Oğurluqda təqsirləndirilən 6 uşaq anası: "Narkotik almaq üçün etmişəm"

Bakıda bir neçə mağazadan oğurluq etməkdə təqsirləndirilən Səbinə Ağayevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

E-huquq.az-ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər dindirilib.

Zərərçəkmiş Vüsalə Musayeva deyib ki, təqsirləndirilən şəxs ondan 240 manat oğurlayıb: "Mənim geyim malları satılan mağazam var. Yeni mallar gəlmişdi, başım qarışıq idi. Səbinə 2 saata yaxın guya mal almaq adı ilə səmimiliyimdən istifadə edərək mənim çantamdan 240 manat pulumu aparıb".

Təqsirləndirilən şəxs cavabında narkotik ehtiyacını ödəmək üçün oğurluq etdiyini bildirib.

Digər zərərçəkmiş şəxs Lətafət Əzimova 2 min 160 manat ziyan çəkdiyini bildirdi: "Həmin pul onkoloji xəstə olan oğlumun əməliyyat pulu idi. Bankdan kredit götürmüşdüm. Çantamdan 1560 manat pulumu və 600 manat dəyərində telefonumu götürüb. Mən Zahid Xəlilov küçəsində yerləşən gözəllik salonunda administrator işləyirəm, hadisə də orada baş verib. Eşitdim ki, həmin gün polis onu tutub, gedib sənədlərimi götürsəm də, pul yox idi".

Səbinə Ağayeva hadisəni törətdiyini və həmin puldan 200 manat xərclədiyini etiraf etdi: "Qalan pul isə tutulanda pulqabımda idi".

Zərərçəkmiş Nəzakət Abdullayeva Azadlıq metrosunun yanında geyim mağazası işlətdiyini qeyd edib: "Bu qadın girdi mağazaya 4-5 sumka geyim əşyaları yığdı. Sonra dedi ki, hələ çox alacağı var. Guya taksiyə onu gözləməməsi demək üçün çölə çıxdı. 3610 manat ziyan çəkmişəm, stolun üstündən gəlinimin qızıl qolbağını, pul və telefonu aparıb. Kaşlyokun içindən pulu götürub, özünü zibil qabına atıb. Gəlib məndən 4 min manat istəsəydi, verərdim. Bu qədər stress yaşamazdım".

Məhkəmə prosesi sentyabr ayının 20-nə kimi təxirə salındı.

Qeyd edək ki, S.Ağayevaya qarşı Cinayət Məcəlləsinin 234.1-1 (külli miqdar narkotik vasitəni saxlama, daşıma, emal etmə) və 177-ci (oğurluq) maddələri ilə ittiham irəli sürülüb. Cinayət işində 19 nəfər zərərçəkmiş qismində tanınıb.

S.Ağayeva əvvəllər də dəfələrlə məhkum olunub. O, 6 uşaq anasıdır.

Orxan Rasifoğlu