- 15:18 | 22.12.2023
- Məhkəmə
Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi (15 iyun 1993-cü il) müstəqil Azərbaycan dövlətçiliyinin formalaşmasında dönüş nöqtəsi oldu. Güclü lider, təcrübəli siyasətçi və millət fədaisi olan Heydər Əliyevin uzaqgörənliyi, düzgün strategiyası və sarsılmaz iradəsi sayəsində Azərbaycan regionda gedən mürəkkəb geosiyasi proseslər fonunda nəinki hüquqi, dünyəvi və suveren dövlət kimi formalaşa bildi, tez bir zamanda regional və beynəlxalq arenada nüfuzlu faktora çevrildi.
Hakimiyyətə gəldiyi ilk gündən etibarən atdığı bütün addımlarında Heydər Əliyev beynəlxalq hüquq normaları və insan hüquqları meyarlarına söykənmiş, müstəqil dövlətçiliyin inkişaf konsepsiyasının işlənib hazırlanmasına tək təcrübəli siyasətçi kimi yox, vətənin və xalqının taleyinə biganə qalmayan əsl vətənpərvər kimi yanaşmışdır. Çıxışlarının birində: “Bizim yolumuz Azərbaycanda demokratik, hüquqi, sivilizasiyalı dövlət qurmaq, demokratik prinsipləri gündən-günə inkişaf etdirmək, dünyanın əldə etdiyi bütün demokratik nailiyyətləri Azərbaycanda yaymaq və onlardan bəhrələnməkdən ibarətdir”,- söyləyən Ümummilli liderin dövlət strategiyası hər bir vətəndaşın təbii-siyasi hüquqları çərçivəsində söz, düşüncə və ifadə azadlığını şərtləndirən milli məfkurə prinsiplərinə söykənir.
Məhkəmə-hüquq sahəsində islahatların aparılması yeni inkişaf yoluna qədəm qoyan müstəqil dövlətin qarşısında duran prioritet məsələlərdən idi. Ümummilli liderin Azərbaycan Respublikası Prezidenti olduğu dövrdə imzaladığı fərmanlar və sərəncamlar siyasi və dövlət quruculuğu, sosial-iqtisadi və dini-mədəni inkişaf sahələrində yeni hüquqi-normativ bazanın formalaşdırılmasına gətirib çıxardı.
Müstəqil və şəffaf məhkəmə sisteminin qurulması vətəndaşlarda ədalətin başlıca təminatçısı qismində hüquq normativlərinə etibarlılığın artması ilə səciyyələnir ki, bu da hüquqi və demokratik dövlət quruculuğunda başlıca prinsipdir. Bu yolda ilk addım dövlətin təsis sənədi olan ali hüquqi qüvvəyə malik normativ hüquqi aktın- Konstitusiyanın qəbul edilməsi oldu. Heydər Əliyevin sədrliyi ilə 158 maddədən ibarət Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsi 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsində (referendumda) qəbul edilmiş və 27 noyabr 1995-ci ildən qüvvəyə minmişdir. Ulu öndərin Konstitusiyanın hazırlanmasına cəmiyyətin görkəmli alim, ziyalı, hüquqşünas və ictimai xadimlərdən ibarət böyük bir heyətini cəlb etməsi və qiymətləndirilmək üçün onu ümumxalq səsverməsinə təqdim etməsi hər bir addımında xalqın iradəsindən çıxış etdiyinin bariz sübutu idi.
Müasir cəmiyyətdə insan haqları hər bir dövlətin mənəvi nüfuz və etibarlılığının göstəricisidir. Bərabərhüquqluluq və cavabdehlik dövlətin hüquqi normativ təməli və dövlət quruculuğunun başlıca zəminidir. Heydər Əliyevin “İnsan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” 22 fevral 1998-ci il tarixli, 678 saylı fərmanı BMT Nizamnaməsinə uyğun demokratiya, inkişaf, insan hüquq və azadlıqlarına hörmət prinsiplərini təbliğ edən mütərəqqi qanunlardan hesab oluna bilər. Fərman Azərbaycan Respublikasının Konstitusiyasında əks olunmuş insan hüquq və azadlıqlarını əsas meyar kimi rəhbər tutaraq insan hüquqlarının müdafiəsinə dair dövlət proqramının işlənməsi, insan hüquqları üzrə Azərbaycan Respublikasının səlahiyyətli müvəkkil təsisatının (Ombudsman) yaradılması, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, təhqiqat, istintaq və məhkəmə orqanları tərəfindən insan hüquqları sahəsində qanunvericiliyin tətbiq təcrübəsinin beynəlxalq standartlara və normalara uyğunlaşdırılması, Cinayət, Cinayət–Prosessual, Mülki və Mülki–Prosessual məcəllələrin, habelə məhkəmə-hüquq sistemi ilə bağlı yeni qanunların hazırlanmasını şərtləndirdi. Bu fərmanın məntiqi davamı olaraq 14 iyul 1998-ci il tarixdə dövlət, hüquqi və fiziki şəxslərdən asılı olmayan ali ədalət mühakiməsi orqanı- Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yaradıldı. Ulu öndər Konstitusiya Məhkəməsinin simasında milli dövlətçiliyi, Konstitusiyaya əsaslanan hüquq qaydası, ələlxüsus insan və vətəndaş hüquq və azadlıqlarını müdafiə edən mötəbər təsisatın mövcudluğunu çox yüksək qiymətləndirmişdir.
Ümummilli lider tərəfindən 05 mart 2002-ci il tarixində “Ombudsman haqqında Konstitusiya Qanununun (21 dekabr 2001) tətbiq edilməsi haqqında” fərmanın imzalanması ilə İnsan Hüquqları üzrə Müvəkkil təsisatı yaradıldı. İlk Ombudsman 02 iyul 2002-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən üç namizəd arasından seçildi. Ombudsman fəaliyyətinin aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət və qərəzsizlik prinsiplərinə söykənməsi ölkədə demokratik sistemin formalaşmasında vətəndaşların fəallığını artırmış oldu. Azərbaycan Respublikasının demokratikləşmə və insan hüquqlarının qorunması sahəsində apardığı məhsuldar fəaliyyətinin səmərəli nəticəsidir ki, 17 yanvar 2001-ci il tarixdə dövlətimiz Avropa Şurasına tamhüquqlu üzv seçildi. Bu tarixi hadisənin məntiqi davamı olaraq Avropa İnsan Hüquqları Konvensiyası və onun Protokolları 15 aprel 2002-ci il tarixdən etibarən Azərbaycana münasibətdə qüvvəyə mindi və Azərbaycanın yurisdiksiyası altında olan şəxslərin (vətəndaşların, vətəndaşlığı olmayan şəxslərin, hüquqi şəxslərin və sair) Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək hüququ yarandı.
Ümumilli lider Heydər Əliyevin cinayət-hüquq siyasətinin humanistləşdirilməsi sahəsində atdığı ən qətiyyətli addımlardan biri Avropa Şurasının Avropa İnsan Hüquqları Konvensiyasına uyğun olaraq ölüm cəzasının ləğv edilməsi ilə bağlı qərarın Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilməsi və 10 fevral 1998-ci il tarixində qüvvəyə minməsi idi. Bu hadisə həm Şərqdə, həm də MDB məkanında bir ilk oldu. Sözü gedən humanist addımın davamı olaraq Ulu öndər 18 iyul 2001-ci il tarixdə, 538 saylı fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının fəaliyyəti və əfvetmə prosedurunun təkmilləşdirilməsi məqsədi ilə “Əfvetmə haqqında Əsasnamə”ni təsdiqlədi. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən, məhkəmənin məhkum etdiyi hər bir şəxs özü barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi ilə bağlı müraciət etmək hüququ əldə etmiş olurdu. Bu fərmanla minlərlə məhkum əfv edildi. Ümumilikdə, Ümummilli liderin idarəçilyi dövründə 77 mindən çox insana şamil edilmiş yeddi amnistiya aktı və otuz iki əfv fərmanı imzalanmışdır.
1996-cı ildə Hüquqi İslahat Komissiyasının formalaşdırılması ilə müstəqil dövlətin qanunvericilik bazasının yaradılması prosesinə start verildi. Keçmiş SSRİ-dən miras qalmış bürokratik hüquq sistemi müasir və mütərəqqi hüquq sistemilə əvəz edildi, açıq vətəndaş cəmiyyətinin yaradılması üçün şərait yaradıldı, siyasi neytrallığı təmin edən və demokratik cəmiyyət standartlarına əsaslanan yeni prinsip və prosedurların tətbiqinə imkan verən Dövlət Qulluğu İnstitutu formalaşdırıldı. Keçmiş Sovet idarəçiliyinin tətbiq etdiyi məhkəmə və hakimlərin müstəqilliyini məhdudlaşdıran və korporativ münasibətlərə söykənən ikipilləli məhkəmə sistemi Heydər Əliyevin "Məhkəmələr və hakimlər haqqında" 10 iyun 1997-ci il tarixli, 310-İQ saylı qərarı ilə üçpilləli mühakimə mexanizmi ilə əvəz edildi. Üçpilləli məhkəmələrin fərqi odur ki, burada işlərə birinci instansiya, apellyasiya və kassasiya instansiyaları üzrə təkbaşına və ya üç hakimdən ibarət tərkibdə xalqa açıq iclaslarda baxılır, ittiham-müdafiə tərəfləri arasında tarazlıq qorunub saxlanılır, qeyri-prosessual münasibətlərə yol verilmir və təqsirsizlik prezumpsiyasına təminat verilir. Bu növ ədalət mühakiməsinin mövcudluğu Konsititusiya ilə təsbit olunmuş ədalət qanunları və beynəlxalq məhkəmə sistemi müddəalarına uyğun şəffaf və müstəqil mühakimə mexanizminin vacib şərtlərindəndir. Bu istiqamətdə digər əhəmiyyətli məsələ müstəqil və qərəzsiz hakimlərin seçimidir. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən Məhkəmə-Hüquq Şurası və onun nəzdində Hakimlərin Seçki Komitəsinin formalaşdırılması hakimlərin seçimində yeni mərhələ oldu. Bu qanunun qəbulunda başlıca məqsəd qanunun aliliyini müdafiə edən toxunulmaz və müstəqil məhkəmə sisteminə layiq hakimlər yetişdirmək və onların öz vəzifə öhdəliklərini şəffaf, qərəzsiz və şərəfli icra etməsini təmin etmək idi.
Ümummili lider Heydər Əliyev tərəfindən məhkəmə-hüquq sahəsində başladılan islahatlar ənənəsi onun layiqli davamçısı Azərbaycan Respublikasının hazırki prezidenti, bütöv Azərbaycanın memarı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dərin siyasi biliyi, diplomatiya və hüquq sahəsində çoxillik səriştəsi, xarici siyasət platformasında uğurlu addımları Azərbaycanı bugünkü gündə regionda və beynəlxalq aləmdə kifayət qədər çəkisi olan güclü, müstəqil və nüfuzlu aktor kimi formalaşdırmışdır. İlham Əliyev mürəkkəb beynəlxalq münasibətlər arenasında beynəlxalq hüququn norma və prinsiplərinə tək sözdə deyil, əməldə riayət edilmə vacibliyini nümayiş etdirən güclü liderdir! Məhz onun praqmatik strategiyası, uğurlu siyasi kursu və güclü iradəsi Azərbaycanı dünya ölkələri arasında regionda sülh və sabitliyin qarantı kimi çıxış edən humanist, tolerant və multikultural bir ölkə kimi tanıtdırmışdır. Haqlı olaraq deyə bilərik ki, Azərbaycan hazırda dövrünün intibah çağını yaşayır. Həyatın bütün sahələrində özünü göstərən bu tərəqqi və inkişaf məhkəmə-hüquq sahəsindən də yan keçməmişdir.
Prezidentin məhkəmə-hüquq sahəsində həyata keçirdiyi ilk mütərəqqi addımlardan biri 19 yanvar 2006-cı il tarixli fərmanı oldu. Sözü gedən fərmana əsasən Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəki (rayon) şəhərlərində yeni apelyasiya məhkəmələri yaradıldı, məhkəmə və ədliyyə sisteminin fəaliyyətinin təkmilləşdirilməsi və regionlarda hüquq infrastrukturunun genişləndirilməsi məqsədilə “2009-2013-cü illərə dair Dövlət Proqramı” təsdiq edildi. Bu proqram məhkəmə-hüquq sisteminin dinamikliyi, əhalinin hüquq institutlarına və hüquqi yardıma tələbatın ödənilməsinin asanlaşdırılması, normativ-hüquqi və maddi-texniki təminatın yaxşılaşdırılması üçün geniş imkanlar açdı. Dövlət başçısının növbəti 22 iyun 2010-cu il tarixli fərmanına uyğun olaraq Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsi yurisdiksiya üzrə Bakı, Gəncə, Lənkəran və Şəki rayonları üzrə müvafiq Ağır Cinayətlər Məhkəmələri ilə əvəz edild ki, bu da regionlarda hüquq infrastrukturunun inkişafına böyük təkan vermiş oldu. Sonrakı dönəmdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi yaradıldı. Şübhəsiz, məhkəmələrin ərazi yurisdiksiyası üzrə bölgüləndirilməsi yerlərdə ədalətli mühakimənin operativliyi, səmərəliliyi, məhkəmə-hüquq institutlarının optimallaşdırılması, hüquqi və fiziki şəxslər arasında yaranan inzibati mübahisələrə dair hüququ yardımın çevikliyi və əlçatanlılığını təmin etməyə imkan verdi.
Müasir dövrümüzdə informasiya və kommunikasiya texnologiyalarının cəmiyyətin bütün sahələrinə nüfuz etdiyi bir dönəmdə rəqəmsallaşdırma məhkəmə-hüquq sistemindən də yan keçmədi. “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2014-cü il tarixli, 268 nömrəli Sərəncamı vətəndaşların müxtəlif növ hüquqi xidmətlərdən istifadəsini asanlaşdırmaq, aşkarlıq, operativlik və nəzarət effektivliyini təmin etmək məqsədilə dövlət orqanlarında müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təsbit etmiş oldu. Bu qərar cəmiyyətin dayanıqlı inkişafını təmin etmək yolunda bir sıra uğurlu işlərə imza atmağa imkan verdi. Hüquqi məsələlərə dair bütün sənədlərin elektron formada qəbulunu şərtləndirən bu mexanizm şəffaflığı təmin etmək məqsədilə məhkəmə işlərinin avtomatlaşdırılmasına, məhkəmə prosesi və qərarları barədə elektron qaydada məlumatlandırılmanın aparılmasına imkan verdi. Bu aktual qərarın məntiqi davamı olaraq “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 03 aprel 2019-cu il tarixli Fərmanına uyğun olaraq 96 məhkəmə orqanının 21 növ xidməti üzrə ödənişləri “Elektron məhkəmə informasiya sistemi” vasitəsilə “ASAN ödəniş” sisteminə inteqrasiya edildi, məhkəmə-hüquq məsələlərinə dair ərizələr üzrə dövlət rüsumları və vergi ödəmələrinin “Asan ödəniş” sistemi vasitəsilə icrası bürokratik halların qarşısının alınması sahəsində əsaslı irəliləyişlərə gətirib çıxardı. 2019-cu il Fərmanı, sözün əsl mənasında, ədliyyə və məhkəmə sisteminin inkişafında yeni çığır açmağa müvəffəq oldu. Mühakimə mexanizminin səmərəlilik və effektivliyini artırmaq, hüquqi işlərin icraatında qanunçuluq, aşkarlıq və şəffaflıq kimi prinsiplərə söykənmək, cəmiyyətdə məhkəmə hakimiyyətinə etimad və etibarın yüksəldilməsi istiqamətində müvafiq işlər görmək, hər bir vətəndaşın qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən çıxış etmək, cəza siyasətini humanistləşdirmək, mülki prosessual qanunvericiliyi qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirmək, məhkəmə qərarlarının icrası və məhkəmə ekspertizası fəaliyyətini yaxşılaşdırmaq və bu istiqamətdə icra və ekspertiza qurumları yaratmaq Fərmanda icrası tələb olunan başlıca məsələlər idi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 05 noyabr 2019-cu il tarixli Kollegiya iclasında verilən məlumata görə Fərmanda sadalanan qərarlarla bağlı ümumilikdə 40-dək normativ aktın layihələri hazırlanmış, 50-yə yaxın məhkəmədə monitorinqlər aparılmış, hakimlərin sayı 200 vahid artırılaraq 800 vahidə çatdırılmışdır. Fərmandan irəli gələn dügər mühüm məsələ məhkəmə və hakimlərin işinə kənar müdaxilənin aradan qaldırılması, məhkəmə prosesinin şəffaflığının təmin edilməsi və hakimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi məqsədilə audio və video-çəkilişlərin edilməsi, davamlı monitorinqlərin aparılması, qeyri-prosessual münasibətlərin, süründürməçilik və sui-istifadənin qarşısını almaq məqsədilə “Elektron icra” informasiya tətbiqinin istifadəsi idi. Şübhəsiz, Prezident tərəfindən verilən bütün bu qərarlar ədalət mühakiməsi meyarlarının təkmilləşdirilməsi istiqamətində mühüm addımlardandır.
Söz yox ki, ədalət mühakiməsi mexanizmi zamanla müəyyən dəyişikliklərə məruz qalır. Müasir zamanla ayaqlaşan və dövrün tələblərinə cavab verən effektiv, şəffaf və operativ məhkəmə icraatına nail olmaq üçün əsaslı islahatlara ehtiyac duyulur. Uzaqgörən lider İlham Əliyevin hələ 2014-cü ildə məhkəmə-hüquq sahəsində start verdiyi rəqəmsallaşdırma prosesi 2020-ci ildə öz məntiqi sonluğunu tapdı. Belə ki, 01 iyun 2020-ci il tarixli fərmanla təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sisteminin formalaşdırılması Azərbaycanın məhkəmə-hüquq sisteminin inkişafında yeni rəqəmsal məhkəmə dövrünün başlanğıcını qoydu. E-məhkəmənin üstünlüyü vətəndaşların hüquqi məsələlərlə bağlı bütün əməliyyatları şəffaf və operativ şəkildə elektron sənədlər vasitəsilə icra etməsi, məhkəmə işləri, məhkəmə iclasları, habelə məhkəmə aktları və dövlət rüsumları barədə məlumatlarla yerindəcə tanış olmasıdır. Məhkəmə-hüquq sistemində informasiya və kommunikasiya texnologiyalarının tətbiqinin səviyyəsi, şübhəsiz, ölkənin regional və beynəlxalq hüquq sahəsində ədalət prinsiplərinə sadiqliyinin, dövlət idarəçiliyində qanunçuluq, şəffaflıq və etibarlılığın əsas göstəricilərindəndir. Təsadüfi deyil ki, İlham Əliyev çıxışlarında daim ədalət məfhumunu qabartmış, həyatda hər bir şeyin ədalət prinsiplərinə söykənməsi fikrindən çıxış etmiş və məhz ədalətli cəmiyyətdə vətəndaşların dövlətə inam və etimadının arta biləcəyini vurğulamışdır. “...Bütün qərarlar ədalətli olmalıdır. Məhkəmə sistemində qəbul edilmiş qərarlar, aparılan islahatlar bu məqsədi güdür”,- deyə bildirən İlham Əliyev Ulu öndərin yeni hüquqi dövlət quruculuğu sahəsində başlatdığı nümunəvi dövlətçilik ənənəsini layiqincə davam etdirərək çoxsaylı uğurlu layihələrə imza atmışdır. Adını tarixin yaddaşına qızıl hərflərlə həkk etmiş Müzəffər Ali Baş Komandan İlham Əliyevin müstəqil, suveren və bütöv hüquqi dövləti “pillə-pillə yüksəkliklərə qaldırmaq” yolunda cəhdləri əvəzsizdir.
Bu dövlət onun memarlarının adı ilə yaşayır, inkişaf edir və günü-gündən çiçəklənir.
Esmira Məmmədova
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi