Vəkil: "Operativ reaksiyaya görə Daxili İşlər Nazirliyi və Ombudsmana təşəkkür edirəm" -

Vəkil Bəxtiyar Hacıyev hüquqlarını müdafiə etdiyi şəxslə bağlı yaranan problemin həllində göstərilən köməyə görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə və Ombudsman Səbinə Əliyevaya təşəkkür edib.

E-huquq.az-ın məlumatına görə, vəkil bildirib ki, azadlığa buraxılması haqqında məhkəmə qərarı olsa da həbsdə saxlanılan şəxsin azadlığa çıxması təmin edilib: "Hüquqlarını müdafiə etdiyim Əliyev Ramal Ramin oğlu artıq azadlıqdadır".

***

"Hüquqlarını müdafiə etdiyim Əliyev Ramal Ramin oğlunun həbsdə saxlanma müddətinin uzadılmasına dair Qobustan Rayon Polis Şöbəsi tərəfindən verilən vəsatət təmin edilməyib".

Bunu e-huquq.az-a açıqlamasında vəkil Bəxtiyar Hacıyev deyib.

O bildirib ki, ötən gün Qobustan Rayon Məhkəməsi hakim Natiq İsmayılovun sədrliyi ilə təqsirləndirilən şəxsin məhkəmə iclas zalından azadlığa buraxılması haqqında qərar qəbul edib.

Lakin Qobustan polisi həmin şəxsi buraxmır. Vəkil deyib ki, yaranan problemlə bağlı Daxili İşlər Nazirliyinə və Ombudsman Aparatına müraciət edib.

E-huquq.az məsələ ilə bağlı araşdırma aparıb. Məlumat verilib ki, məhkəmə qərarı axşam saatlarında verdiyi üçün həmin qərarın surəti polis şöbəsinə gec çatıb və məhz texniki problemlərə görə şəxsin azadlığa buraxılması gecikib.

Xəyalə Bünyatova