Nazirliyin mətbu orqanının mənimsəmədə təqsirləndirilən sabiq baş redaktorunun məhkəməsi keçirilib


  • 27 İyun 13:46

Mənimsəmə, dələduzluq və rüşvət almaqda ittiham olunan Elm və Təhsil Nazirliyinin mətbu orqanı olan “Azərbaycan məktəbi” jurnalının sabiq baş redaktoru Rahil Nəcəfov və digərləri - Gözəl Mustafayeva, Amal Həsənlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxs Gözəl Mustafayeva dindirilib.

Onun sözlərinə görə, əvvəllər müəllim işləyib: "Rahil mənə tapşırıqlar verirdi və hər ay öz cibindən 400 manat əmək haqqı verirdi. Mənə deyirdi ki, sizi Təhsil Nazirliyinə köçürdəcəklər. Bir gün getdim banka kredit götürməyə, mənə dedilər "sən nazirliyin işçisi deyilsən, kuryersən". Baharla Zaur olub şahid, mən olmuşam cinayətkar. Qohumumun Bakı məktəblərindən birinə müəllim kimi qəbul olunmaq üçün 2 balı çatmamışdı. Mənə 5 min manat pul verdilər ki, işə düzəldim. Ailəvi tanışımız İnarə xanımın isə məktəb direktoru olmaq üçün balı çatmırdı. Mən bütün işləri Baharla görmüşəm. Pulu Təranə xanım verdi mənə, mən də Bahara verdim. Sonra zəng etdi ki, mən gələ bilməyəcəm, pulu Amal Həsənliyə ver, narahat olma. İnara xanım gedib həmin məktəbə, guya direktor təyin olunub. Deyiblər ki, sizin bura aidiyyətiniz yoxdur. Mən də onun pulunu Rahildən aldım özünə qaytardım. Əslində mən Ramilə deyən işə düzəlmək istəyirdim. Amma Nailə xanım öz qızını düzəltmək üçün Ramilə xanıma pul verdi. Sonra Nailə xanımın oğlu gəlib pulu geri aldı. Mənim iki oğlum var idi, neynəməli idim? Kirayədə qalırdım. Sevinc xanım Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında müəllim işləyirdi, işini dəyişmək istəyirdi. Məni Elm və Təhsil Nazirliyinin işçisi kimi tanıyırdılar. Rahil mənə heç nə verməyib, ondan pul qopartmaq olmazdı. Zərərçəkmiş Günel Məmmədlinin işində isə Gəncədə məktəb direktoru işləyən Məmməd müəllim mənə zəng elədi. Dedi ki, mənim oğluma, qızıma kömək eləsinlər. Rahil dedi ki, amma faiz böyük olacaq. Mən də bankdan 10 min pul götürüb gətirib verdim Rahilə. Sonra özü qaytardı hamısını hissə-hissə".

Təqsirləndirilən şəxs Rahil Nəcəfov isə bildirib ki, o, heç vaxt Gözəl Mustafayevaya pul verməyib: "Gözəl xanım, mənə qədər özü bəzi işlərdən pul götürüb".

G.Məmmədli qeyd edib ki, zərərçəkmiş diplom təsdiqi ilə bağlı ona müraciət edib: "Qonşularım idilər. 4 min manatdan çox mənə çatdırdılar, mən də Rahil müəllimə çatdırdım. Cinayət işində zərərçəkmiş olan Aidənin atası Yusubəli isə məni intihar həddinə çatdırmışdı. Mən 14-cü mərtəbədən özümü atmaq istəyirdim. Diplom təsdiqi ilə bağlı 4 min manatdan çox pul vermişdi".

Məhkəmə prosesi iyul ayının 18-nə kimi təxirə salınıb.

Qeyd edək ki, Baş Prokurorluğun rəsmi məlumatına görə, Elm və Təhsil Nazirliyinin mətbu orqanı olan “Azərbaycan məktəbi” jurnalının sabiq baş redaktoru Rahil Nəcəfov Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşlarının pulunu mənimsəyib. Rahil Nəcəfov və onunla birlikdə mühakimə olunan şəxslərin istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb. Onların barəsində Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq təkrar törədildikdə), 178.2.4-cü (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 179-cu (mənimsəmə və ya israf etmə) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib. Cinayət işi üzrə 22 nəfər zərərçəkmiş qismində tanınıb.

Orxan Rasifoğlu

Oxşar xəbərlər