- 11:17 | 17.04.2023
- Məhkəmə
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilmişdir.
Böyük öndər Azərbaycanın tərəqqi və inkişaf yolunu bir dövlət olaraq dahiliklə müəyyənləşdirmiş, milli-mənəvi dəyərlərimizin, müstəqil dövlətçiliyimizin konseptual əsaslarını işləyib hazırlamış, ehkamlaşmış köhnə stereotiplər çərçivəsini dağıdaraq milli ruhun, milli ideologiyanın yüksəlişinə təkan vermişdir. Azərbaycanın müasir siyasi tarixinin və çağdaş həyatının təxminən son 35 ili ulu öndərimiz Heydər Əliyevlə, onun çoxtərəfli və genişmiqyaslı zəngin əməli-nəzəri və siyasi fəaliyyəti ilə bağlı olmuşdur. Bu dövrə nəzər salarkən ölkəmizin nə qədər dəyişib inkişaf etdiyinin real mənzərəsini görürük.
Məhz ulu öndərimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1970-1980-ci illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyulmuş, sosial-iqtisadi, ictimai-mədəni və digər sahələrdə olduğu kimi, məhkəmə-hüquq sahəsində də əsaslı dönüş yaranmışdır. Özünün təkmil dövlətçilik konsepsiyasında ədalət, qanunçuluq və hüquq qaydalarının təminatına hər zaman üstünlük verən ümummilli lider Heydər Əliyev qanunun aliliyini, ədaləti əsas meyar kimi müəyyənləşdirmiş, cinayətkarlığa, rüşvətxorluğa qarşı barışmaz münasibət nümayiş etdirmişdir.
Təsadüfü deyil ki, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1970-ci il 27 oktyabr tarixli fərmanı ilə Ədliyyə Nazirliyi yenidən təsis olumuş və Nazirlər Sovetinin 26 iyul 1972-ci il tarixli qərarı ilə Ədliyyə Nazirliyinin əsasnaməsi təsdiq edilmişdir. Ədliyyə Nazirliyinin yaradılması ilə Azərbaycan SSR Ali Məhkəməsinin səlahiyyətlərində də əsaslı dəyişikliklər həyata keçirilmişdir. Respublika Ali Soveti Rəyasət Heyətinin 1976-cı il 2 iyul tarixli fərmanı ilə Azərbaycan SSR məhkəmələri hakimlərinin intizam məsuliyyəti haqqında əsasnamənin qəbul olunması məhkəmə fəaliyyətinin yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət kəsb etmişdir.
Böyük öndər Heydər Əliyevin təşəbbüsü ilə “Azərbaycan SSR Qanunları Külliyyatının hazırlanması və nəşr olunması haqqında” 1976-cı il 5 oktyabr tarixli qərar qəbul olunmuş, həmçinin Azərbaycan Dövlət Universitetində hüquqşünas kadrların hazırlanmasına diqqət və qayğı artırılmışdır.
1977-ci ildə qəbul olunmuş SSRİ-nin yeni Konstitusiyası həmin dövrdə bütün respublikalarda hazırlanan yeni konstitusiyalar üçün baza rolunu oynamışdır. Respublikanın rəhbəri, Konstitusiya layihəsinin hazırlanması üzrə komissiyanın sədri Heydər Əliyevin Ali Sovetdə məruzəsi dinlənildikdən sonra layihə ümumxalq müzakirəsinə verilmiş və 21 aprel 1978-ci ildə qəbul edilmişdir.
Məhkəmə sisteminin fəaliyyətinin təkmilləşdirilməsində 1981-ci ildə “Azərbaycan SSR-də məhkəmə quruluşu haqqında” yeni qanunun qəbul olunması mühüm rol oynamışdır.
Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də qəbul etdiyi “Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan edərək öz dövlət müstəqilliyini və suverenliyini beynəlxalq aləmə bildirdi. Azərbaycan xalqı öz dövlət müstəqilliyini əldə etdikdən sonra cəmiyyətin gələcək inkişafı üçün hüquqi islahatların həyata keçirilməsi, tamamilə yeni mütərəqqi və demokratik dəyərlərə əsaslanan hüquq və məhkəmə sisteminin, qanunvericilik bazasının formalaşdırılması zəruri idi. Lakin 90-cı illərin əvvəllərində ölkədəki mövcud vəziyyət qarşısında duran həyati əhəmiyyətli vəzifələrin yerinə yetirilməsinə imkan vermirdi. Belə ki, xalqımız dövlət müstəqilliyini bərpa etsə də, bundan dərhal sonra onu itirmək təhlükəsi qarşısında qalmışdı – ölkə vətəndaş müharibəsi, milli dövlətçiliyin məhvi təhlükəsi ilə üz-üzə idi. Eyni zamanda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində ermənilər tərəfindən torpaqlarımızın 20 faizi - Dağlıq Qarabağ və ətrafında olan Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları işğal edilmiş, Qarabağın Azərbaycan əhalisi etnik təmizləməyə məruz qalmış, bir milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü. İşğalçı Ermənistanın silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT-nin Təhlükəsizlik Şurası tərəfindən 4 qətnamə qəbul olunsa da, onlar icrasız qalmışdı.
Azərbaycan Respublikasının dövlət müstəqilliyini öz həyat amalına çevirmiş, bütün həyatını bu nəcib iş uğrunda mübarizəyə həsr etmiş Ulu öndərimiz bu haqda demişdir: “… Bütün həyatımı təhlil edəndə görürəm ki, hər halda bir başlıca hadisə var, o da budur ki, mən Azərbaycanın müstəqilliyini təmin edə bilmişəm. Onu daxili çəkişmələr alovunda, dağıntılar və qan içində olmağa qoymamışam”
1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbini və xahişini nəzərə alaraq hakimiyyətə gəlişi ilə ölkə xaosdan, dövlətçiliyini itirmək təhlükəsindən xilas oldu, atəşkəs elan olundu, torpaqlarımızın mənfur düşmən tərəfindən işğalının qarşısı alındı. Ölkədə geniş vüsət almış cinayətkarlığın bütün ünsürlərinə qarşı qəti mübarizə aparmaq üçün 1994-cü ilin avqustun 9-da imzalanmış xüsusi fərman qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsində əsaslı dönüş yaratdı. İqtisadi inkişafa mane olan korrupsiyaya qarşı mübarizəyə başlanıldı. İnsan haqlarının etibarlı qorunması dövlətin prioriteti kimi müəyyən edilərək respublikamız insan hüquq və azadlıqlarının təminatı sahəsində əsas beynəlxalq konvensiyalara qoşuldu. 1993-cü ildən ölüm cəzasının icrasına veto qoyuldu, 1998-ci ildə Şərqdə ilk dəfə olaraq Azərbaycanda bu cəza növü tamamilə ləğv edildi, əfv və amnistiya institutları geniş tətbiq olunmağa başladı.
Respublikada demokratik hüquqi dövlət quruculuğu prosesinə başlayan dahi lider hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirdi. 1995-ci ildə ümummilli lider Heydər Əliyevin bilavasitə sədrliyi ilə yeni Konstitusiya layihəsinin hazırlanması üçün komissiya yaradıldı. Qısa müddət ərzində komissiyanın gərgin fəaliyyəti nəticəsində tam təkmil, demokratik dəyərlərə və prinsiplərə uyğun konstitusiya layihəsi işlənilib hazırlandı. Həmin ilin noyabrın 12-də ümumxalq səsverməsi (referendum) ilə qəbul edilmiş Konstitusiyada hüquqi dövlətin bütün prinsipləri – qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olundu, insan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edildi. Konstitusiyanın ayrıca fəsli məhkəmə hakimiyyətinə həsr edilərək ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri, hakimlərin müstəqilliyi və toxunulmazlığı, habelə məhkəmə fəaliyyəti ilə bağlı digər məsələlər xüsusi vurğulandı. Əsas Qanunun qəbulu ölkədə bütün sahələrdə, o cümlədən hüquqi islahatların hərtərəfli və kompleks həyata keçirilməsinə rəvac verdi və bu məqsədlə müxtəlif komissiyalar yaradıldı. 1996-cı il 21 fevral tarixli Sərəncamla yaradılmış Hüquqi İslahat Komissiyasına rəhbərliyi bilavasitə öz üzərinə götürən ümummilli lider Heydər Əliyev islahatların qısa müddətdə və mütəşəkkil aparılmasını təmin etdi. Yeni mütərəqqi qanunlar, o cümlədən “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Prokurorluq haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və digər qanunlar, əvvəlkilərdən prinsipcə köklü surətdə fərqlənən Mülki və Mülki-Prosessual, Cinayət və Cinayət-Prosessual, Cəzaların İcrası və s. məcəllələr qəbul edildi. Qeyd edilən qanunlar ölkəmizdə sabitliyin və qanunçuluğun rəmzidir. Dahi rəhbər hər an, hər şəraitdə qanunun aliliyini qoruyub saxlamağa çağırırdı: “Qanun hamı üçün qanundur. Həm adi vətəndaş üçün, həm hakimiyyət məmuru üçün, həm də dövlət məmuru üçün".
İnsan hüquqlarının qorunmasına müstəsna əhəmiyyət verən Ümummilli Liderimizin 1998-ci ildə imzaladığı “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərmanı isə insan hüquqlarının təminatı sahəsində yeni mərhələnin əsasını qoydu.
Məhkəmə hakimiyyətinin nüfuzlu və müstəqil təsisat kimi təşəkkül tapması, habelə hazırlıqlı və peşəkar hakim korpusunun formalaşdırılması məqsədilə 1 dekabr 1998-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Məhkəmə-Hüquq Şurası yaradıldı. “Azərbaycan Respublikası məhkəmələrinin təşkili və fəaliyyətinin təmin edilməsi haqqında” 17 iyun 1999-cu il tarixli fərmana uyğun olaraq Respublikada fəaliyyət göstərən məhkəmə hakimlərinin sayı 329 ştatdan ibarət müəyyən edildi. Yeni qanunvericiliyə əsasən mövcud məhkəmələrlə yanaşı ilk dəfə Respublika Apellyasiya Məhkəməsi, Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmə, Ağır Cinayətlərə dair İşlər üzrə Hərbi Məhkəmə, Beynəlxalq Müqavilələrdən irəli gələn Mübahisələrə dair İqtisad Məhkəməsi, Sumqayıt Hərbi Məhkəməsi, Bakı, Gəncə, Şirvan şəhərlərində 1, 2 və 3 saylı yerli iqtisad məhkəmələri təşkil edildi. 28 dekabr 2002-ci il tarixli Konstitusiya qanunu ilə ölkəmizdə ilk dəfə İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) institutu yaradıldı.
1999-cu ildə ümummilli lider tərəfindən “Ədalət mühakiməsinin rəsmi embleminin təsviri”, “Hakimlərin xüsusi geyimi haqqında” və “Hakimlərin xidməti vəsiqəsi haqqında” əsasnamələr təsdiq edildi. Hakim korpusunda yalnız yüksək nəzəri və peşə hazırlığına malik hüquqşünasların təmsil olunmasını təmin etmək məqsədilə Dahi Öndərimiz hakimliyə namizədlərin seçilməsi qaydasının təkmilləşdirilməsi barədə 17 yanvar 2000-ci il tarixdə ayrıca fərman imzaladı. Buna uyğun olaraq Məhkəmə-Hüquq Şurası tərəfindən hakim vəzifələrinə namizədlərin seçilməsi ilə əlaqədar zəruri tədbirlər görüldü, qabaqcıl təcrübələr öyrənilib ümumiləşdirildi və 2000-ci ildə “Azərbaycan Respublikasında hakimliyə namizədlərin seçilməsi qaydaları” təsdiq edildi. Dövlətçilik tariximizdə ilk dəfə olaraq hakimlərlə şəffaf prosedurlar əsasında, o cümlədən test üsulu ilə imtahanlar keçirildi və nəticədə hakim korpusu 60 faiz təzələndi. 2000-ci ilin sentyabr ayından əvvəlkindən prinsipcə köklü surətdə fərqlənən, birinci, apellyasiya və kassasiya instansiyalarından ibarət yeni üç pilləli məhkəmə sistemi fəaliyyətə başladı.
Hakimlərin və ədliyyə işçilərinin peşə hazırlığının artırılmasına xüsusi əhəmiyyət verilərək, habelə hüquq sahələrinə dair elmi tədqiqatların aparılması məqsədilə ümummilli lider Heydər Əliyevin 14 may 1999-cu il tarixli sərəncamı ilə Hüquq Kadrlarını Təkmilləşdirmə İnstitutunun əsasında Ədliyyə Nazirliyi yanında Hüquq Tədris Mərkəzi yaradıldı.
1994-cü il tarixdə “Normativ-hüquqi aktlar haqqında” qanun, 1999-cu ildə Ailə Məcəlləsi, “Notariat haqında” yeni qanun, “Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında” qanun qəbul edilmişdir.
Ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli sərəncamı ilə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin əsasnaməsinin təsdiq edildiyi gün - 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis olunmuşdur.
Aparılan məqsədyönlü xarici siyasət kursunun və mütərəqqi islahatların nəticəsi olaraq, dövlətimiz nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən 2001-ci ilin yanvar ayının 25-dən Avropa Şurasının tamhüquqlu üzvü kimi dünya birliyində layiqincə təmsil olundu.
Bu gün tam əminliklə demək olar ki, müstəqil Azərbaycan dövlətinin qurucusu olan Heydər Əliyev həm də müasir hüquq və məhkəmə sisteminin banisidir.
Xüsusilə ulu öndər Heydər Əliyevin sahibkarlığın inkişafına verdiyi tövhələrdən və bu tövhələrin müsbət nəticələrindən də bəhs etmək istəyirəm. Belə ki, bazar iqtisadiyyatına keçid dövründə sahibkarların –özəl sektorun fəaliyyətinə normal şərait yaratmadan ölkənin qarşısında duran strateji vəzifələri gerçəkləşdirmək, iqtisadi yüksəlişi təmin etmək, işsizliyin səviyyəsini azaltmaq, infrastrukturu yeniləşdirmək, eləcə də sosial xarakterli digər problemlərin həllinə nail olmaq mümkün deyildi. Ümummilli lider bu reallığı düzgün qiymətləndirdiyi üçün həm də sahibkarlığın inkişafına, bölgələrin tarixi məşğulluq ənənələrinin bərpasına, habelə regional tarazlığın təmin olunmasına xidmət edən əməli tədbirlər həyata keçirmiş, iqtisadiyyatın liberallaşdırılması, bazarın inhisardan, haqsız rəqabətdən azad olunması, özəl sektorun dəstəklənməsi, sahibkarlara, fermerlərə güzəştli kreditlərin verilməsi sahəsində ardıcıl və sistemli tədbirlər həyata keçirilmişdir. Həyata keçirilən genişmiqyaslı iqtisadi islahatların ən mühüm istiqamətlərindən biri də sahibkarlıq sektorunun səmərəli və rəqabət qabiliyyətli fəaliyyətinin təmin olunması idi.
Ulu öndər Heydər Əliyev demişdir: “Bir Prezident kimi mən Azərbayсапın aqrar bölməsində, ümumiyyətlə, iqtisadiyyatında dövlət siyasətini artıq müəyyən etmişəm. Bu, islahatlar yoludur, islahatlar vasitəsilə istehsalın artırılması, inkişaf etdirilməsi, mülkiyyətin özəlləşdirilməsi, özəl bölmənin inkişafına geniş yer verilməsi, bazar iqtisadiyyatı, insanlara sərbəstlik verilməsi, sahibkarlığa, təşəbbüskarlığa şərait yaradılmasıdır. Bu, dövlət siyasətimizin əsas prinsipləridir”
Mülki qanunvericiliyə edilmiş dəyişilkilərə və “İctimai birliklər haqqında” qanuna uyğun olaraq kommersiya hüquqi şəxslərinin, siyasi partiyaların, ictimai birliklərin, dini qurumların və həmkarlar ittifaqlarının dövlət qeydiyyatının aparılması qaydaları müəyyən olundu. 06.02.1996-cı il tarixdə qəbul edilmiş “Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında” qanunla isə təşkilati-hüquqi, mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq Azərbaycan Respublikasında yaradılan hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filiallarının və nümayəndəliklərinin dövlət qeydiyyatının hüquqi və təşkilati əsasları müəyyən edildi. İqtisadi islahatların aparılmasının hüquqi təminatını, habelə vətəndaşların sahibkarlıq hüquqlarının həyata keçirilməsi şəraitini yaxşılaşdırmaq məqsədi ilə ümummilli lider Heydər Əliyevin 11 yanvar 1997-ci il tarixli fərmanı ilə Ədliyyə Nazirliyinin hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə bölgə şöbələri yaradıldı, həmin ilin 7 aprel tarixli fərmanı ilə onların əsasnaməsi təsdiq olundu.
Ölkə iqtisadiyyatının ağır vəziyyətdə olmasına baxmayaraq, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti və rəhbərliyi ilə ardıcıl və sistemli tədbirlər həyata keçirilməyə başlandı. Bu tədbirlər sırasına iqtisadi islahatların və inkişafın formalaşmaqda olan Azərbaycan modelinin tərkib hissəsi kimi bir çox irimiqyaslı sənədlərin qəbul edilməsini aid etmək olar. Bunlardan “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”, “Azərbaycanda kiçik və orta sahibkarlığa Dövlət Yardımı Proqramı (1997-2000-ci illər)”, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”, “Azərbaycan Respublikasında Kiçik və Orta Sahibkarlığın İnkişafının Dövlət Proqramı (2002-2005-ci illər)”, “Azərbaycan Respublikasında maşınqayırma sənayesinin inkişafının Dövlət Proqramı (2002-2005-ci (illər)”, “Azərbaycan Respublikasında aqrar bölmənin inkişafının Dövlət Proqramı (2002-2006)”, “Azərbaycan Respublikasının demoqrafik inkişaf konsepsiyası”, “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı”, “Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı (2003-2005-ci illər)” və ölkənin bir çox iqtisadi və sosial məsələlərinə dair digər proqramları, konsepsiyaları qeyd etmək olar. Həmçinin 1993-cü ilin fevralından Sahibkarlığa Kömək Milli Fondu fəaliyyətə başlamış, 27 avqust 2002-ci ildə Sahibkarlığa Kömək Milli Fondu haqqında əsasnamə və Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi qaydaları təsdiq edilmişdir. Göründüyü kimi, ölkə iqtisadiyyatının, sosial məsələlərin bütün prioritet istiqamətləri üzrə konsepsiyalar, strategiya və proqramlar qəbul edilmiş, onların icrası nəzarətə götürülmüşdü.
Azərbaycan Respublikasının iqtisadiyyatında özünə məxsus yer tutan və ölkədə sosial vəziyyətə böyük təsir gücünə malik olan aqrar bölmədə də islahatların aparılması dövlət başçısından cəsarət və uzaqgörən siyasət həyata keçirilməsini tələb edirdi. Bunun üçün ilk növbədə, kənd təsərrüfatında əsas istehsal vasitəsi olan torpaqların özəlləşdirilməsi, kolxoz və sovxozların ləğv edilərək onların əvəzinə yeni təşkilati hüquqi formalı təsərrüfatların yaradılması, sahibkarlığın inkişaf etdirilməsi və digər islahat tədbirlərinin həyata keçirilməsi lazım idi. Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti, gərgin fəaliyyəti nəticəsində mərhələli şəkildə aqrar islahatlar uğurla həyata keçirilmiş, ölkəmizin inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində uğurlar qazanılmağa başlanmışdır.
Ümummilli lider Heydər Əliyevin başladığı islahatlar bu gün Prezident İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir. Hələ 2003-cü ilin prezident seçkiləri ərəfəsində Heydər Əliyev siyasi kursunu davam etdirəcəyini bəyan edən cənab İlham Əliyev çox qısa müddətdə bütün sahələrin inkişafı istiqamətində böyük uğurlara imza atmaqla Ulu Öndərin siyasi varisi, onun güclü dövlətçilik, sosial-iqtisadi inkişaf kimi missiyalarının, azərbaycançılıq ideologiyasının layiqli daşıyıcısı olduğunu təsdiq edib.
“Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” deyən ulu öndər Heydər Əliyevi biz də hər an fəxrlə, qürur və dərin minnətdarlıq hissi ilə anırıq!
Gülnaz Quliyeva
Gəncə Kommersiya Məhkəməsinin hakimi