Müdafiə Nazirliyindəki 143 milyon manatlıq mənimsəmə ilə bağlı növbəti məhkəmə keçirilib


  • 6 İyul 16:16

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

E-huquq.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində A.Rzayev ifadə verib.

O bildirib ki, “Kral” MTK-nın rəhbəridir. Onun sözlərinə görə, Nizami Məmmədovla bir dəfə görüşü olub: “Həmin görüş qeyri-rəsmi idi. Biz məsciddə yas məclisində görüşdük. Bu görüş 2-3 dəqiqə çəkdi. Mən onunla heç bir söhbət aparmadım. General olduğu üçün yaxınlaşaraq görüşmüşəm”.

ahid qeyd edib ki, Müdafiə Nazirliyinin elan etdiyi tenderlərdə iştirak edib, ayrı-ayrılıqda təqdim etdiyi sənədlər əsasında tenderlərin qalibi olub: “Mən özüm maliyyə işləri ilə məşğul olmamışam. Bu işlərlə işçim İlqar İsayev məşğul olub. Bizim şirkətlər Müdafiə Nazirliyinin hərbi hissələrdə avtomobillərin ehtiyat hissələrinin təmin olunması ilə bağlı tenderlərdə iştirak edilməsi üçün lazımı sənədləri təqdim etmişik. Tenderlərdə qalib gəlmişik və hərbi hissələrə lazım olan avtomobillərin ehtiyat hissələrini təmin etmişik”.

A.Rzayevin sözlərinə görə, 31 ildir Müdafiə Nazirliyinin tenderlərində iştirak ediblər, rəhbərlik etdiyi şirkətlərin təsisçisi mərhum atası İslam Rzayev olub. Onun sözlərinə görə, sonradan vərəsəlik əsasında şirkətlərin birinin təsisçisi bacısı, digər iki şirkətin təsisçisi isə özü olub.

Şahid qeyd edib ki, əvvəllər Müdafiə Nazirliyinin avtomobillərini ehtiyatı hissələrinin təmin olunması ilə bağlı tenderlərdə iştirak etsələr də, sonradan ərzaq təminatı ilə bağlı tenderlərdə də iştirak edib. Şahid deyib ki, buna görə də ikinci şirkəti təsis ediblər: “Biz sənəd təqdim edən zaman eyni şirkətin həm avtomobillərin ehtiyat hissələri, həm də ərzaq təminatı ilə bağlı iştirak etməyin mümkün olmadığını dedilər. Buna görə də biz sonradan başqa bir şirkət təsis etdik və ərzaq təminatı ilə bağlı tenderlərə qatıldıq”.

A.Rzayev bildirib ki, Müdafiə Nazirliyinin tenderlərində qalib gələndən sonra maliyyə məsəllərinin tənzimlənməsi çox rahat olub, onların nazirlikdə maliyyə məsələlərində heç bir problem yaranmayıb: “Amma bəzi maliyyə məsələləri yaranıb. Bunu da mənə İlqar İsayev deyib. Mən də bunun xərclərlə bağlı olduğunu bilmişəm. Biz heç kimə vəsaitlərin ayrılması ilə bağlı faiz ödəməmişik”.

Şahid bildirib ki, maliyyə işləri ilə İlqar İsayev məşğul olub: “Mən heç kimə əlbəəl pul verməmişəm. Ola bilsin ki, həmin vəsaiti də İlqar İsayev verib. İlqar İsayev mənə həmişə deyib ki, maliyyə məsələləri var, mən də heç bir söz deməmişəm. Bunların məhsulların gətirilməsi, paylanılması xərcləri olduğun düşünmüşəm”.

Daha sonra şahidə istintaq zamanı verdiyi ifadəsinin digər hissəsini xatırladılıb. Şahidin nəzərinə çatdırılıb ki, o, istintaq zamanı verdiyi ifadəsində Mahir Şirvanova 165 min, Nizami Məmmədova 30 min manat verdiyini deyib.

Şahid məhkəmədə etiraf edib ki, həmin ifadəni sənədlər əsasında verib. Onun sözlərinə görə, istintaqa ifadə verməyə gedən zaman özü ilə sənədlər aparıb və həmin sənədləri təqdim etməklə bu məzmunda ifadə verib.

Daha sonra A.Rzayevin ibtidai istintaq zamanı verdiyi ifadələr elan edilib. Hakim Fikrət Əliyev ilk əvvəl A. Rzayevin 2 aprel 2022-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində verdiyi ifadəsi elan edilib.

Həmin ifadədən məlum olur ki, Müdafiə Nazirliyinin elan etdiyi tenderlərdə iştirak edib, onların rəhbərlik etdiyi şirkətlər qalib elan edilib. Həmin ifadədə qeyd edib ki, 2015-2022-ci illərdə şirkətləri nazirliyin elan etdiyi tenderlərində məbləğ 22 milyon 656 min manat olub.

A.Rzayevin ifadəsində göstərilib ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi tərəfindən şirkətlərə ödəmələrlə bağlı heç bir gecikmə olmayıb, vəsaitlər vaxtlı-vaxtında ödənilib.

A.Rzayev isə ikinci ifadəsini 25 aprel 2022-ci ildə istintaqa verib. O, həmin ifadəsində tenderlərdə qalib olduğu 3 milyon manatdan danışıb. Bildirib ki, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanova 201 min manat çatdırıb. O deyib ki, gəmi heyətlərinin alınması üçün 2 milyon manatlıq tenderdə qalib olub. O, həmin məbləğdən Məlikməmməd Qurbanova 159 min manat “otkat” verib.

A.Rzayev Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində üçüncü dəfə 3 iyul 2023-cü ildə dindirilib. Həmin ifadə də səsləndiriləndən sonra A.Rzayev sorğu-sual edilib. O, bütün ifadələrini təsdiqləyib. O, yenə də Nizami Məmmədovu tanımadığını, onunla əlaqəsi olmadığını deyib.

Məhkəmədə arayış verən Nizami Məmmədov deyib ki, şahidi ilk dəfədir burada görür. O bildirib ki, şahid onunla bağlı istintaqda ifadə verib: “O zaman da görməmişik, üzləşməmişik.

Daha sonra Cəlal Kazımovun vəkili Əli Adıgözəlov vəsatətlə çıxış edib. O, Şüvəlan qəsəbəsində dəyəri 100 min manat olan Nüşabə Kazımovaya məxsus üzərinə həbs qoyulan bağ evinin həbsdən çıxarılmasını, ziyanın ödənilməsi üçün satılmasını istəyib.

Məhkəmə vəsatətin təmin edilməsi barədə qərar qəbul edib.

Daha sonra Vüsal Əlizadə vəsatətlə çıxış edib. O deyib ki, Hərbi Dəniz Qüvvələrinin “N” saylı hərbi hissəsini Maliyyə Nazirliyinin dövlət maliyyə nəzarəti xidməti tərəfindən şəxsi heyətini pul təminatının yoxlanılması sadəcə istinadən edilmədən sırf mülahizə və ehtimallar əsasında aparılaraq qiymətləndirilib.

Vüsal Əlizadə qeyd edib ki, təftişçilərin apardığı yoxlamalar düzgün aparılmayıb, buna görə də təkrar yoxlama təyin edilməsini xahiş edib. Vəsatət təmin olunmayıb.

Prosesdə Cəlal Kazımov qeyd edib ki, hərbi hissələrdə yoxlamalar səthi şəkildə aparılıb. Onun sözlərinə görə, hərbi qulluqçu, əsgər olub: “Mənə nə göstəriş verilib, nə deyilib, onu da icra etmişəm. 30 il ərzində mənə nə deyiblər, onu da etmişəm. 29 ay vəzifədə olmuşam, 30 aydır cəzasını çəkirəm. Hərbi hissələrdə yoxlamalar düzgün aparılmayıb. Hesablamalar da düzgün gəlmir.

Cəlal Kazımovun vəkili Əli Adıgözəlov bildirib ki, mənimsənilmə ilə bağlı hesablara köçürmələr olub. Onun sözlərinə görə, bununla bağlı şəxslərin ad və soyadları mövcuddur: “Amma həmin şəxslər istintaq zamanı dindirilməyib. Növbəti iclasda biz həmin şəxslərin dindirilməsi üçün vəsatətlərimiz olacaq”.

Bu səbəbdən növbəti proses iyulun 12-nə təyin edilib.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.

Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Oxşar xəbərlər