Ali Məhkəmə: "Ailə-nikah münasibətlərini qorumağa yönəlmiş yeni mexanizmlər tətbiq edilməlidir"

"Ailə Məcəlləsinin qəbulundan ötən 20 ildən artıq müddət ərzində ictimai münasibətlərin inkişafı, dünyada və ölkəmizdə baş verən qloballaşmaya meyillər sosial-iqtisadi sferada görülməli işlərlə yanaşı, qanunvericilikdə müasir çağırışlara cavab verən ailə-nikah münasibətlərini qorumağa yönəlmiş yeni mexanizmlərin tətbiqini tələb edir".

E-huquq.az xəbər verir ki, bunu Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev “Nikahın xitamı ilə bağlı ailə qanunvericiliyinin tətbiqi sahəsində mövcud vəziyyət” mövzusunda konfransda çıxış edərkən deyib.

S.Hacıyev hesab edir ki, islahatlar əsasən nikahın pozulması hüququna tətbiq edilən məhdudiyyətlərin, habelə nikahın pozulmasına təqsirli olaraq səbəb olan tərəfin məsuliyyət tədirlərinin artırılması istiqamətində aparılmalıdır.

"Nikahın pozulması prosedurunun həddən artıq liberallaşdırılması, yəni nikahın pozulmsı üçün demək olar ki, qeyri-məhdud sərbəstlik vətəndaşlar tərəfindən sui-istifadələrə, eləcə də nikaha qarşı qeyri-ciddi münasibətə səbəb olur. Şəxsin nikaha xitam verilmə hüququnun məhdudlaşdırılmasının mümkünlüyü ilə bağlı bir sıra məqamlara toxunmaq istərdim. Belə ki, nəzəriyyəçilər arasında ailə münasibətlərində nikaha daxil olma hüququ kimi, nikaha xitam vermə azadlığının da bir prinsip olaraq mövcudluğu müzakirə olunur. Bir çox alimlər hesab edirlər ki, ər-arvadın hər birinin nikaha könüllü daxil olmaq hüququ kimi, nikah münasibətlərinə xitam vermək hüququ da tanınmalıdır və nikah münasibətlərini saxlamağa məcbur edilmə ər-arvadın şəxsi azadlıq hüququnun pozulması hesab edilməlidir. Lakin, Avropa İnsan Haqları Məhkəməsi “Conston və digərləri İrlandiyaya qarşı” işində bu məsələyə aydınlıq gətirib. Avropa Məhkəməsi İrlandiya qanunvericiliyində şəxsin boşanma hüququnun təsbit edilməməsini və bununla əlaqədar arzuladığı vaxtda yeni nikaha daxil ola bilməməsini Avropa Konvensiyasının pozuntusu kimi hesab etməyib. Belə ki, qərarın əsaslandırılmasında məhkəmə Avropa Konvensiyasının nikah hüququnu təsbit edən 12-ci maddəsini təfsir edərək, belə nəticəyə gəlmişdir ki, nikaha daxil olmaq hüququ heç də nikahı pozmaq hüququnu əhatə etmir, habelə bu maddənin bu şəkildə geniş şərhi də mümkün deyildir. Çünki nikaha xitam hüququ şüurlu şəkildə Avropa Konvensiyası və onun protokollarında nəzərdə tutulmayıb", - o bildirib.

Kollegiya sədri qeyd edib ki, Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə uyğun olaraq Azərbaycan Respublikasının qanunvericiliyində də ailə-nikah hüququnun fundamental prinsipləri - nikahın pozulması azadlığını deyil, nikahın qorunmasına yönəlik bütün mümkün tədbirlərin görülməsini nəzərdə tutur. Bu baxımdan, nikahın pozulması hüququna müəyyən mütənasib məhdudiyyətlərin tətbiqi ailə münasibətlərinin müdafiə vasitəsi kimi qanunvricilikdə təsbit oluna bilər. Mütənasibliyin təmin edilməsi isə vətəndaşları qeydə alınmayan faktiki boşanmalara sövq etmənin qarşısının alılnması baxımından əhəmiyyətli hesab edilir.

"Bu məsələdə Fransa, Birləşmiş Krallığın təcrübəsindən istifadə edilməsi faydalı olardı. Belə ki, hər iki ölkədə boşanma prosesi kifayət qədər mürəkkəb olmaqla, uzun müddət çəkir və nisbətən bahalıdır. Növbəti islahat istiqaməti qismində nikahın pozulmasında təqsirli olan tərəfin məsuliyyət tədirlərinin artırılması ilə bağlı isə Yaponiya və qardaş Türkiyə təcrübəsindən yararlanmaq təklif olunur.
Belə ki, Yaponiya qanunvericiliyinə görə boşanmanın səbəbi xəyanətdirsə, aldadılmış həyat yoldaşı məruz qaldığı mənəvi zərərə görə kompensasiya almaq hüququna malikdir. Türkiyyədə isə nikaha xitam verilməsi səbəbi cavadeh tərəfin xəyanəti və yaxud digər təqsirli hərəkəti olduqda, bu hal təqsirli şəxsə münasibətdə bir sıra mənfi hüquqi nəticələrə, o cümlədən tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlaklarının xəyanət etmiş tərəfin ziyanına olaraq qeyri-mütənasib şəkildə bölünməsinə səbəb olur. Göründüyü kimi, beynəlxalq təcrübədə nikahın pozulması hüququna məhdudiyyətlərin və nikahın pozulmasında təqsirli tərəfə münasibətdə məsuliyyət tədirlərinin uğurlu tətbiqi milli qanunvericiliyimizin bu istiqamətdə təkmilləşdirilməsi baxımından bizi düşündürməlidir", - deyə S.Hacıyev əlavə edib.

Şəbnəm Mehdizadə