Auditorlar Palatasındakı mənimsəmə ilə bağlı məhkəmə: "Bu işdən rəhbərliyin xəbəri var idi"


  • 13 Sentyabr 13:19

Azərbaycan Auditorlar Palatasının Maliyyə və texniki təminat idarəsinin sabiq rəisi Vəli Rəhimov, maliyyəçi-mühasib Gövhər Əhmədova və auditor Fəridə Novruzovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Fəridə Novruzova ifadə verib.

O özünü törətdiyi əməldə təqsirli bilib: “Əməlimdən peşmanam. Maddi vəziyyətim aşağı idi. Qayınanam onkoloji xəstəlikdən əziyyət çəkirdi. Mənim pula ehtiyacım var idi. Rəhbərliyə ərizə yazdım. Onlar mənə 5000 manat pul verdilər. Həmin pul aylıq olaraq əmək haqqımdan çıxılırdı. Daha sonra mən Gövhər xanımdan xahiş etdim. O, mənə əlavə pul yazırdı. Mənim işim cədvəli hazırlayıb Vəli müəllimə təqdim etmək idi. O imzalayırdı. Sonra isə biz həmin cədvəldə dəyişiklik edirdik”.

Təqsirləndirilən şəxs Vəli Məmmədov Fəridə Novruzovanın ona vərəqi gətirdiyini təsdiqləyib: “Mənə maaş vərəqi gəlirdi. Kimin nə qədər maaş aldığını görürdüm. Lakin sonda cəm məbləğ yazılmırdı. Mən idarə rəisiyəm, onu hesablamaq mənim işim deyil. Mən işçilərimə güvəndiyim üçün rəqəmləri hesablatmırdım”.

Fəridə Novruzovanın istintaq dövründə verdiyi ifadə məhkəmədəki ifadə ilə ziddiyyət təşkil etdiyi üçün məhkəmə ifadəni elan edib.

Təqsirləndirilən şəxs istintaq dövründə verdiyi ifadəni qismən, məhkəmə zalındakı ifadəni tam təsdiqləyib.

Qeyd edək ki, Fəridə Novruzova istintaq dövründə verdiyi ifadədə törədilən mənimsəmə faktında Vəli Məmmədovun adını hallandırsa da, məhkəmə zalında Vəli Məmmədovun bu işdən xəbəri olmadığını, faktı Gövhər Əhmədova ilə törətdiyini vurğulayıb: "Mənə Gövhər xanım bildirdi ki, gəl, əlavə pullar köçürək, amma Vəli müəllim bilməsin. Öncə də qeyd etdiyim kimi, mənim maddi vəziyyətim aşağı idi. Mən məcburi şəkildə buna razı oldum”.

“Gövhər xanımın qızı da burada müxtəlif vəzifələrdə çalışıb. O hesaba əlavə pul köçürülürdü. Pulu kimin çıxardığını bilmirəm”, - deyə F.Novruzova əlavə edib.

Digər təqsirləndirilən şəxs Gövhər Əhmədova ifadənin yalan olduğunu qeyd edib: “Bu işdən rəhbərliyin xəbəri var idi. Əməkhaqqı cədvəli "İnternet Bakinq" vasitəsi ilə banka gedirdi. Bu proses ciddi şəkildə yoxlanılırdı”.

Məhkəmənin növbəti iclası oktyabrın 11-nə təyin edilib.

Xatırladaq ki, Palatanın maliyyə və texniki təminat İdarəsinin sabiq rəisi, baş mühasib Vəli Rəhimov, maliyyə təminatı və xarici əlaqələr idarəsinin maliyyəçi-mühasibi Gövhər Əhmədova və digər auditoru Fəridə Novruzovaya qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.

İş üzrə dəymiş ziyan 700 min manatdır. Cinayət işi üzrə Azərbaycan Auditorlar Palatası zərərçəkmiş qismində tanınıb.

Orxan Rasifoğlu

Oxşar xəbərlər