Bələdiyyə sədrinə hökm oxundu


  • 10:40

Şağan kənd bələdiyyəsinin sədri Sevinc Atayeva və bir qrup keçmiş əməkdaşı - Əli Cahangirov, Ruslan Məmmədov, Elçin Xalıqov və Elşən Xanlarova hökm oxunub.

E-huquq.az-ın verdiyi məlumata görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, Sevinc Atayeva 1 il müddətinə dövlət orqanlarında vəzifə tutmaq səlahiyyətindən məhrum edilməklə 2 min manat cərimə edilib. Digər şəxslərə də müxtəlif məbləğlərdə cərimə cəzası tətbiq edilib.

Cinayət işində zərərçəkmiş qismində Xəzər rayon Şağan bələdiyyəsi və Aydın Əliyev tanınıb.

Xatırladaq ki, 2023-cü ilin iyul ayında Xəzər rayonu, Şağan Bələdiyyəsinin sədr vəzifəsini icra edən Sevinc Atayeva və bir qrup keçmiş əməkdaşı barəsində cinayət işi başlanıb. Təqsirləndirilən şəxslər sənəd saxtalaşdırmaqda və külli miqdarda dələduzluqda təqsirləndirilirlər. Sevinc Atayeva Cinayət Məcəlləsinin 308.1 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (Vəzifə saxtakarlığı) Əli Cahangirov, Ruslan Məmmədov, Elçin Xalıqov və Elşən Xanlarov 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) və digər maddələri ilə ittiham olunurlar.

Onların hər biri barəsində həbsə alternativ qətimkan tədbiri seçilib.

S.Atayeva həm də Şağan qəsəbəsindəki orta məktəblərdən birində direktor müavini vəzifəsində çalışır.

Orxan Rasifoğlu

Oxşar xəbərlər