- 15:35 | 14.08.2023
- Məhkəmə
“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır.
E-huquq.az xəbər verir ki, vahid məhkəmə təcrübəsinin formalaşdırılması istiqamətində fəal iş aparan Ali Məhkəmənin çoxsaylı qərarlarından biri də Kommersiya kollegiyası tərəfindən qəbul edilib.
Həmin qərarı diqqətinizə təqdim edirik:
İddiaçı “X” şirkəti cavabdeh “Y” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehin sifarişi ilə ona məxsus olan yükləri lazımi məntəqələrə daşımış, sonuncunun xeyrinə daşıma xidmətləri göstərmişdir. Göstərilmiş daşıma xidmətlərinə görə “Y” ASC-nin “X” şirkətinə müəyyən məbləğdə borcu qalmış və bu borc iddiaçıya ödənilməmişdir. Bundan sonra “X” şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. “Y” ASC vəsatət verərək bildirmişdir ki, iddiaçı ilə bağlanmış müqaviləyə əsasən, tərəflər arasında meydana gəlmiş mübahisələri danışıqlar yolu ilə həll etmək mümkün olmadıqda, mübahisə müvafiq prosessual qaydalara uyğun olaraq İngiltərə İqtisad Məhkəməsinə təqdim olunmalıdır. Buna görə də iddiadan imtina barədə qərar çıxarılmasını xahiş etmişdir.
Birinci instansiya məhkəməsinin qərardadı ilə iddiaçının cavabdehə qarşı borcun ödənilməsi barədə iş üzrə icraata xitam verilməsi qət edilmişdir. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında mübahisəyə baxılması ilə bağlı ərazi aidiyyətı sazişlə müəyyən edildiyindən və Azərbaycan Respublikasının məhkəmələri işə baxmaq üçün səlahiyyətli olmadığından iş üzrə icraata xitam verilməlidir. Apellyasiya instansiyası məhkəməsi də iddiaçı tərəfindən verilmiş şikayəti təmin etməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirmədən saxlanılmışdır. Bundan sonra iddiaçı Ali Məhkəməyə müraciət etmişdir.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
Ali Məhkəmə apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmamış və qeyd etmişdir ki, tərəflər arasındakı müqavilənin müvafiq bəndinin ingilis dilində olan hissəsində mübahisənin İngiltərə İqtisad Məhkəməsində deyil, “UK Economic arbitrate” qaydalarına uyğun baxılması nəzərdə tutulmuşdur. Müqavilənin hər iki dildə tərtib olunmuş hissənin bərabər hüquqi qüvvəsinin olması nəzərdə tutulsa da, ingilis və Azərbaycan dillərində tərtib olunmuş hissələri arasında uyğunsuzluq mövcuddur. Müqavilənin ingilis dilində tərtib olunmuş hissəsinin hərfi tərcüməsində “Birləşmiş Krallıqda iqtisadi arbitraj” qaydalarına uyğun olaraq baxılması müəyyən edilmişdir. Məhkəmə hesab etmişdir ki, sözügedən müqavilədən yaranan mübahisənin aidiyyətinin düzgün müəyyən edilməsi əhəmiyyətli olsa da, apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin hala doğru hüquqi qiymət verilməmiş, tərəflərin iştirakı ilə onların iradə ifadəsinə uyğun olaraq müqavilənin həmin bəndinin Mülki Məcəllənin 404-cü maddəsinin tələbləri baxımından təfsiri aparılmamışdır.
Tərəflərin müqavilədə mübahisənin həlli üçün arbitraj şərtini müəyyən etdikləri halda, məhkəmələrin səlahiyyətli olub-olmamasına gəldikdə isə qeyd edilmişdir ki, qanuna müvafiq olaraq tərəflər arasında həmin mübahisənin münsiflər məhkəməsində baxılması üçün müqavilə bağlanmışsa və işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair cavabdeh tərəfindən etiraz daxil olduqda, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. MPM-də və digər normativ hüquqi aktlarda əksər hallarda “arbitraj” sözü “münsiflər məhkəməsi” söz birləşməsi ilə eyni mənada istifadə edilmiş, həmçinin, qanunvericilik münsif sözünün anlayışını müəyyən etməmişdir. Arbitraj sözünün anlayışı isə “Beynəlxalq arbitraj haqqında” Azərbaycan Respublikası Qanununda verilmişdir. Bununla yanaşı, bir sıra ikitərəfli beynəlxalq sazişlərdə də “arbitraj” və “münsif” sözləri sinonim kimi istifadə edilmişdir.
Qanunvericilik tərəflər arasında mübahisəyə arbitrajda baxılması barədə razılığın əldə olunduğu hallarda da işə məhkəmədə baxılmasını istisna etməmiş, bunu işə mahiyyəti üzrə baxılanadək tərəflərin razılığından asılı etmişdir. Bu baxımdan konkret mübahisənin arbitrajda baxılması ilə bağlı müvafiq müqavilə şərtinin olmasına baxmayaraq, işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair cavabdeh tərəfindən etiraz daxil olarsa, ərizəyə MPM-nin 259.0.5-ci maddəsinin tələbləri qaydasında qiymət verilə bilər.
Məhkəmə yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlmişdir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qərardadı prosessual hüquq normalarının pozulmasına görə ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşin yenidən apellyasiya baxışı zamanı tərəflər arasında bağlanmış müqavilənin müvafiq bəndinin hər iki dildə tərtib olunmuş hissələri arasında olan mübahisənin adiyyəti baxımından mətn uyğunsuzluğuna tərəflərin iştirakı ilə aydınlıq gətirilərək hüquqi qiymət verilməlidir.
Yekun məhkəmə aktı:
Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qərardadı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
Qeyd edək ki, bu xülasə məhkəmə qərarının anlaşılan olmasında yardımçı olmaq məqsədilə tərtib edilib və məhkəmə qərarının tərkib hissəsi olmamaqla, onun qısa mətnini təşkil edir. Məhkəmə aktının tam mətni ilə tanış olmaq üçün linkə keçid edə bilərsiniz.