- 16:22 | 25.04.2023
- Məhkəmə
Ötən əsrin 60-cı illərindən başlamaqla ölkəmizin 30 ildən artıq dövrünü əhatə edən ən yeni tarixi dahi Heydər Əliyevin adı, müdrik dövlətçilik siyasəti ilə bağlı olmuşdur. Bu müddət ərzində ulu öndər tərəfindən həyata keçirilən möhtəşəm dövlətçilik tədbirlərinin nəticəsidir ki, azərbaycançılıq ideyası ətrafında birləşməklə, siyasi və iqtisadi müstəqilliyə nail olan xalqımız demokratik və hüquqi bir dövlətdə, ümumbəşəri dəyərlərə əsaslanan vətəndaş cəmiyyətində layiqli yaşamaq imkanı əldə etmişdir.
Azərbaycan Respublikasının müstəqilliyinin ilk illərində iqtisadi tənəzzülün güclənməsi, siyasi böhranın dərinləşməsi və vətəndaş qarşıdurması nəticəsində ölkə parçalanma həddinə çatmış, qanunçuluq, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində acınacaqlı vəziyyət yaranmışdır. 1993-cü ilin iyununda, mürəkkəb siyasi şəraitdə xalqın səsinə səs verərək hakimiyyətə qayıdan Heydər Əliyev respublikanı milli müstəqilliyin itirilməsi təhlükəsindən qurtarmış, çağdaş tariximizə dövlətçiliyimizin xilaskarı, qurucusu kimi düşmüşdür.Ümummilli liderin rəhbərliyi dövründə Azərbaycanda məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi, bu kontekstdə insan və vətəndaş hüquq və azadlıqlarının maksimum dərəcədə müdafiəsi üçün çevik mexanizmlərin yaradılması, habelə qanunların aliliyinin təmin olunması həyata keçirilən mütərəqqi islahatların mühüm istiqamətini təşkil etmişdir.
28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən təməli qoyulan Ədliyyə Nazirliyinin həmin ilin 22 noyabrında Əsasnaməsi təsdiq edilərək hüquqi qüvvəyə minmişdir. Ulu öndər 2000-ci ilin 11 noyabrında imzaladığı Sərəncamla 22 noyabr tarixini "Ədliyyə işçilərinin peşə bayramı günü" kimi qeyd olunmasını təsdiq etdi. Bu, dahi liderin ədliyyə sahəsinə, eləcə də həmin sahənin əməkdaşlarına xüsusi diqqət və qayğısının növbəti göstəricisi idi.
Xalqın xahişi ilə ikinci dəfə ölkənin ali siyasi rəhbərliyinə qayıdan ümummilli lider bütün sahələr üzrə məqsədyönlü şəkildə dünyəvi, demokratik, hüquqi əsaslı islahatlar həyata keçirdi. Xalqımız da bilirdi ki, yalnız vaxtilə SSRİ kimi fövqəldövlətin ən ali elitasında təmsil olunmuş milli qüruru, xarizmatik idarəçilik qabiliyyəti olan Heydər Əliyev Azərbaycanı xaos bataqlığından xilas edə bilər. Bu böyük insan Azərbaycan Respublikasının 1978-ci ildə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dilinin rəsmi dövlət dili kimi təsbit olunmasına nail olmuşdu. Halbuki, həmin dövrdə əksər sovet respublikalarının rəsmi dövlət dili o respublikalarda yaşayan əsas yerli xalqın dilində deyildi.
Azərbaycanda anarxiya həddinə çatan ən kəskin ictimai-siyasi ziddiyyətlərin mövcud olduğu bir dövrdə yenidən siyasi rəhbərliyə başlayan Heydər Əliyev yeni Konstitusiyanın qəbul olunması zərurətini ölkə vətəndaşlarının nəzərinə çatdırdı. Onun rəhbərliyi ilə hüquqi, dünyəvi və unitar dövlətimizin təməli olan yeni Konstitusiya layihəsi hazırlanaraq 1995-ci ildə Milli Məclisin müzakirəsinə verildi və həmin ilin 12 noyabrında ümumxalq səsverməsi ilə qəbul olundu. Məhz elə birinci maddəsində dövlət hakimiyyətinin yeganə mənbəyinin Azərbaycan xalqı olduğu vurğulanan həmin Konstitusiyada qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin müstəqilliyinin öz əksini tapması beynəlxalq hüquqi dövlət prinsiplərinə əsaslanırdı. Hamının qanun və məhkəmə qarşısında bərabərliyi qeyd olunan Konstitusiyamızda öz əksini tapan maddələrin həyatımıza daha sürətli və səmərəli təsirinin tətbiqi üçün ulu öndər bütün strukturlarda, o cümlədən ədliyyə sahəsində də ardıcıl islahatlar apardı, Sərəncam və fərmanlar imzaladı. Bu səmərəliliyin daha möhkəm təməl üzərində dayanması üçün Hüquqi İslahat Komissiyasını yaratdı, hüququn bütün sahələrinə aid müasir qanunvericilik mətnlərinin hazırlanmasına göstəriş verdi. Hüquqi İslahat Komissiyasının rəhbərliyini və məsuliyyətini öz üzərinə götürən dahi lider bu sahədəki fəaliyyət ilə Azərbaycanın beynəlxalq miqyaslı yeni hüquq sisteminin müəllifi kimi də tarixə öz adını yazdırmış oldu. Məhz onun sayəsində əvvəlkindən köklü surətdə fərqlənən yeni Konstitusiya əsasında müasir hüquq sistemi və 3 pilləli məhkəmə sistemi formalaşdırıldı. Qısa zamanda hazırlanan hüquqi aktlar ən nüfuzlu beynəlxalq qurumlarda çox müsbət qarşılandı. 1997-ci ildə "Məhkəmələr və hakimlər haqqında" yeni Qanunun qəbul edilməsi də ulu öndərin ölkəmizin demokratiya yolunda irəliləmək arzusuna daha bir töhfə idi.
Ümummilli liderin 1993-2003-cü illərdəki rəhbərliyi dövründə Ədliyyə Nazirliyinin fəaliyyət dairəsi əhəmiyyətli şəkildə genişlənmiş, məhkəmə müstəqilliyinin təmin olunması istiqamətində misilsiz addımlar atılmış, o cümlədən məhkəmə qərarlarının icrası mexanizmi müəyyən edilmişdir. Bununla yanaşı, Ədliyyə Nazirliyinin strukturuna aid qurumların işinin daha da səmərəliləşdirilməsi naminə ulu öndər tərəfindən imzalanmış çoxsaylı fərmanlar nəticəsində əldə olunan mütərəqqi inkişaf artıq göz qabağında idi. Bu illər ərzində dövlətçiliyin daha möhkəm təməllər üzərində qurulması ilə paralel olaraq xalqımızın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində irəliləyiş günbəgün hiss olunurdu.
Ölüm hökmünü ləğv edən ölkə kimi Azərbaycanın adını növbəti dəfə dünya tarixinə daha bir mütərəqqi addımı ilə yazdıran ulu öndərin 10 fevral 1998-ci ildə həmin cəzanın ləğv edilməsi barədə təşəbbüsü, onun humanizminin nə qədər yüksək amallara bağlı olmasına, vətəninə və xalqına nə dərəcədə canıyananlığına daha bir nümunədir. Məhz belə təşəbbüslər nəticəsində Əfv və Amnistiya İnstitunun fəaliyyətə başlaması isə minlərlə insana əvəzsiz bəxşiş olmuşdur. Ölkə tarixində ilk dəfə olaraq test üsulu ilə, başlıcası isə şəffaf prosedurlarla yeni, müstəqil səlahiyyətli hakim korpusunun yaradılması, 3 pilləli məhkəmə sisteminin fəaliyyətinə yaradılan münbit şərait ulu öndər Heydər Əliyevin sayəsində reallaşmışdır.
Heydər Əliyevin rəhbərliyi dövründə möhkəm hüquqi təməl üzərində qurulmuş Azərbaycan dövlətçiliyi bu gün onun layiqli davamçısı, dövlətimizi dünyada daha qüdrətli və qalib dövlət kimi tanıdan, güclü iradəsi, uzaqgörən siyasəti və diplomatik məharəti nəticəsində 30 ildən sonra xalqımıza qalibiyyət hissini yaşadan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən böyük uğurlara doğru irəliləməkdədir. Ümummilli lider İlham Əliyev barəsində deyirdi: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Beləliklə, mənalı ömrünü xalqımızın rifahına və uğurlu gələcəyinə həsr edən ulu öndərin xalq qarşısında ən böyük xidmətlərindən biri də, bu gün bütün dünyada Vətənimizin nüfuzunu günbəgün artıran möhtərəm Prezidentimiz İlham Əliyevin mükəmməl siyasi lider olaraq xalqımıza bəxş etməsi olmuşdur. Siyasi rəhbərliyə gəldiyi ilk gündən cənab İlham Əliyev ulu öndərin siyasi yoluna sədaqət göstərərək xalqın rifahının yüksəlişi, dövlət qulluqçularının, hüquq-mühafizə orqanlarının, o cümlədən ədliyyə işçilərinin iş şəraitinin daha da təkmilləşdirilməsi istiqamətində mütərəqqi addımlar atmışdır. Yaratdığı dövlətin gələcəyinin parlaq olacağına əminliklə inanan dahi rəhbər deyirdi: "Azərbaycan dövlətinin müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır və Azərbaycanın bugünkü gənc nəsli gələcək Azərbaycanı daha da yüksəklərə qaldıracaqdır." Ulu öndərin arzusuna uyğun olaraq Azərbaycanın yüksəkliklər fəth etməsi bu gün dünyanın hər yerindən görünməkdədir.
Heydər Əliyevin quruculuq yolu ilə irəliləyən ölkəmizdə ədliyyə sahəsində həyata keçirilən islahatların davam etdirilməsi, ədliyyə orqanlarının və məhkəmələrin fəaliyyətlərinin daha da təkmilləşdirilməsinin təmin edilməsi məqsədilə möhtərəm Prezidentimizin 18 dekabr 2018-ci il tarixli Sərəncamı ilə "Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı" təsdiq edilmişdir. Proqramda ədliyyə və məhkəmə fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi, ədliyyə orqanlarının və məhkəmələrin vətəndaşlar üçün əlçatanlığının təmin edilməsi, ədliyyə sahəsində vətəndaş məmnunluğunun yüksəldilməsi, cəzaların icrası sisteminin təkmilləşdirilməsi, məhkəmə fəaliyyətinin müasir tələblər səviyyəsində həyata keçirilməsinin təmin olunması, yerli idarəetmənin inkişafında ədliyyə orqanlarının iştirakının səmərəliliyinin artırılması və sair kimi istiqamətlərdə həyata keçirilməli olan zəruri tədbirlər müəyyən edilmişdir.
Ulu öndərin ideyalarının dönməz inkişaf yolunda olmasını sübut edən yüzlərlə nümunə göstərmək olar. Bunlardan biri kimi xatırlatmaq yerinə düşər ki, ölkə başçısının 17 avqust 2006-cı il tarixli "Ədliyyə orqanlarının inkişafı haqqında" Fərmanı ilə Ədliyyə Nazirliyinin strukturunda ciddi dəyişikliklər edilmiş, zəmanəmizin tələblərinə müvafiq mühüm qurumlar yaradılmış, məhkəmə-hüquq sistemində çalışan hüquqşünaslar üçün Ədliyyə Akademiyası təsis edilmiş, ölkə tarixində ilk dəfə olaraq vətəndaşların məhkəmələrə müraciətlərinin asanlaşdırılması, göstərilən hüquqi xidmətlərin günü-gündən yaxşılaşdırılması, bir sözlə, ölkədə hüquqi təsisatların daha səmərəli şəkildə stimullaşdırılması məqsədilə regional ədliyyə idarələri yaradılmışdır.
Məhkəmə hakimiyyətinin özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurası təsis edilmiş, hakimlərin ədalətlilik prinsipi ilə seçilmələri üçün mütərəqqi qaydalar müəyyənləşdirilmiş, bu məqsədlə müstəqil qurum olan Hakimlərin Seçki Komitəsi yaradılmış, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi qaydası dəqiqləşdirilmişdir. Ötən müddət ərzində seçki yolu ilə hakim korpusunun yenilənməsi prosesi müvəffəqiyyətlə aparılmış, bu sahədə daha savadlı gənclərin yer almasına xüsusi önəm verilmişdir. Hakimlərin iş yükünün həddən artıq çoxluğu, bu səbəbdən də məhkəmə proseslərində ləngimələrin nəzərə çarpması Məhkəmə-Hüquq Şurası tərəfindən təhlil edilərək, hakimlərin fəaliyyətlərinin daha səmərəli olması üçün ölkə Prezidentinin Fərmanına müvafiq olaraq hakimlərin ştat sayı artırılmışdır. Bütün bunlar, dahi və millətinin qeydinə qalan işgüzar siyasətçi Heydər Əliyev siyasətinin möhtərəm Prezidentimiz tərəfindən layiqincə davam etdirilməsi, ədliyyə sahəsinin normativ-hüquqi bazasının təkmilləşdirilməsi sayəsində olmuşdur.
Heydər Əliyev ideyalarının çiçəklənməsinin nəticəsidir ki, ölkəmizin nüfuzunun beynəlxalq aləmdə günbəgün artması, dövlətimizin regionda aparıcı söz sahibi olması artıq dünya tərəfindən danılmaz reallıq kimi qəbul olunmuşdur. İkinci Qarabağ müharibəsində cəmi 44 günə möhtəşəm qələbə qazanmağımız da məhz ulu öndər ideyalarının sağlam təməl üzərində dayanmasının və layiqli davamçı tərəfindən həyata keçirilməsinin sübutudur. Yeri gəlmişkən xüsusi qeyd etməyə dəyər ki, bu möhtəşəm, tarixi qələbə biz gənc ədliyyə işçilərinə daha əzmlə çalışmaq üçün xüsusi ruh verdi. Ali Baş Komandana və yenilməz ordumuza bizə belə bir ruh yüksəkliyini bəxş etdikləri üçün sonsuz minnətdarıq. Biz regionda xüsusi söz sahibi olan Azərbaycan Respublikasının bir vətəndaşı və ədliyyə işçisi kimi vətənimizin başucalığını qorumaq naminə qanunun aliliyini, vətənə layiqincə xidmət etməyi həmişə müqəddəs vəzifəmiz hesab edəcəyik.
Ölkəmizin bütün fəaliyyət sahələrinə, eləcə də ədliyyə sisteminin bütövlükdə inkişaf tarixinə ulu öndər Heydər Əliyevin adı və imzası qızıl hərflərlə həkk olunmuşdur. "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" - ifadəsinin böyük düha, dünyamiqyaslı siyasi lider tərəfindən səslənməsi qürurvericidir.
Təkcə ölkəmizdə deyil, dünyanın inkişaf etmiş ölkələrində də ictimai xadim, fenomen siyasi lider kimi tanınan Heydər Əliyev irsinin öyrənilməsi təqdirəlayiq, rəğbətlə qarşılanan hadisələrdəndir. Təsadüfi deyil ki, indi bütün türk dünyası Azərbaycanın varlığı ilə fəxr edir. Türkiyə Cümhuriyyətinin bütün vətəndaşları isə ulu öndərin "Bir millət, iki dövlət" şüarını məmnunluq hissi ilə hər yerdə səsləndirirlər.
Öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyət, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibəti ilə Prezident İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü ilin Azərbaycan Respublikasında "Heydər Əliyev İli" elan etməsi dönəmində ulu öndərimizi minnətdarlıqla anır və onun ideyalarına sədaqətimizi fəxrlə bildiririk.
Xalqımızın ulu öndəri Heydər Əliyevin müqəddəs adı və möhtəşəm fəaliyyəti Azərbaycanın müstəqil dövlətçilik tarixinə qızıl hərflərlə həkk olunmuşdur. Azərbaycan tarixinin ən qüdrətli dövlət xadimi, xalqımızın dünya siyasətinə bəxş etdiyi fenomen şəxsiyyət – ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsi bütün zamanlarda xüsusi minnətdarlıq və ehtiramla yad edilir. Özünün mənalı və şərəfli ömrünü Azərbaycan dövlətinə, doğma xalqına xidmətə həsr etməklə əbədiyaşarlıq rəmzinə çevrilən dünyamiqyaslı nəhəng siyasətçi qədirbilən xalqımızın yaddaşında daim xilaskar və qurucu lider kimi qalacaq.
Səlim Allahverdiyev
Sabirabad Rayon Məhkəməsinin hakimi