- 16:45 | 06.03.2023
- Məhkəmə
Günümüzdə demokratik, dünyəvi və hüquqi dövlət olaraq inkşaf edən və çiçəklənən Azərbaycan Respublikasının uğurlarında Ümummilli Lider Heydər Əliyev tərəfindən həyata keçirilmiş sistemli, davamlı və səmərəli hüquq islahatlarının rolu danılmazdır. Bu gün Azərbaycan Respublikasının bütün vətəndaşları böyük fəxr hissi ilə və əminliklə deyə bilər ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən bünövrəsi sağlam şəkildə qoyulan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilən sosial-iqtisadi, hüquqi və beynəlxalq siyasət nəticəsində ölkəmiz dünya ölkələri arasında öz sözünü deməyə və layiqli yerini tutmağa davam etməkdədir.
Məlum olduğu kimi, hakimiyyətə gəldiyi ilk gündən etibarən Ulu Öndər həyata keçirdiyi bütün islahatlarda və ölkə idarəetməsində insan hüquq və azadlıqlarının qorunmasını; humanizm prinsipinə hər sahədə əməl olunmasını; söz və fikir azadlıqlarının təmin olunmasını prioritet olaraq qəbul etmişdir. Bunun əyani göstəricisi olaraq Ulu Öndər tərəfindən minlərlə məhkumun əfv və amnistiya olunması, 1998-ci ildə onun təşəbbüsü ilə Şərqdə ilk dəfə olaraq ölüm cəzasının ləğv edilməsi ciddi tərbiyəvi əhəmiyyət daşımaqla yanaşı eyni zamanda, cəmiyyətə mənəvi dəyərlər və humanizm hissi aşılamışdır. 1995-2003-cü illərdə ümummilli lider Heydər Əliyevin imzaladığı 32 əfv Fərmanı ilə üç mindən artıq məhkum azadlığa buraxılmış, həmçinin Milli Məclisin bu dövrdə qəbul etdiyi yeddi “Amnistiya haqqında” qərarı 60 mindən artıq şəxsə şamil edilmişdir.
Təsadüfi deyil ki, hüquq sistemində ən başlıca və təməl rol oynayan Azərbaycan Respublikasının ilk Konstutitsiyasının hazırlanması və 1995-ci il 12 noyabr tarixində ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul olunması da Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə onun hakimiyyət dövründə həyata keçirilmişdir.
Ulu Öndərin təşəbbüsü və göstərişi ilə daha sonra da ardıcıl şəkildə hüquqi islahatların davam etdirilməsinin təmin edilməsi məqsədilə 1996-cı il 21 fevral tarixində "Hüquqi İslahatlar Komissiyası" yaradılmışdır. Qeyd olunan Komissiyanın yaradılması qanunların və digər normativ hüquqi aktların hazırlanmasına, məhkəmə və hüquq-mühafizə sisteminin təkmilləşdirilməsinə, qanunların əhali arasında təbliğ edilməsinə və bu kimi digər zəruri tədbirlərin həyata keçirilməsinə zəmin yaratmışdır. Bununla da ardıcıl şəkildə “Məhkəmələr və hakimlər haqqında”, “Konstitusiya Məhkəməsi haqqında”, "Prokurorluq haqqında", "Polis haqqında" “Notariat haqqında”, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” və.s qanunlar, Mülki və Mülki-Prosessual, Cinayət və Cinayət-Prosessual, Əmək, Ailə, İnzibati Xətalar, Gömrük, Vergi və digər məcəllələr qəbul edilmişdir.
Heydər Əliyevin məhkəmə-hüquq sistemində həyata keçirdiyi köklü islahatlardan biri də keçmiş sovet məhkəmə sisteminin ləğv edilməsi və 2000-ci ildən etibarən yeni, üçpilləli müstəqil məhkəmə sisteminin yaradılması olmuşdur. Bu islahat özlüyündə məhkəmə quruluşunun daha sistemli və intizamlı struktura malik olmasına, vətəndaşların tələblərinə instansiya qaydasında baxılmasına, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunan məhkəmə aktlarının hüquqa və fakta görə apellyasiya qaydasında yoxlanılmasına, məhkəmə qərarlarına hüquqa görə kassasiya qaydasında yenidən baxılmasına şərait yaratmışdır.
Ulu Öndər tərəfindən həyata keçirilən növbəti hüquqi islahat isə vətəndaşlara dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxslər tərəfindən pozulan insan hüquqlarının və azadlıqlarının bərpa edilməsi məqsədilə qeyri-məhkəmə müdafiə mexanizminin təqdim olunması, habelə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) institutunun yaradılması olmuşdur.
Əminliklə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əvəzsiz siyasi bacarıq və uzaqgörənliklə həyata keçirilən bütün islahatlar və nailiyyətlər ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün də davam etdirilməkdədir. Bununla əlaqədar hər keçən gün qanunvericilik bazası təkmilləşdirilməkdə olub, əhalinin pozulan hüquqlarının müdafiəsi zamanı məhkəmələrə çatımlılığının sürətləndirilməsi üçün yeni regional məhkəmələrin yaradılması, məhkəmələrdə iş yükünün mütənasib bölünməsi məqsədilə hakimlərin sayının artırılması, şəffaflığın təmin edilməsi məqsədilə elektron məhkəmə sisteminə keçid edilməsi kimi əsaslı islahatlar həyata keçirilməkdədir. Son olaraq qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 03 aprel 2019-cu il tarixli, "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Fərmanı ədalət mühakiməsinin həyata keçirilməsinin sürətləndirilməsində, şəffaflığın və effektivliyin yüksəldilməsində, süründürməçilik hallarının qarşısının alınmasında əvəzsiz rola malikdir. Sözügedən olunan Fərmanda ədalət mühakiməsi sahəsində ixtisaslaşmanın dərinləşdirilməsi mühüm vasitə qismində müəyyən edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanı eyni zamanda ədliyyə və məhkəmə sisteminin inkişafında yeni mərhələ olaraq qiymətləndirilməklə elektron məhkəmənin tətbiqi ilə bağlı təşkilati işlərin yekunlaşdırılmasını, onun funksionallığının artırılmasını, fiziki və hüquqi şəxslərin bu sistemdən istifadəsinin təmin olunmasını şərtləndirmişdir. Fərmanda “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi ilə əlaqədar təşkilati işlərin yekunlaşdırılması, mediasiya prosesinin tətbiqi ilə bağlı maarifləndirmə və təşviqat tədbirlərinin həyata keçirilməsi, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Ədliyyə Akademiyasının fəaliyyətinin müasirləşdirilməsi, infrastrukturunun və maddi-texniki təchizatının yaxşılaşdırılması, birinci instansiya məhkəmələrində kargüzarlığın aparılması ilə bağlı dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin birbaşa hakimlərin bank hesablarına köçürülməsi və digər məsələlərlə bağlı tövsiyə və tapşırıqlar verilmiş, məhkəmə hakimlərinin ümumi sayının 200 nəfər artırılması tapşırılmışdır. Əminliklə qeyd edə bilərik ki, Fərmanda göstərilən tədbirlərin yerinə yetirilməsi ədalət mühakiməsinin həyata keçirilməsində iştirak edən bütün subyektlərin və vətəndaşların rifahının yüksəldilməsində əhəmiyyətli rola malikdir.
Abbas Əliyev
Qəbələ Rayon Məhkəməsinin sədri