"Şlyapa Zahid"in məhkəməsi başladı


  • 24 İyul 19:17

Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi tədqiqatlar idarəsinin sabiq baş zabiti Zahid Niftəliyevin ("Şlyapa Zahid") cinayət işi üzrə məhkəməsi başlayıb.

E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Dövlət ittihamçısı Elvin Mirzəyev işin baxışa verilməsini məhkəməyə təklif edib. Qısa müşavirədən sonra hakim N.Kərimov işin baxışa verilməsi ilə bağlı qərar qəbul edib.

Məhkəmənin baxış iclası iyulun 31-nə təyin edilib.

Qeyd edək ki, Z.Niftəliyevə qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 306.2-ci (məhkəmə qətnaməsini icra etməmə) maddələri ilə ittiham irəli sürülüb.

Bundan öncə də Zahid Niftəliyev Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Z.Niftəliyev Azərbaycan Ordusunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı hesab edilirdi. O, "Şlyapa Zahid" ləqəbi ilə tanınır.

Orxan Rasifoğlu

Oxşar xəbərlər