Ali Məhkəmə: Mediasiya prosesində bağlanan barışıq sazişi ilə ər-arvad əmlaklarının rejimini dəyişə bilərlər, yəni hər birinin əmlakına birgə, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq edə bilərlər


  • 26 İyul 10:59

Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyası vahid məhkəmə təcrübəsini müəyyən edən daha bir qərar qəbul edib.

E-huquq.az xəbər verir ki, bu barədə vəkil Vəli Vəliyev bildirib.

Onun sözlərinə görə, Ali Məhkəmənin qərarına əsasən mediasiya prosesində bağlanan barışıq sazişi ilə ər-arvad əmlaklarının rejimini dəyişə bilərlər, yəni hər birinin əmlakının birgə, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq edə bilərlər:

"Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, maraqlı şəxs ilə arasında bağlanmış və Şəki 1 saylı Mediasiya Təşkilatının mediatoru tərəfindən təsdiq edilmiş, 28 oktyabr 2022-ci il tarixli barışıq sazişinin məcburi icrası üçün, həmin sazişin maraqlı şəxs tərəfindən icra edilməyən, yəni, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* №-li çıxarışda göstərilən, maraqlı şəxs adına olan, Zaqatala şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən 0,04 hektar ölçüdə torpaq sahəsinin tərəflər arasında bərabər olaraq hər birinə 1/2 hissədə ayrılması (bölünməsi)” hissəsində təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli qətnaməsi ilə barışıq sazişi təsdiq edilməmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, barışıq sazişinin 1.3-cü bəndi qanuna zidd olduğundan barışıq sazişinin həmin hissəsinin təsdiqindən imtina edilməlidir.

Belə ki, maraqlı şəxs adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmış Zaqatala şəhəri Mehdi Hüseynzadə küçəsində yerləşən ümumi sahəsi 81,20 kv.m olan fərdi yaşayış evi ərizəçi ilə maraqlı şəxsin birgə nikahları dövründə inşa edilməsinə baxmayaraq, həmin fərdi yaşayış evinin yerləşdiyi 0,04 ha torpaq sahəsi maraqlı şəxs tərəfindən ərizəçi ilə nikaha daxil olmazdan əvvəl, yəni 2005-ci il tarixdə əldə edildiyindən torpaq sahəsi ərizəçi ilə Maraqlı şəxs ümumi birgə mülkiyyəti sayıla bilməz və həmin əmlakın birgə nikah dövründə əldə edilmiş əmlakların siyahısına əlavə edilməklə bölünməsi maraqlı şəxsn qanunla qorunan mülkiyyət hüquqlarının pozulması ilə nəticələnə bilər.

Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 noyabr 2023-cü il tarixli qətnaməsi ilə аpellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının 16.05.2024-cü il tarixli nömrəli Qərarı ilə kassasiya şikayəti təmin edilərək barışıq sazişi maraqlı şəxs tərəfindən icra edilməyən hissədə təsdiq edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, torpaq sahəsi nikaha daxil olmazdan əvvəl alınsada tərəflər barışıq sazişi ilə həmin torpaq sahəsinə paylı mülkiyyət rejimi tətbiq etmişdirlər”.

Oxşar xəbərlər