"İXM-in 85-ci və CPM-in 318.1-ci maddəsində təqsirli şəxsin vəziyyətinin ağırlaşdırılması ilə bağlı fərqli tənzimləmə mövcuddur"


  • 14 Aprel 2022 11:50

"İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsi ilə Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin müqayisəli təhlilindən görünür ki, həmin maddələrdə təqsirli şəxsin vəziyyətinin ağırlaşdırılması imkanları ilə bağlı fərqli tənzimləmə mövcuddur. Belə ki, CPM-in 318.1-ci maddəsi cinayət işinin ağır ittiham elan olunması üçün istintaq orqanına göndərilməsinin dövlət ittihamçısının və zərərçəkmiş şəxsin vəsatətindən asılı etdiyi halda, İXM-in 85-ci maddəsi bu vəzifəni məhz hakimin üzərinə qoymuş və tərəflərin iradəsindən asılı etməyib".

E-huquq.az xəbər verir ki, bu barədə Şirvan Apellyasiya Məhkəməsinin hakimi Kamil Bəşirov Konstitusiya Məhkəməsinə göndərdiyi sorğuda qeyd edib. Hakim məhkəmədən İnzibati Xətalar Məcəlləsinin 12.5, 85 və 114.23-cü maddələrini Cinayət Prosessual Məcəlləsinin 65.1 və 318-ci maddələri və Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsi baxımından şərh edilməsini istəyib.

Müraciətdə qeyd edilib ki, məhkəmə baxışı zamanı ittihamın ağırlaşdırılmasına səbəb ola biləcək hal aşkar edildikdə, dövlət ittihamçısı və zərərçəkmiş şəxsin vəsatəti olmadan məhkəmənin öz təşəbbüsü ilə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işi və ya materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarmaq, habelə barəsində ittiham irəli sürülməmiş və məhkəməyə verilməmiş istənilən digər şəxs haqqında öz təşəbbüsü ilə bu və ya digər, xüsusilə də, ittiham yönümlü qərar qəbul etmək səlahiyyəti qanunvericilikdə nəzərdə tutulmayıb.

"Eyni zamanda İXM-in 85-ci maddəsində bu vəzifə imperativ qaydada müəyyən edilmiş, eləcə də, bu maddədə heç bir istisna (o cümlədən «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» və ya «Cinayət işi üzrə icraata xitam verilməsi haqqında» qərarların mövcudluğu şəraitində) müəyyən edilməmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Vera Fernandez-Huidobro İspaniyaya qarşı iş üzrə vurğulamışdır ki, qərəzsizlik tələbi nəzərdə tutur ki, "məhkəmə" mahiyyətindən irəli gələrək öz mühakimə funksiyası baxımından səciyyələndirilməli: hüquq normaları əsasında və prosessual qaydalara uyğun olaraq öz səlahiyyətinə aid məsələləri həll etməlidir (N 74181/01, 06 yanvar 2010-cu il, § 108). Buna görə də, İXM-in 12.2, 85 və 114.2.3-cü maddələrinin CPM-in 65 və 318-ci maddələri və Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsi baxımından şərh edilməsi zərurəti yaranmışdır", - deyə hakim bildirib.

Müraciətə Konstitusiya Məhkəməsi Plenumu tərəfindən mayın 5-də baxılacaq.

Xəyalə Bünyatova

Oxşar xəbərlər