Talassemiyalı uşaqların pullarını mənimsəməkdə təqsirləndirilənlərin növbəti məhkəməsi keçirilib


  • 3 İyul 16:17

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış vəsaitləri dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan "Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova ilə Aysel Məmmədovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçən prosesdə zərərçəkmiş Solmaz Eyvazova vəsatət göndərib və təqsirləndirilən şəxslərin ondan aldığı 6 min 500 manat pulun geri qaytarılmasını istəyib.

Hakim tərəflərə çağırış edib: "Biz fevral ayından bu günə kimi cəmi bir təqsirləndirilən şəxs dindirmişik. Belə getsə, bu iş çox uzanacaq. Hərə bir vəsatət yazır. Zərərçəkmiş indi vəsatət yazıb ki, pulunu versinlər".

Hakim Azad Məcidov Nuridə Seyidovanın iclas zalında tibbi maska taxmasına da münasibət bildirib: "Mən videoda gördüm ki, pulları sayanda maska taxan olmayıb. Koronavirusun ən qaynar vaxtında maska taxmayıblar, indi burada maska taxırsız".

Daha sonra Nuridə Seyidova ifadə verib. O bildirib ki, xəstələrin gətirilməsini Aynur Babayeva ilə razılaşıblar: "Biz 50-50-yə işləyəcəkdik. Çünki Aynurun əlaqələri geniş idi. Sonra biz ofis tutduq. Biz həmin ofisdə xəstələri qəbul etmişdik. Sonra Aynur dedi ki, bu ofis iş görməyimizə görə yararsızdır. Aynur və Aysel ilə razılaşdıq ki, xəstələrin müalicəsi üçün sponsorlar cəlb edək. Buna görə də şirkətlərə məktub yazırdıq".

Hakim bu xəstələrin müalicəsi üçün 160 min avro lazım olduğunu söyləyib: "25 min dollar alıbsız, bəs qalan 135 min dollar haradan əldə ediləcəkdi?"

Nuridə Seyidova cavabında deyib ki, internet vasitəsi ilə elan paylaşıb həmin məbləği toplayacaqmışlar.

Hakim Azad Məcidov 36 nəfərin şikayət ərizəsi ilə müraciət etməsinə baxmayaraq, zərərçəkənlərin sayının çox olduğunu bildirib. "Bizə hər gün zənglər gəlir, ziyan çəkənlərin sayı yüzlərlədir. Çoxu bura gəlmir, kameraya düşməkdən utanırlar".

Daha sonra Nuridə Seyidova ifadəsində zərərçəkmişlərdən pulların alınmasından danışıb.

Məhkəmə öz təşəbbüsü ilə qərar qəbul edib. Hakim deyib ki, vergi xidmətinə sorğu göndəriləcək. Sorğuya əsasən "Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin vergi bəyanəmələri, mədaxil çekləri barədə məhkəməyə məlumat verilməsi tələb olunub.

Növbəti proses iyulun 10-da davam edəcək.

Qeyd edək ki, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra faktla bağlı cinayət işi başlanılıb. İstintaqla müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib. Xanım müttəhimlərə qarşı Cinayət Məcəlləsinin 178.4-cü ( dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Oxşar xəbərlər