Qazilərə qarşı dələduzluq etməkdə təqsirləndirilən vəzifəli şəxsin məhkəməsində mübahisə düşdü


  • 16 Sentyabr 10:38

Bakıda 5 nəfərin 186 min manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən bələdiyyə işçisi olan Məmməd Ağakişiyevin məhkəməsi keçirilib.

E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər təqsirləndirilən şəxs barəsində "polis nəzarəti altına vermə" qətimkan tədbirinin "həbs qətimkan" tədbiri ilə dəyişdirilməsi barədə vəsatət qaldırıblar.

Vəsatət təmin olunmayıb. Nəticədə məhkəmə zalında mübahisə düşüb.

Həmçinin zərərçəkənlər ərizə ilə müraciət edərək bildiriblər ki, guya təqsirləndirilən şəxsin vəkili onlara müdafiə etdiyi şəxs barəsində bəraət hökmü çıxarılacağını söyləyib.

Daha sonra təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Dövlət ittihamçısı işin baxışa verilməsini məhkəməyə təklif edib. Məhkəmə qısa müşavirədən sonra cinayət işini baxışa verilməsi ilə bağlı qərar qəbul edib.

Məhkəmənin növbəti iclası sentyabrın 23-nə təyin edilib.

Qeyd edək ki, ittiham aktına görə, Məmməd Ağakişiyev 5 nəfərə dələduzluq yolu ilə Nardaran kəndi ərazisində torpaq satıb və onların 186 min manat pulunu alıb. Qeyd edək ki, zərərçəkənlərin 2-si Qarabağ qazisidir. Məmməd Ağakişiyev isə cinayət işi başlayana kimi, yəni 2023-cü ilin sentyabr ayına kimi Kürdəxanı bələdiyyəsində şöbə müdiri olub.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda törədilməklə dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq dövründə "polis nəzarəti altına vermə" qətimkan tədbiri seçilib.

Orxan Rasifoğlu

Oxşar xəbərlər