Dövlətə 1,6 milyon manat zərər vurmaqda təqsirləndirilən keçmiş baş həkimin məhkəməsi keçirilib


  • 2 İyul 12:40

Dövlətə 1.6 milyon manat dəyərində zərər vurmaqda təqsirləndirilən Sabunçu rayonu 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının keçmiş baş həkimi Rauf İsfəndiyarovun cinayət işi üzrə məhkəməsi davam etdirilib.

E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş tərəf olan Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Əli Bağırlı məhkəməyə 1 milyon 646 min manatlıq mülki iddianı təqdim edib.

Məhkəmə yerində qısa müşavirədən sonra mülki iddianı icraata qəbul edib.

Daha sonra şahid qismində Bəhruz Quliyev bildirib ki, onun gözündə problem olub və atasının mərhum dostu Yelmar Orucov ona əlillik dərəcəsi təyin edilməsində vasitəçi olub: "Bu məsələ ilə bağlı heç kimə pul verməmişəm. Yalnız elektron formada sms gələndə bilmişəm ki, mənə 3-cü qrup əlillik dərəcəsi təyin edilib. Hadisə 2017-ci ildə olub. Mənə ömürlük əlillik dərəcəsi təyin edilmişdi. Lakin 1 il yarımdan sonra dayandırıldı. Ayda 500 manat pensiya alırdım".

Təqsirləndirlilən şəxsin vəkili Mirzə Xankişiyev vəsatət qaldıraraq müvəkkilinin ev dustaqlığına buraxılmasını xahiş edib.

Məhkəmə qısa müşavirədən sonra vəsatəti təmin etməyib.

Məhkəmənin növbəti iyulun 23-nə təyin edilib.

Qeyd edək ki, Rauf İsfəndiyarova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla), 179.2.3-cü (mütəşəkkil dəstə tərəfindən və külli miqdarda mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 32.4.308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik etmə), 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə), 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma), 313, 32.4.313-cü (vəzifə saxtakarlığına təhrik etmə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

İş üzrə 3 zərərçəkmişlər müğənni Dəniz Əsədova, Dövlət Sosial Müdafiə Fondu və Səhiyyə Nazirliyidir.

Orxan Rasifoğlu

Oxşar xəbərlər