Talassemiyalı uşaqların pullarını mənimsəməkdə təqsirləndirilənlərin məhkəməsi: "Həbsdən çıxandan sonra onu yaşatmayacam"


  • 24 İyul 17:58

Talassemiyalı uşaqlar üçün toplanmış bir milyonluq vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şirkət sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

E-huquq.az-ın məlumatına görə , Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə Dövlət Əmək Müfəttişliyindən və Dövlət Vergi Xidmətindən məhkəmənin sorğularına gələn cavablar elan olunub.

Məlum olub ki, Nuridə Seyidova və digərləri ilə bağlı əmək müqavilələri sistemdə mövcud olmayıb. Müttəhim Nuridə Seyidova bu məlumatların olmamasını xarici ölkənin vətəndaşı olması ilə əlaqələndirib. Dövlət Vergi Xidmətinin cavab məktubunda Nuridə Seyidovanın rəhbərlik etdiyi şirkətlərdə kassa aparatlarının olmadığı bildirilib.

Hakim hesabda 100 minlərlə vəsait olduğunu, lakin hesabatlarda 5-6 manat pul yazıldığını söyləyib.

Məhkəmə prosesində zərərçəkən Tural Nəsimiyev təqsirləndirilən şəxslər barəsində mülki iddia qaldırıb. Mülki iddiada bildirilib ki, hər üç təqsirləndirilən şəxsdən ona dəymiş 42 min manat maddi, 8 min manat isə mənəvi ziyanı tələb edir.

T.Nəsimiyevin sözlərinə görə, onu Nuridə ilə əlaqələndirən A.Bayramova olub. Dəymiş ziyandan cəmi 10 min manatın qaytarıldığını deyən zərərçəkmiş qalan məbləği təqsirləndirilən şəxslərdən tələb etdiyini bildirib.

Zərərçəkən Aysel Abdullayeva isə işin daha dərindən araşdırılmalı olduğunu deyib: "Onlara qanunsuz olaraq Talassemiya Mərkəzinə giriş icazəsi verilib. Bu mərkəz qapalı müəssisədir. Talassemiyalı xəstələrinin qan nümunələri və məlumatları bunlara ötürülüb".

Nuridə Seyidovanın sözlərinə görə, anasına məxsus evi sataraq zərərçəkənlərin bir qisminə ödənişləri qaytarıb. Həmçinin o, bu günə qədər beş nəfər talassemiya xəstəsinin sağaldığını bildirib.

Zərərçəkən Natiq Qubatov ona etiraz edərək deyib ki, Nuridə Seyidovanın tam sağaldığını bildirdiyi uşaqların çoxunu Heydər Əliyev Fondu müalicə etdirib, onların bir qisminin də müalicə olunduğu xəstəxanaya borcu qalıb: "Bu bizim balalarımızın pulu ilə anasını müalicə etdirib. İstintaqa video təqdim etmişik, həmin videoda Nuridə Seyidova mənə yalvarır ki, uşağı müalicəyə aparacaq, onu şikayət etməyim. Balama görə dostlarıma, tanışlarıma ağız açmışam. Bunun elədiyi Xocalı soyqırımı ilə eynidir. Bunlar bizim pulu lotereya kimi istifadə ediblər. Nuridədə analıq hissi yoxdur. Həbsdən çıxandan sonra onu yaşatmayacam, xəstə balamın pulunu yeyib".

Nuridə Seyidova isə bildirib ki, sözügedən video hədə-qorxu ilə çəkilib. Onun sözlərinə görə, Natiq bütün valideynləri onun üstünə qaldıraraq ofislərinə basqın edib. O da bununla bağlı Daxili İşlər Nazirliyinin "102" qaynar telefon xəttinə şikayət edib.

Məhkəmənin növbəti iclası sentyabrın 11-nə təyin olunub.

Qeyd edək ki, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra faktla bağlı cinayət işi başlanılıb. İstintaqla müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib. Xanım müttəhimlərə qarşı Cinayət Məcəlləsinin 178.4-cü ( dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Oxşar xəbərlər