60 min manat dələduzluq edən MMC əməkdaşlarının məhkəməsi başlayıb


  • 10:42

Külli-miqdarda dələduzluqda təqsirləndirilən Mustafa Qurbanov və Maqsud Kərimovun cinayət işi üzrə məhkəməsi başlayıb.

E-huquq.az-ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Mustafa Qurbanovun MMC-də dizayner işlədiyi məlum olub. Digər MMC işçisi Maqsud Kərimovun da anket məlumatları dəqiqləşdirildikdən sonra zərərçəkən Seyran Əhədovun anası Gülxar Əhədovanın məhkəməyə təqdim etdiyi etibarnaməsi qəbul olunub.

Səbəb isə zərərçəkən kimi tanınan Seyran Əhədovun hazırda ölkədə olmaması göstərilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər barəsində ibtidai istintaq dövründə "polis nəzarəti altına vermə" qətimkan tədbiri seçilib. Mustafa Qurbanovun vəkili zərərçəkən şəxsin onun müvəkkilindən heç bir şikayətinin olmamasını qeyd edib, bunula bağlı ərizənin olmasını da bildirib. Və həmçinin iş materialları ilə tanış olmadığı üçün məhkəmənin hazırlıq iclasının təxirə salınması ilə bağlı şifahi vəsatət verib. Hakim vəkilin vəsatətini təmin edərək məhkəmə prosesinin hazırlıq iclasını 26 sentyabr tarixinə kimi təxirə salıb.
İttiham aktı ilə məlum olub ki, MMC əməkdaşları işlədikləri şirkətin adından istifadə edərək vətəndaşa qarşı 60 min manatdan çox dələduzluq ediblər.

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda törədildikdə) və 320-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Oxşar xəbərlər