Məhkəmə 3 nəfərin ölümündə təqsirləndirilən sürücü ilə bağlı qərar verəcək

Ağdaşda 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Adil Qasımovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Tural Əfəndizadənin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Adil Qasımov idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə rayonun Ləki qəsəbəsi ərazisində hərəkətdə olarkən yolun kənarında dayanan 2 “Ford” markalı yük avtomobilini vurub. Nəticədə hər iki “Ford”un sürücüsü, 1980-ci il təvəllüdlü Ağəmmədov Yasin Sədyar oğlu və 1991-ci il təvəllüdlü Əlizadə Rəşad Ədalət oğlu, eləcə də orada olan 1982-ci il təvəllüdlü Qarayev Yaşar Maarif oğlu aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər. A.Qasımova qarşı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə