Ailəsinin beş üzvünü öldürməkdə təqsirləndirilən Əhməd Əhmədov ifadə verməkdən imtina etdi - FOTO


  • 4 İyul 13:10

İkisi azyaşlı olmaqla ailəsinin beş üzvünü amansızlıqla öldürməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

E-huquq.az-ın məlumatına görə, Əhməd polisin müşayiəti ilə saxlanıldığı xüsusi xəstəxanadan Bakı Ağır Cinayətlər Məhkəməsinə gətirilib.

Məlum olduğu kimi, Əhməd ekspert rəyləri ilə anlaqsız hesab edilib. Bu səbəbdən qanunun tələbinə uyğun olaraq, məhkəmədə qanuni nümayəndəsi ilə iştirak edib.

İlk baxış iclasının mahiyətinə uyğun olaraq, əvvəlcə prokurorluğun göndərdiyi qərar elan edilib.

Qərarda deyilir ki, təqsirləndirilən şəxs hadisəni anlaqsız vəziyyətdə törədib. Hazırda da ağır psixi xəstədir.

Prokurorluğun məhkəməyə göndərdiyi qərarda Əhməd Əhmədovun cəzadan azad edilərək, ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilməsi məsələsinə baxılması təklif edilir. Prokurorluq Əhmədin cəzadan azad edilməsini, ixtisaslaşmış müalicə müəssisəsinə köçürülməsini məsləhət görüb.

Prokuror qərarı elan etdikdən sonra hakim Səbinə Məmmədzadə Əhməddən özünü təqsirli bilib-bilməməsini soruşub. Əhməd özünü təqsirli bildiyini, anlaqsız vəziyyətdə cinayət törətdiyini deyib. O, ifadə vermək istəməyib.

Növbəti proses iyulun 23-nə təyin olunub. Həmin iclasda Ə.Əhmədovun istintaqa verdiyi ifadə elan ediləcək.

Qeyd edək ki, 1999-cu il təvəllüdlü Əhməd Əhmədov bu il fevralın 13-də 5 nəfər ailə üzvünü qəsdən öldürməkdə təqsirləndirilir. Əhməd Əhmədov 1972-ci il təvəllüdlü atası Mehman Əhmədov, 1977-ci il təvəllüdlü anası Pikə Əhmədova, 1997-ci il təvəllüdlü bacısı Elmira Əhmədova, 2021-ci il təvəllüdlü azyaşlı bacısı qızı Ülviyyə Niftəliyeva və 2015-ci il təvəllüdlü azyaşlı qardaşı Məhəmməd Əhmədovu aşkar surətdə köməksiz vəziyyətdə, xüsusi amansızlıqla qəsdən öldürməkdə təqsirləndirilərək ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə yekun ittiham elan olunub. Barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxənası” publik hüquqi şəxsinə yerləşdirilib.

Orxan Rasifoğlu

Oxşar xəbərlər