- 11:10
Ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları, mülki və kommersiya məhkəmə icraatı sahəsində 2021-ci ilin sonlarından etibarən tətbiq edilən mühüm dəyişikliklərlə yeni vüsət alıb. Bu yeniliklər məhkəmə icraatı prosesinin optimallaşdırılmasına yönəlibdir. Eyni zamanda bu yeniliklər hələ əvvəldən gündəlikdə olan həll edilməli bəzi məsələləri də aktuallaşdırdı.
Bu sonuncular sırasında məhkəmə iclaslarında tərtib edilən məhkəmə iclas protokolları durur. Bu mövzuya aid bəzi qeydləri mühakimənizə vermək istərdim.
Tərtibi mütləq olan bu sənədin – məhkəmə iclas protokolunun əhəmiyyəti çox böyükdür, bu institut məhkəmə baxışında həqiqətin aşkar edilməsi, qanunçuluğun təmin edilməsi üçün çox vacib prosessual vasitədir. Lakin bu vasitə istifadə edilməmiş, inkişafdan qalmış “cırtdan” vəziyyətindədir. Ona nədənsə bir qayda olaraq nə vəkil maraq göstərir, nə hakim bu marağa rəva verir, nə də qanunvericiliyimiz bu məsələdə mükəmməlliyi ilə seçilir.
İclas protokollarının keçmişdən qalan qüsurları bugünkü islahat fonunda artıq kölgədə qala bilmir, bu institutun potensialının qarşısını kəsən amillərin təcili dəf edilməsi lazımdır.
Hələ də qalmaqda olan qüsurlar.
Əvvəlcə bu sahədə hələ də qalan çatışmazlıqların qısa icmalını verək:
Bunlar hələ ancaq üzdə olan problemlərdir, belə ki, bunların sayı əlbəttə daha çoxdur. Bundan başqa ötən ildən başlanmış prosessual islahatlardan sonra yeni suallar yaranmışdır ki, onlar da əvvəlki problemlərlə kompleks şəkildə həll edilməlidir.
Bəs məhkəmə iclas protokolunun rolu nədir ki?
Əvvəlcə məhkəmə iclas protokolunun mahiyyətinə nəzər salaq. İclas protokolunun üçlü mahiyyəti var. O, eyni zamanda:
İclas protokolu prosessual sənəd kimi
Bu statusda məhkəmə iclas protokolu prosesin bir çox mühüm ya köməkçi prosessual faktları haqqında məlumatların yeganə mənbəyi kimi çıxış edir. Məs.:
İclas protokolu sübutetmə vasitəsi kimi
Bu statusunda məhkəmə iclas protokolu həm müstəqil sübutetmə vasitəsi kimi, həm də digər sübutetmə vasitələrinin (məs., tərəflərin şifahi izahatları (izahatların sübut əhəmiyyəti daşıyan hissəsində), şahid ifadələri və s.) daşıyıcısı kimi çıxış edir.
İclas protokolunun bu statusda çıxış etdiyi halda, protokolların məxfi saxlanması, onların surətinin verilməməsi, sübutun əlçatanlığını məhdudlaşdırmaq deməkdir. Fikrimcə, iclas protokolları işdə iştirak edən şəxslərin şəxsi elektron kabinetə də yerləşdirilməli və protokola dair qeydlər verilməsi müddəti elektron informasiya sisteminə yerləşdirmə anından hesablanmalıdır.
İclas protokolu qanunçuluğun təmin edilməsi vasitəsi kimi
İclas protokolu, apellyasiya, kassasiya və nəzarət instansiyaları məhkəmələri üçün aşağı məhkəmələrdə baxış və qərar qəbulu zamanı bir sıra tələblərə riayət edilməsinin yoxlanılması üçün çox vacib vasitədir:
- prosesdə iştirak edən şəxslərin hüquqlarının təmin edilməsi,
- qanunla müəyyən edilmiş prinsiplərin (çəkişmə, tərəflərin bərabərliyi, icraatın obyektivliyi, tamlığı, hərtərəfliliyi və s.) gözlənilməsi
- prosessual hüquq normalarının gözlənilməsi
- hakimin və ya işdə iştirak edən şəxsin qanunsuz hərəkətləri və s.
Məhkəmə iclas protokolu yuxarı məhkəmə instansiyalarının nəzarət vasitəsi olduğu üçün, onun yekun tərtibində hakim və iclas katibi ilə yanaşı, toqquşan maraqları olan tərəflərin, nümayəndə və vəkillərin iştirakına maksimum açıq olmalıdır.
Prosessual yeniliklər kontekstində məhkəmə iclas protokolunun taleyi
2018-ci ilədək məhkəmələrdə audio-video yazının aparılması kommersiya məhkəmələrində məcburi idi. Həmin ildən isə bu tələb həmçinin mülki məhkəmələrə də tətbiq edildi. Qanun audio-video yazını iclas protokolunun tərkib hissəsi kimi tanıdı. Bu yenilik çox vacibdir. Çünki bununla məhkəmə araşdırmasının aşkarlığı, qanunçuluq əlavə təminat almış oldu. Audio-video yazı qaydası tam təşəkkül tapandan sonra iclas protokolu ilə yuxarıda təsvir etdiyimiz, eləcə də başqa manipulyasiyalar aradan qalxmalıdır. Məsələn, hakimin şifahi olaraq bir qərar elan edib, başqa qərar yazması kimi bəzi hallar bizə məlumdur.
Yuxarıda qeyd etdiyimiz kimi, iclas protokolu, şəxsi sübutların daşıyıcısı kimi də çıxış edir. Bu mənada yazılı iclas protokolu ilkin sübut olan, məsələn şahid ifadəsini sanki törəmə sübuta çevirir. Şahidin ifadələri protokola 3-cü şəxsin – iclas katibinin qavradığı, bəzən də təhrif etdiyi məzmunda və həcmdə əks etdirilir. Məhkəmə iclasının audio-video yazısı ifadələrin bu vacib xüsusiyyətini – “ilkinliyini” qoruyub saxlamaq, təhrif riskini ümumiyyətlə aradan qaldırmaq iqtidarındadır.
Lakin onu da qeyd etmək gərəkdir ki, audio-video yazının tətbiqi fayda ilə yanaşı, suallar da yaratmış, hətta bəzi yeni problemlər də gətirmişdir. Biz vəkillər iclas zamanı tam işə qapanıb, mikrofona danışmağı unuduruq. Hətta bəzi iclas zalında mikrofon tribunada olur, hakim çıxış edənə yerindən danışa bilməyi deyib, onu yayındırır. Sonra da audio-video yazıda demək olar ki, heç nə eşidilmir. İzah verirlər ki, “akustika pisdir”…
Belə ki, hazırda yazılı protokol və onun tərkib hissəsi kimi audio-video yazı normal qaydada tətbiq edilərsə, bunlar bir-birini təkrarlamalı olur. Onda bir sıra suallar yaranır:
Və nəhayət, klassik sual: Nə etməli?
Mərkəzləşmiş audio-video yazı sistemi təşəkkül tapandan sonra yazılı məhkəmə protokolunun funksiyası necə olmalıdır? Stenoqramlaşdırma üsulu protokollaşdırma üsulundan daha səmərəli olduğundan, fikrimcə, audio-video yazı məhkəmə iclasının fiksə edilməsinin əsas üsulu olmalıdır. Kağız formatda protokol köməkçi sənəd statusuna keçməli, daha çox iclas zamanı hərəkətlərin edilməsi vəsatətlərin, etirazların verilməsi, sübutların təqdim edilməsinin və s. qısa (1-2 cümlə ilə) ümumi xarakteristikasından, bunlar üzrə məhkəmənin qərarını qısa xarakterizə etməkdən ibarət olmalıdır. İzahatların məzmununu protokollara yazmağa ehtiyac qalmır.
Qanunda dəyişiklik edilməli, məhkəmə iclas protokolu MPM-in “Sübutlar” adlanan 7-ci fəsilində xatırlanmalıdır. Bununla da məhkəmə iclas protokolu və audio-video yazı sübutların hüquqi rejimi ilə əhatə edilməlidir.
Protokol və onun audio-video yazısı elektron məhkəmə sisteminə onsuz da yüklənir. İşdə iştirak edən şəxslərin məhkəmə sistemindəki şəxsi elektron kabinetindən Protokola və onun ən azından audio yazısına çıxış verilməlidir.
Məhkəmə iclasında bütün çıxış və izahatları mikrofona edilməsinə xüsusi diqqət yetirilməlidir.
Məhkəmə iclas katibinin də funksiyasına audio-video yazı sisteminin mükəmməl işləməsinə nəzarət etmə, həmin audio-video yazının qanunda nəzərdə tutulan mərhələləri, hərəkətləri və s. izləyə bilmək üçün sürətli axtarış (keçid) üçün həmin yazı üzərində naviqasiyasını (məs., Youtubda olan kimi adı və başlama vaxtı qeyd edilməklə) tərtib etmə daxil edilməlidir
Audio-video yazısız və ya keyfiyyətsiz audio-video yazı ilə iclas keçirmə məhkəmələrin ciddi çatışmazlığı kimi qiymətləndirilməlidir.
Audio-video yazının texniki qüsurlar səbəbindən baş tutmaması və ya keyfiyyətsiz aparılmasından sığortalanmaq üçün vəkillərə hakimi xəbərdar etmə şərti ilə iclasın audioyazısını aparmasının, buna ciddi əsas olmadan maneə olunmaması təcrübəsi bərqərar olmalıdır.
Hər bir halda ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları kontekstində məhkəmə iclas protokolu ilə bağlı bəhs etdiyimiz məsələ ölkəmizin hüquq ictimaiyyətinin nümayəndələrinin (hakimlərin, vəkillərin, elm və təhsil müəssisəsi nümayəndələri və s.) geniş iştirakı ilə müzakirə edilməlidir.
Elşən Səfərov
Azərbaycan Respublikası Vəkillər kollegiyasının üzvü