“Elektron məhkəmə” sistemindən istifadə zamanı problemlə qarşılaşanların NƏZƏRİNƏ


  • 8 İyul 2022 20:47

"Bəzi kütləvi informasiya vasitələrində vətəndaşlar tərəfindən Ədliyyə Nazirliyinin “Elektron məhkəmə” informasiya sistemindən istifadə zamanı məhkəmələrə elektron qaydada müraciət edilərkən texniki problemlərin yaranması ilə bağlı məlumatlar dərc edilmişdir. Bununla əlaqədar bildirilir ki, “Elektron məhkəmə” informasiya sisteminin özündə heç bir texniki problem yaşanmayıb, onun dayanıqlı fəaliyyəti daim diqqətdə saxlanılır və hazırda da işlək vəziyyətdə olması təmin edilir".

E-huquq.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, müəyyən çətinliklər məhkəməyə elektron qaydada edilən müraciətlər zamanı vətəndaşların sahib olduqları xüsusi sertifikatlı elektron imzadan istifadədə yaranıb:

"Belə halların yaranmaması üçün aşağıdakılar diqqətə çatdırılır.

E-imza üçün sertifikat xidməti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müasir çağırışlara uyğun yenilənmiş və tələb olunan sertifikat həmin nazirliyin Müştəri Xidmətləri Mərkəzinin internet saytında (https://token.sima.az/az/software) yerləşdirilib. İmza sahibi bu sertifikatı həmin bölməyə daxil olaraq əldə etməlidir. Əks halda, habelə sertifikatın müddəti bitdikdə e-sistemlərdən istifadə edərkən, o cümlədən göstərilən xidmətlər üzrə sənədləri elektron qaydada imzalamaq mümkün olmayacaq.

E-imza təkcə hər hansı bir portala giriş etmək üçün deyil, həm də bir çox xidmətlərdən, o cümlədən məhkəmə xidmətlərindən istifadə etmək üçün vacibdir.

Bildirilir ki, “Elektron məhkəmə” sistemi ilə bağlı məsələlərin operativ həll edilməsi üçün Ədliyyə Nazirliyində mütəxəssislərdən ibarət daimi işçi qrupu və çağrı mərkəzi fəaliyyət göstərir. Məsələ ilə bağlı onlara müraciət edən vətəndaşlara ətraflı izahlar verilmiş, əməli köməklik göstərilmişdir. Vətəndaşlara sözügedən sertifikatın alınması üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 157 Çağrı Mərkəzinə müraciət etmələri tövsiyə olunur".

Oxşar xəbərlər