Məhkəmə-Hüquq Şurasının nümayəndə heyəti Estoniyada səfərdə olub - FOTO


  • 8 İyul 10:31

“Azərbaycanda məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə dəstək” layihəsi çərçivəsində Ali Məhkəmənin hakimi, Hakimlərin Seçki Komitəsinin üzvü Vidadi Cəfərov, Ali Məhkəmənin hakimi, Hakimlərin Seçki Komitəsinin üzvü Elşanə Vəliyeva, Məhkəmə-Hüquq Şurasına ezam olunmuş Şirvan Apellyasiya Məhkəməsinin hakimi, Hakimlərin Seçki Komitəsinin üzvü Orxan İsmayılov, Məhkəmə-Hüquq Şurasına ezam olunmuş Bakı Apellyasiya Məhkəməsinin hakimi Tural Qocayev, Məhkəmə-Hüquq Şurasının əməkdaşı Lalə Əhmədzadə və hakimliyə namizədlərdən ibarət nümayəndə heyəti Estoniya Respublikasında səfərdə olublar.

Bu barədə e-huquq.az-a Şuradan məlumat verilib.

Səfər zamanı Estoniya Respublikasının Ali Məhkəməsində, Ədliyyə Nazirliyində, Tartu Universitetinin Hüquq fakültəsində görüşlər keçirilib, habelə bir sıra birinci instansiya məhkəmələrinin fəaliyyəti ilə əyani tanış olunub. Görüşlərdə nümayəndə heyətinə Estoniya məhkəmə sisteminin inkişafı, məhkəmələrdə tətbiq olunan elektron sistemlər, hakimlərin seçilməsi və təlimlərə cəlb edilməsi prosedurları və digər məsələlər barədə məlumatlar verilib.

Həmçinin hakimlərin iş yükünün hesablanması və iş bölgüsü, məhkəmə sistemində tətbiq edilən innovasiyalar barədə təqdimatlar nümayiş etdirilib və heyət üzvlərinin sualları cavablandırılıb.

Heyət tərəfindən ölkəmizdə məhkəmə-hüquq islahatları sahəsində görülmüş işlər, bu sahədə mövcud müsbət təcrübə və əldə olunmuş nailiyyətlər barədə ətraflı məlumat verilib.

Oxşar xəbərlər