- 29 Mart 16:25
Azərbaycan Respublikası Prezidentinin 04 aprel 2023-cü il tarixli Sərəncamı ilə İnam Kərimovun Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təyin olunmasından 1 il ötdü.
E-huquq.az xəbər verir ki, cəmi 1 il ərzində bir sıra intitusional məsələləri kökündən dəyişən məlum məhkəmə-hüquq islahatları aparıldı və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanda mütərəqqi islahatlar aparıldığı xüsusi olaraq vurğulandı.
Məsələn, Avropa Şurası Nazirlər Komitəsi və Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarlarının İcrası Departamentinin Azərbaycanla bağlı son hesabatında Azərbaycan Respublikası qanunvericiliyində Məhkəmə-Hüquq Şurası ilə bağlı və digər dəyişikliklər yüksək qiymətləndirilərək qeyd edilir ki, “Son 1475-ci iclasında (Sentyabr 2023) (DH) Avropa Şurası Nazirlər Komitəsi bu qrupdakı çağırışlarına və Məhkəmə-Hüquq Şurasının tərkibi ilə bağlı GRECO (Korrupsiyaya qarşı Dövlətlət Qrupu) tövsiyələrinə cavab verən son dəyişiklikləri alqışladı”.
OECD-nin (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) son hesabatında da müvafiq məhkəmə-hüquq islahatlarının müsbət qiymətləndirildiyi xüsusi olaraq təsbit edildi.
Qeyd edək ki, 2023-cü ildə “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliklərdən sonra Məhkəmə-Hüquq Şurasının 9 hakim (hər məhkəmə instansiyasından 3 hakim) üzvü və hüquq ictimaiyyətinin nümayəndəsi qismində 1 üzvü Azərbaycan Respublikasının bütün məhkəmələrinin təmsil olunduğu Hakimlərin Konfransı tərəfindən açıq səsvermə yolu ilə, iştirakçılarının sadə səs çoxluğu ilə seçilir.
Məhkəmə-Hüquq Şurası daimi fəaliyyət göstərən müstəqil orqandır və təşkilati, maliyyə, habelə hər hansı başqa cəhətdən digər dövlət strukturlarından və yerli özünüidarə orqanlarından, habelə hüquqi və fiziki şəxslərdən asılı deyildir. Məhkəmə-Hüquq Şurası qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, elmi təşkilatlarla qarşılıqlı fəaliyyət göstərir.
Ötən il Məhkəmə-Hüquq Şurasının yeni tərkibi formalaşdırıldı. Ali Məhkəmənin sədri İnam Kərimov Məhkəmə-Hüquq Şurasının sədri seçildi. Məhkəmə-Hüquq Şurasına yeni Aparat rəhbəri təyin edildi.
Qısa müddətdə məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində qarşıda duran vəzifələrlə bağlı geniş müzakirələr təşkil edilərək hakimlərin seçilməsi, təyinatından tutmuş, fəaliyyətlərinin qiymətləndirilməsi, intizam və ümumi işin təşkilinədək çoxsaylı mütərəqqi yeniliklərə imza atıldı. Ciddi qanunçuluq və prinsipial şəffaflıq tələbləri əsasında nümunəvi qiymətləndirilən mühüm kadr təyinatları baş tutdu.
Məhkəmə-hüquq sistemimizə müsbət ictimai və beynəlxalq imic qazandıran İnam Kərimova, Ali Məhkəmə və Məhkəmə-Hüquq Şurasına peşəkar fəaliyyətdə, o cümlədən məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin aidiyyəti tapşırıqlarının icrası istiqamətində uğurların davamlı olmasını arzu edir, ölkəmizdə hər cür müsbət yeniliklərə sağlam ictimai dəstək ifadə edirik.