- 25 Aprel 21:18
Apellyasiya şikayətinə dair tələblər və onun geri qaytarılmasının əsasları dəyişdirilib.
I. Apellyasiya şikayətinin forma və məzmunu ilə bağlı aşağıdakı əlavə və dəyişikliklər edilmişdir:
1) MPM-ə Apellyasiya şikayətinin təsdiq edilmiş forması əlavə edilmişdir. 1 oktyabr 2021-ci il tarixindən bütün apellyasiya şikayətləri məcəlləyə əlavə edilmiş bu formaya uyğun şəkildə tərtib edilməlidir;
2) Apellyasiya şikayətində əvvəlki redaksiyadan fərqli olaraq əlavə olaraq şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) ilə yanaşı şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatların, yaşayış yeri və ya olduğu yerlə yanaşı (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvanın qeyd edilməsi tələb olunur;
3) Apellyasiya şikayətində məhkəmə aktının konkret olaraq hansı hissədə mübahisələndirildiyi qeyd edilməlidir;
4) Apellyasiya şikayətində şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar qeyd edilməlidir;
5) Apellyasiya şikayətinə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir.
II. Apellyasiya şikayətinin geri qaytarılması əsasları ilə bağlı MPM-ə aşağıdakı əlavə və dəyişikliklər edilmişdir:
1) Əvvəllər apellyasiya şikayəti vermək hüququ olmayan şəxsin (yəni iş üzrə tərəf olmayan şəxs tərəfindən verilən şikayət və s.) şikayəti faktiki olaraq geri qaytarılsa da, lakin bunun hüquqi əsası mövcud deyildi. MPM-ə edilən əlavələrdə bu əsas artıq nəzərdə tutulmuşdur;
2) Apellyasiya şikayətinin MPM-in 361-ci maddəsində nəzərdə tutulmuş forma və məzmunla bağlı tələblərinə riayət eşdilməməmsi şikayətin geri qaytarılması üçün əsasdır. Yəni, apellyasiya şikayətinin MPM-ə əlavə edilmiş formaya uyğun şəkildə tərtib olunmaması və məzmunu ilə bağlı əvvəlki və yeni tələblərə riayət edilməməsi 01 oktyabr 2021-ci il tarixindən apellyasiya şikayətinin geri qaytarılması üçün əsas olacaqdır;
3) Əvvəllər apellyasiya şikayətinin apellyatorun ərizəsi əsasında geri qaytarılması imkanı həmin şikayətin apellyasiya məhkəməsi tərəfindən icraata qəbul edilməsinə dair qəbul etdiyi qərardadın tərəflərə göndərilməsinədək mümkün hesab edilirdisə, yeni redaksiyaya əsasən bu imkan apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən apellyasiya məhkəməsinə göndərilməsinədək olan dövrlə məhdudlaşır.
4) “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə baxılmış işlərdən apellyasiya şikayətləri elektron formada verilmədikdə şikayət geri qaytarılacaqdır.
Dəyişikliklərin mətni:
1.109. 361-ci maddə üzrə:
1.109.1. 361.1-ci maddədə “Apellyasiya” sözü “Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya” sözləri ilə əvəz edilsin;
1.109.2. 361.1.2-ci maddə aşağıdakı redaksiyada verilsin: “361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti;”;
1.109.3. 361.1.3-cü maddədə “qətnamə” sözü “məhkəmə aktı” sözləri ilə, “qətnaməni” sözü “həmin aktı” sözləri ilə əvəz edilsin;
1.109.4. 361.1.4-cü maddədə “işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar” sözləri “məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi” sözləri ilə əvəz edilsin; 1.109.5. 361.1.5-ci maddə aşağıdakı redaksiyada verilsin: “361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar;”;
1.109.6. aşağıdakı məzmunda 361.1.6-cı və 361.1.7-ci maddələr əlavə edilsin: “361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı.”;
1.110. 363-cü maddə üzrə: 1.110.1. 363.1.1-ci maddəyə “imzalanmışdırsa” sözündən sonra “, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə” sözləri əlavə edilsin;
1.110.2. aşağıdakı məzmunda 363.1.1-1-ci maddə əlavə edilsin: “363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə;”;
1.110.3. 363.1.4-cü maddədə “şikayətinin icraata qəbul edilməsi haqqında qərardad işdə iştirak edən şəxslərə” sözləri “şikayət ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə” sözləri ilə əvəz edilsin;
1.110.4. 363.1.4-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 363.1.5-ci maddə əlavə edilsin:
“363.1.5. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə”.
Sənan Hacıyev
Ali Məhkəmənin Mülki Kollegiyasının sədri