevanın 5 kartına 48 min pul göndərib: "Həmin kartların ikisini istintaqdan gizlədib. Yoldaşının adına olan kartdan 18 min manat pul çıxarıb"

Zərərçəkən Günay Hüseynova ümumilikdə 9500 manat ziyan çəkdiyini bildirib.

Zərərçəkən Samirə Bağırova isə 13500 manat ziyan çəkdiyini söylədi.

Zərərçəkən Günel Mehdiyeva bu oyuna 17 avqustdan 12 sentyabra kimi 6800 manat pul qoyduğunu deyib.

Məhkəmə prosesi oktyabr ayının 9-na kimi təxirə salındı.

Qeyd edək ki, Tənzilə Kərimova 11 "WhatsApp” qrupu yaradıb. O, bu qruplar vasitəsi ilə vətəndaşları aldadaraq onların külli miqdarda pullarını ələ keçirib. Belə ki, o vətəndaşlara qarşı 1 milyon 232 min 559 manat ziyan vurub.

Cinayət işi üzrə 81 nəfər zərərçəkmiş var.

Tənzilə Kərimovanın barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.

Orxan Rasifoğlu

Oxşar xəbərlər