Hipermarketə silahlı hücumda təqsirləndirilən şəxslərin növbəti məhkəməsi keçirilib


  • 3 İyul 14:50

Bakıda “Bravo” hipermarketin qarşısında silahlı insidentlə bağlı təqsirləndirilən Azər Məmmədov, Dəyanət Qüdrətov, İbrahim İbrahimov, Səbuhi Qurbanov, Babək İsgəndərov və Rövşən İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə Babək İsgəndərovun əvvəllər məhkum olunması barədə sənəd elan edilib.

Hakim bildirib ki, Babək İsgəndərov əvvəllər məhkum olunmadığını deyərək məhkəməyə yanlış məlumat verib. Hakim qeyd edib ki, sənəddə Babək İsgəndərovun Tərtər Hərbi Məhkəməsinin hökmü ilə cərimə cəzasına məhkum edildiyi qeyd olunub, amma o, cəzasını ödəməyib.

Daha sonra Səbuhi Qurbanovun vəkili müdafiə çıxışı edib. Vəkil qeyd edib ki, Səbuhi Qurbanov cinayətdən əvvəlcədən məlumatı olmayıb. O, müvəkkili barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Proses iyulun 12-də davam etdiriləcək.

Qeyd edək ki, bundan əvvəl keçirilən prosesdə çıxış edən prokuror Dəyanət Qüdrətovun ömürlük, digər təqsirləndirilən şəxslər - Azər Məmmədovun 20 il, Səbuhi Qurbanovun 20 il, İbrahim İbrahimovun 20 il, Rövşən İsmayılovun 7 il, Babək İsgəndərov 6 il azadlıqdan mərhum edilməsini tələb edib. Rövşən İsmayılov və Babək İsgəndərovun barəsində başqa yerə getməmək barədə qətimkan tədbirinin dəyişdirilməsi, onların məhkəmə zalından həbs olunması istənilib.

Xatırladaq ki, hadisə 2023-cü ilin martın 4-də paytaxtın Xətai rayonunda yerləşən hipermarketdəki bankların birinə məxsus bankomata külli miqdarda pul yerləşdirilən zaman qeydə alınıb. Hadisə zamanı bankın əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimov isə ölüb.

Dəyanət Qüdrətova Cinayət Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.11 (qabaqcadan əlbir olan bir qrup şəxs halında və quldurluqla əlaqədar xidməti vəzifəsini yerinə yetirən şəxsi qəsdən öldürmə), 29, 120.2.1, 29, 120.2.3, 29, 120.2.7, 29, 120.2.11 (qabaqcadan əlbir olan bir qrup şəxs halında, ümumi təhlükəli üsulla və quldurluqla əlaqədar xidməti vəzifəsini yerinə yetirən iki şəxsi qəsdən öldürməyə cəhd), 181.3.2 (sağlamlığa ağır zərər vurmaqla quldurluq), 228.2.1, (qanunsuz olaraq odlu silah, onun komplekt hissələri və döyüş sursatını əldə etmə, daşıma və gəzdirmə), 229.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah hazırlama) və digər maddələri ilə cinayət işi açılıb. Cinayətin törədilməsində köməkçilər - Azər Məmmədov, İbrahim İbrahimov və Səbuhi Qurbanova həmin Məcəllənin 32.5, 120.2.1, 32.5, 120.2.3, 32.5, 120.2.11, 32.5, 29, 120.2.1, 32.5, 29, 120.2.3, 32.5, 29, 120.2.11, 32.5, 29, 120.2.7, 32.5, 181.3.2, 228.2.1, 229.2.1 və digər maddələri, cinayətin törədilməsində köməkçi - Rövşən İsmayılova həmin Məcəllənin 228.2.1 və 32.5, 229.2.1-ci, cinayətin törədilməsində təhrikçi Babək İsgəndərova isə qeyd olunan Məcəllənin 228.2.1 və 32.3, 229.2.1-ci maddələri ilə ittiham elan edilib.

Həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində iştirak edən Ruhlan İsmayılov tutularkən polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib. Ruhlan İsmayılovun qeyd edilən cinayətdə təqsiri istintaq zamanı tam sübuta yetirilsə də, onun barəsində yeni xarakterli xüsusatlar aşkar edildiyinə görə barəsində cinayət işi ayrılaraq istintaqı davam etdirilir.

Cinayətin törədilməsində istifadə edilən AKS Lancaster-03” markalı yivsiz ov tüfəngi, “Makarov” tipli tapança, həmçinin təqsirləndirilən şəxslərin yaşadığı ünvandan “Minta37” markalı tapança, çoxsaylı döyüş sursatları, “Unibank Kommersiya Bankı” ASC-yə məxsus 16 min 835 manat və 20 min 100 ABŞ dolları məbləğində pul pul vəsaitləri aşkar edilərək götürülüb.

Məlum olub ki, təqsirləndirilən şəxslərdən Babək İsgəndərov müharibə veteranıdır, Füzuli və Xocavəndin azad olunması medalları ilə təltif olunub. Digər təqsirləndirilən Rövşən İsmayılov isə hadisədən sonra polisə müqavimət göstərərkən məhv edilən Ruhlan İsmayılovun atasıdır.

Orxan Rasifoğlu

Oxşar xəbərlər