Hüseyn Abdullayevi tanınmış həkim müayinə edəcək - Məhkəmə qərar qəbul etdi


  • 19 Sentyabr 13:45

Sabiq deputat Hüseyn Abdullayevin məhkəməsi davam etdirilib.

E-huquq.az-ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesinə Bakı İstintaq Təcridxanasından qoşulan Hüseyn Abdullayev səhhəti ilə əlaqədar kamera qabağında görüntülənmək istəməyib. Ancaq hakim bunun mümkün olmadığını bildirib.

Sonra Hüseyn Abdullayevin vəkili onun sağlamlıq durumunu müayinə etmək üçün professor Adil Qeybullanın Bakı İstintaqa Təcridxanasına buraxılması ilə bağlı vəsatət verib.

Dövlət ittihamçısı vəsatətin təmin olunmamasını istəyib.

Hakim Azər Tağıyev məhkəmə həyatı ilə müşavirə etdikdən sonra vəkilin vəsatətini təmin edib.

Sonra dövlət ittihamçısı ittiham aktını elan edib.

Dövlət ittihamçısı ittiham aktını elan edən zaman Hüseyn Abdullayev səhəti ilə əlaqədar dayana bilmədiyindən ittiham aktının tam oxumasına etiraz edib. Həmçinin bildirib ki, ittiham aktı saxta tərtib olunub, hüquqla heç bir əlaqəsi yoxdur, özünü bu işdə təqsirli bilmir.

Daha sonra məhkəmə istintaqının ilkin olaraq şahidlərin dindirilməsi ilə başlamasına qərar verilib.

Məhkəmənin növbəti iclası oktyabrın 3-nə təyin edilib.

Qeyd edək ki, 2019-cu ilin oktyabr ayında H.Abdullayev 6 il müddətinə azadlıqdan məhrum edilib. Sabiq deputata hədə-qorxu ilə tələb etmə, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma və digər əməllərlə bağlı ittiham verilib.

Həbs müddətinin bitməsinə az qalmış onun barəsində yenidən cinayət işi başlanılıb. İstintaqla Hüseyn Abdullayevin bilə-bilə cinayət yolu ilə əldə etdiyi əmlakın həqiqi mənbəyini gizlətmək məqsədi ilə özünün və ailə üzvlərinin adlarına ölkəmizdə fəaliyyət göstərən banklarda açılmış 7 bank hesabı vasitəsi ilə ümumilikdə 5.5 milyon manatdan artıq pul vəsaitini müxtəlif fiziki və hüquqi şəxslərin Azərbaycan Respublikası və xarici ölkələrdəki bank hesablarına köçürməklə, konvertasiya əməliyyatlarını həyata keçirməklə, habelə qanunsuz əqdlər bağlamaqla yaxın qohumunun adına Azərbaycan Respublikası ərazisində daşınmaz əmlaklar alaraq həmin məbləğdə pul vəsaitini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Orxan Rasifoğlu

Oxşar xəbərlər