- 14:47 | 25.10.2021
- Məhkəmə
Bərdə Rayon Məhkəməsində səhlənkarlıqda təqsirləndirilən Tahirə Allahverdiyevanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
E-huquq.az-ın xəbərinə görə, sonuncu keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, o, 3 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.
Qeyd edək ki, 2020-ci ilin may ayının 19-da Bərdə Doğum Evində Mustafayeva Rufanə Elçin qızının bətnində olan dölün ölü doğulması faktı ilə bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
İstintaqla Bərdə Doğum evinin həkim mama-ginekoloqu Allahverdiyeva Tahirə Ənvər qızının Səhiyyə Nazirliyinin “Qeysəriyyə kəsiyi əməliyyatı üzrə” Klinik protokoluna əsasən üzərinə düşən xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək hamilə qadın kimi qeydiyyata götürdüyü Bərdə rayonu, Qaradırnaq kənd sakini R.Mustafayevanın hamiləliyini təxirəsalınmaz qaydada operativ yolla yekunlaşdırmaması nəticəsində sonuncunun ölü uşaq dünyaya gətirməsi ilə ağır nəticələrə səbəb olan səhlənkarlıq etməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanan sübutlara əsasən T.Allahverdiyeva Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona ittiham elan edilmiş və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdi.